Əsas məzmuna keç

Şəhid qardaşı şəhid ailələrinə müraciət etdi: “Heç kimin sizi öz maraqları naminə istifadə etməsinə imkan verməyin”

Şəhid mayor  Vüsal Vəliyevin qardaşı, AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, hüquqşünas Elyar İslamoğlu sosial media hesabında şəhid ailələrinə müraciət edib:

” Dəyərli şəhid ailələri!

Sizi təxribata uymamağa, hər hansı xarici dövlətin maraqlarına xidmət edən yad ideologiyaların təbliğinə alət olmamağa çağırıram.
Sizin oğullarınız Vətən uğrunda canlarından keçiblər. Onlar üçrəngli bayrağımızın daim yüksəklərdə dalğalanması, dövlətimizin daha da güclənməsi, ərazi bütövlüyümüzün və müstəqilliyimizin qorunması, suverenliyimizin əbədi olması naminə şəhid olublar. Onların müqəddəs qanı ilə yazılan tarixə, uğrunda can verdikləri dəyərlərə sahib çıxmaq hər birimizin borcudur.
Bu gün Azərbaycanda təxribat yaratmağa cəhd edənlərin kim olduğunu, hansı maraqlara xidmət etdiklərini unutmamalıyıq. 44 günlük Vətən müharibəsi zamanı igid oğullarımız Zəngilan istiqamətində düşmənin müqavimətini qıraraq irəliləyərkən Azərbaycan əsgərinin qarşısını kəsənlər, Ermənistanın silahlandırılmasına dəstək verənlər, işğal dövründə Azərbaycan torpaqlarında məscidlərimizin təhqir edilməsinə, müqəddəs məkanlarımızda donuz saxlanılmasına illərlə susanlar bugün ölkəmizdə sabitliyi pozmağa cəhd edir.
Unutmayaq ki, şəhidlərimizin qanı ilə qazanılan müstəqillik və suverenlik heç bir siyasi oyunun, heç bir xarici marağın qurbanına çevrilməməlidir.
Əziz şəhid ailələri,
Şəhidlərimizin xatirəsinə ən böyük ehtiram onların uğrunda can verdikləri Vətənə, dövlətə və milli dəyərlərimizə sahib çıxmaqdır.
Ayıq-sayıq olun, hadisələrə emosiyalarla deyil, sağlam düşüncə ilə yanaşın. Heç kimin sizi öz maraqları naminə istifadə etməsinə imkan verməyin.
Şəhidlərimizin əziz xatirəsi hər cür təxribatdan ucada, Vətənimizin birliyi və dövlətimizin gücü isə hər şeydən üstün olmalıdır”.
JASMİN

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…