9–16 avqust tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən 38-ci Beynəlxalq İnformatika Olimpiadasında – IOI 2026-da Azərbaycan məktəbliləri 3 bürünc medal qazanıblar.
Həsən Vəliyev – 157 nömrəli məktəbin 11-ci sinif şagirdi;
Əkbər Əhmədov – Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi;
Əhməd Qəmbərli – Bakı Türk Anadolu Liseyinin 11-ci sinif şagirdi.
IOI dünyanın məktəblilər üçün ən nüfuzlu və çətin olimpiadalarından biridir. Bu baxımdan, 3 medal ciddi nəticədir.
Bunu Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında bildirib.
“Son illərdə Azərbaycanın nəticələri belə olub:
2020 – 3 bürünc;
2021 – 2 bürünc;
2022 – 1 bürünc;
2023 – 1 bürünc;;
2024 – 1 bürünc;
2025 – 1 gümüş, 2 bürünc;
2026 – 3 bürünc.
2025-ci il tarixi nəticə olmuşdu – Azərbaycan 22 illik fasilədən sonra yenidən gümüş medal qazanmışdı. Bu il medal sayı yenə 3-dür, amma gümüş medalı təkrarlaya bilməmişik. Yəni son iki ildə medal sayında yüksək səviyyəni qoruyuruq.
Region ölkələrinin IOI 2026 nəticələri də maraqlıdır:
Qazaxıstan – 1 qızıl, 3 gümüş;
Türkiyə – 1 qızıl, 1 gümüş, 1 bürünc;
Qırğızıstan – 2 gümüş, 2 bürünc;
Özbəkistan – 1 gümüş, 3 bürünc;
Gürcüstan – 1 gümüş, 1 bürünc;
Azərbaycan – 3 bürünc;
Ermənistan – medal yoxdur.
IOI 2026-da daha bir maraqlı məqam var. İsrail, Rusiya, Belarus və Türkmənistandan olan iştirakçılar milli bayraqları altında iştirak edə bilməyiblər. İsrail, Rusiya və Belarusla bağlı bu, IOI səviyyəsində tətbiq olunan məhdudiyyətlərlə əlaqədardır və şagirdlər IOI bayrağı altında yarışırlar.
Maraqlıdır ki, İsraildən olan iştirakçılardan biri milli bayraq altında çıxış etməsə də, qızıl medal qazanıb.
Ümumilikdə, son iki ildəki nəticələrimiz olimpiadaya hazırlıq sistemində irəliləyiş olduğunu göstərir. 2022–2024-cü illərdə hər il cəmi 1 bürünc qazanırdıqsa, 2025 və 2026-cı illərdə hər dəfə 3 medal əldə etmişik.
Xatırladıram ki biz indiyədək həm bu olimpiadada , həm də Beynəlxlaq Riyaziyyat Olimpiadasında qızıl medal qazana bilməmişik”, – deyə o, qeyd edib.
JASMİN