Şəhid ailələrinə iftar süfrəsi verildi

Oxunma sayı: 68

“Vəhdət” Xeyriyyə Cəmiyyətinin təşkil etdiyi “İslam Mədəniyyəti” adlı iftar tədbiri çox maraqlı keçdi

Martın 15-də “Milord” şadlıq evində şəhid ailələri üçün “İslam Mədəniyyəti” adlı iftar süfrəsi təşkil edilmişdi. Tədbiri “Vəhdət” Xeyriyyə Cəmiyətinin rəhbəri Tamilla xanım Hüseynova, təşkilatçılardan Əfsanə xanım Quliyeva və digər xeyirxah insanlar təşkil etmişdilər. Bütün bu tədbiri təşkil edənlərin hər birinə dərin təşəkkürümü bildirirəm. Mənim də həm jurnalist, həm keçmiş döyüşçü, həm də döyüşçü atası kimi dəvət aldığım  bu gözəl tədbirdə Millət vəkilləri Ceyhun Məmmədov, Müşfiq Məmmədli, vaxtı ilə güləş üzrə dünya Çempionu olmuş Xəzər İsayev, Sahibkarlara dəstək Fondundan Fariz bəy, şəhid ailələri, qazilər, Qarabağ veteranları və digər tanımış insanlar iştirak edirdilər…

Tədbiri giriş sözü ilə “Vəhdət” Xeyriyyə Cəmiyətinin rəhbəri Tamilla xanım Hüseynova açaraq, dəvəti qəbul edib gələn bütün qonaqlara təşəkkürünü bildirdi. Şəhid ailələrinə isə xüsusi minnətdarılığını bildirən Tamillə xanım çıxış üçün sözü millət vəkili Ceyhun Məmmədova verdi. C.Məmmədov öz çıxışındaİslam mədəniyyətindən, İslan dininin tarixindən və müqəddəs kitabımız olan “Qurani-Kərim”dən çox gözəl nümunələr söylədi. İslam əxlaqının bütün insanlara örnəkl olduğunu bildirən millət vəkili,bu tədbirin mahiyyətindən də danışdı. Tədbiri təşkil edənlərə, şəhid ailələrinə belə mənəvi dayaq olanlara minnətdarlığını bildirdi.

Millət vəkili Müşfiq Məmmədli öz çıxışında şəhid ailələrinə daim diqqət göstərilməsinin vacibliyini vurğuladı. Ölkə başçısı kimi Prezident cənab İlham Əliyevin şəhid ailələrinə xüsusi həssaslıqla yanaşdığını və onlara daim diqqət, qayğı göstərdiyini bildirdi. Eyni zamanda Birinci-vitse prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə daim maddi və mənəvi dayaq olduğunu da diqqətə çatdırdı. M.Məmmədli qeyd etdi ki, şəhidlərin hər biri bizim başımızın tacıdır və onların bizə əmanət etdikləri ailələrinə diqqət və qayğı göstərmək bizim müqəddəf borcumuzdur.

Çıxış edən Sahibkarlığa Dəstək Fondunun rəsmisi Fariz bəy öz çıxışında sahibkarlıqla məşğul olan şəhid ailələrinə, qazilərə və veteranlara həmişə maddi və mənəvi dəstək olduqlarını bildirdi. O, qeyd etdi ki, sahibkarlığa başlamaq istəyən bu kateqoriyadan olan insanlara dəyərli məsləhətləri ilə lazımi istiqamətə yönləndirirlər. Fariz bəyin çıxışından aydın oldu ki, şəhid ailələrinə, qazilərə, veteranlara, təmsil etdiyi fond sahibkarlıqla məşğul olmaq üçün yön və dəstək verirlər.

“Təzadlar” qəzetinin kollektivi adından tədbir iştirakçılarını salamlayarq, keçmiş döyüşçü və döyüşçü atası kimi, mən də öz çıxışımda şəhidlərə daim borclu olduğumuzu və onların adlarını həmişə yüksəkdə tutmağın vacibliyini vurğulayaraq, bunları dedim: “Əziz analar, və bacılar, mən görürəm belə tədbirlərdə həmişə qara paltar geyinirsiniz. Şəhidlər bizim torpaqlarımızın azadlığı və qələbəmiz üçün canlarından keçiblər. Bu gün onların da ruhu şaddır ki, torpaqlarımız azaddır. Bu qələbəyə isə, ancaq sevinmək lazımdır. Bizə bu sevinci, bu qələbəni məhz şəhidlər qazandırıb. Ona görə də daha qara paltardan çıxmaq lazımdır. Qələbə günlərində, belə bayram tədbirləri zamanı siz qara geyinəndə, şəhidlərin ruhu narahat olur. İstərdim mənim bu təklifimi nəzərə alasınız və daha qara paltardan çıxasınız…”

Çıxışımın sonunda gözəl şairimiz Məmməd İsmayılın Qarabağ haqqında yazdığı “Tale” və unudulmaz şairimiz Söhrab Tahirin əsgərlərimizə ünvanlı “Çağırış” şeirlərini tədbir iştirakçılarının diqqətinə çatdırdım.

Çıxışlardan sonra Quran oxundu və orucun açılma vaxtı olduğu üçün hamı iftar süfrəsinə dəvət olundu.

Bədii hissədə isə, Əməkdar artist Fərqanə Qasımova öz gözəl ifaları ilə məclisə əlavə bir gözəllik qatdı. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərdikləri bu diqqət və qayğı üçün bir daha tədbirin bütün təşkilatçılarına ürəkdən təşəkkür edirəm. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin! Qazilərimizin tezliklə şəfa tapmasını arzu edirəm və veteranlarımıza sağlıqlı uzun ömür diləyirəm… Allah bütün tutulan orucları qəbul etsin!

Elçin MƏMMƏDLİ

Xəbəri paylaş

26 Aprel