Vətənin taleyinin həll olunduğu tarixi məqamlarda elə insanlar olur ki, onların həyat yolu şəxsi bioqrafiya çərçivəsini aşaraq bir xalqın mübarizə salnaməsinin parçasına çevrilir. Hərbi forma onlar üçün sadəcə geyim deyil, ömürlük məsuliyyət, şərəf və sədaqət andıdır. Belə insanlardan biri də ehtiyatda olan polkovnik-leytenant Nihat İntiqam oğlu Abdullayevdir.
Onun hərbi həyat yolu uşaqlıq illərindən başlayaraq illərlə davam edən xidmət, döyüş təcrübəsi, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsinin sınaqlarından keçib. Bu gün isə o, qazandığı təcrübəni gənc nəslə ötürərək Vətənə xidmət missiyasını başqa bir müstəvidə davam etdirir.
Nihat Abdullayev 1981-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə 279 saylı orta məktəbin birinci sinfinə daxil olub. Hərbçi olmaq arzusu onu 1995-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirib. 1998-ci ildə liseyi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsilini davam etdirib. 2002-ci ildə leytenant rütbəsi alaraq motoatıcı ixtisası üzrə ali hərbi təhsilini başa vurub.
Bununla kifayətlənməyən gənc zabit Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birillik Zabit İxtisas Kursunu da müvəffəqiyyətlə bitirib. Sonrakı xidmət illəri onu cəbhə bölgələrinə, düşmənlə təmas xəttində yerləşən müxtəlif hərbi hissələrə aparıb. Müxtəlif vəzifələrdə xidmət edən Nihat Abdullayev hərbçi kimi formalaşdığı illərdə həm peşəkarlıq, həm də döyüş təcrübəsi qazanıb.
Lakin onun hərbi bioqrafiyasında xüsusi yer tutan hadisələrdən biri 2016-cı ilin Aprel döyüşləri, digəri isə 2020-ci ilin 44 günlük Vətən müharibəsidir.
Nihat müəllim üçün hərbi peşə təsadüfi seçim olmayıb. Bu, uşaqlıqdan qəlbində yaşatdığı arzu, məsuliyyət hissi və Vətənə bağlılığın nəticəsi olub.
Hərbçi peşəsini seçməsinin səbəbini belə ifadə edir:
“Mənim üçün hərbçi olmaq sadəcə bir peşə seçimi deyil, daxili bir çağırış və xarakter formalaşması idi. Uşaqlıqdan çiyinlərində böyük bir məsuliyyət daşıyan, millətin təhlükəsizliyinin qarantı olan insanlara heyranlıqla baxırdım. Bu yol mənim üçün fədakarlıq, intizam və ən əsası, özündən daha böyük bir amala – Müqəddəs Vətənə xidmət etmək fəlsəfəsidir”.
Bu fikirlər onun hərbçiliyə münasibətini, seçdiyi yolun arxasında dayanan mənəvi dəyərləri aydın göstərir. Çünki zabit olmaq yalnız hərbi biliklərə yiyələnmək deyil, həm də çətin məqamlarda məsuliyyəti üzərinə götürmək, qərar vermək və Vətənin təhlükəsizliyi naminə hər an hazır olmaqdır.
2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun döyüş ruhunu, hazırlığını və torpaqlarımızın azadlığı uğrunda qətiyyətini nümayiş etdirən mühüm tarixi hadisələrdən biri oldu. Bu döyüşlər həm də gələcək Zəfərin mümkünlüyünə inanımızı gücləndirmişdir.
Aprel döyüşlərinin Nihat müəllimin həyatında hansı izləri qoyduğunu soruşduqda həmin günləri xüsusi duyğularla xatırlayır:
“Aprel döyüşləri mənim və onu yaşayan bütöv bir nəslin hərbi təfəkküründə qırılma nöqtəsi oldu. Həmin dörd gün bizə real döyüş mühitini, saniyələr içində qərar verməyin həyati əhəmiyyətini göstərdi. İlk dəfə həm qələbənin real dadını hiss etdik, həm də şəhid verdiyimiz qardaşlarımızın acısı ilə bərkidik”.
Onun sözlərinə görə, Aprel döyüşləri hərbçilərə daha böyük sınaqların qarşıda olduğunu göstərdi. Bu təcrübə peşəkarlığın, soyuqqanlılığın və strateji düşüncənin nə qədər vacib olduğunu bir daha sübut etdi.
Aprel döyüşlərindən 44 günlük Vətən müharibəsinə qədər Azərbaycan Ordusunda baş verən dəyişiklikləri də yaxından müşahidə edən zabit bu dövrü ordumuzun texnoloji və taktiki baxımdan yeni mərhələyə keçidi kimi xarakterizə edir. Müasir pilotsuz uçuş aparatlarının, artilleriya sistemlərinin tətbiqi, şəxsi heyətin hazırlığının yüksəldilməsi və mənəvi-psixoloji hazırlığın gücləndirilməsi ordunun döyüş imkanlarını əhəmiyyətli dərəcədə artırmışdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının çoxəsrlik tarixində yeni bir səhifə açdı. 33 ilə yaxın davam edən torpaq həsrəti, milyonlarla insanın qəlbində yaşayan azadlıq arzusu həmin günlərdə ümummilli iradəyə çevrildi.
Nihat Abdullayev üçün də bu müharibə həyatının ən məsuliyyətli və unudulmaz sınaqlarından biri idi.
Müharibə başlayanda keçirdiyi ilk hissləri xatırlayarkən deyir:
“İlk hissimiz qətiyyət və uzun illərdir gözlənilən o anın gəlib çatmasının gətirdiyi daxili bir rahatlıq idi. Heç bir qorxu və ya tərəddüd yox idi; beynimdən keçən yeganə düşüncə bu idi: Bu iş mütləq uğurlu nəticə ilə bitəcək, qürurla addımlayacağıq və bu yükü gələcək nəsillərə saxlamayacağıq”.
Nihat müəllim 44 günlük Vətən müharibəsi zamanı Ağdam, Suqovuşan, Tərtər və Goranboy istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Həmin günlər onun üçün həm hərbi peşəkarlığın, həm də insan iradəsinin ən ağır sınaqlarından olub.
Döyüş meydanında yaşanan hadisələrdən bəziləri zaman keçsə də, insan yaddaşından silinmir. Bəzən bir an, bir baxış, bir xəbər bütöv bir ömür boyu insanı müşayiət edir.
Nihat müəllimin yaddaşına həkk olunan ən ağır hadisələrdən biri də müharibənin ilk saatlarında baş verib. Komandiri olduğu taborla birlikdə cəbhənin yarılması istiqamətində hücuma keçən, ona çox əziz olan və silahdaşı polkovnik-leytenant Mehman Şirvanovun şəhid olması…
Bu xatirəni danışarkən onun sözlərində həm döyüş dostluğunun dərinliyi, həm də itkinin ağrısı duyulur:
“Onunla həm dərd ortağı idik, həm də birgə gələcəkdə reallaşdırılacaq çox arzularımız vardı…”
Müharibənin ən ağır tərəfi yalnız döyüş meydanındakı təhlükə deyil, həm də geridə qalan ömürlər, yarımçıq arzular və əbədi ayrılıqlardır.
Vətən müharibəsi başa çatıb, torpaqlarımız azad edilib. Lakin şəhidlərin yoxluğu, onların ailələrinin yaşadığı ağrı və döyüş yoldaşlarının yaddaşında qalan xatirələr heç vaxt unudulmur və unudulmayacaq.
Nihat Abdullayev üçün şəhid silahdaşlarının xatirəsi bu gün də həyatının ayrılmaz hissəsidir.
“Onlar mənim bu gün azad və dinc bir ölkədə yaşamağımın mənəvi borcudur. İtirdiyim hər bir dostum, silahdaşım, tanıdığım və ya tanımadığım hər bir Azərbaycan övladı sadəcə keçmişin xatirəsi deyil”.
Onun sözlərindən aydın olur ki, müharibədən qayıtmaq heç də bütün ağrıları arxada qoymaq demək deyil. Bəzən insan ən xoş anlarında belə itirdiyi dostlarını xatırlayır, onların bu günləri görə bilməməsinin kədərini yaşayır.
Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar liseyi”ndə hərbi rəhbər kimi çalışan Nihat müəllim şəhidlərin xatirəsinin gənc nəslə çatdırılmasını özünün mühüm vəzifələrindən biri hesab edir.
O, şagirdlərə yalnız hərbi bilikləri deyil, həm də şəhidlik zirvəsinin mənəvi mahiyyətini, Vətənə bağlılığı və dövlətə sədaqətli olmaqlarına çalışır.
44 günlük müharibənin sonu Azərbaycan xalqının 30 ildən çox ümidini itirmədən gözlədiyi zaman Zəfərlə nəticələndi. Qələbə xəbəri milyonlarla insan kimi, döyüş meydanında olan hərbçilərin də yaddaşına əbədi həkk olundu.
Nihat müəllim həmin anı xatırlayarkən duyğularını belə ifadə edir:
“Həmin an zaman dayandı desəm, şişirtmək olmaz. Daxili bir boşluq və ətrafımda olan bir neçə nəfərdə ardınca gələn nəhəng bir göz yaşı selini xatırlayıram. O göz yaşları həm sevinclə, həm də itirdiklərimizin həsrəti ilə yoğrulmuşdu”.
Bu, Zəfərin ən təsirli tərəflərindən biridir. Çünki həmin qələbənin sevincində şəhidlərin xatirəsi, qazilərin ağrısı, şəhid analarının göz yaşları və illərlə Vətən həsrəti çəkən insanların nisgili də var idi.
Nihat Abdullayev üçün Qələbə yalnız torpaqların azad edilməsi deyil, həm də milli qürurun bərpası, xalqın öz gücünə inamının möhkəmlənməsi və gələcək nəsillərin yaddaşında məğlubedilməzlik ruhunun formalaşmasıdır.
Polkovnik-leytenant Nihat Abdullayev döyüşlərdə göstərdiyi xidmətlərə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Suqovuşan uğrunda” və “Ağdam uğrunda” medalları ilə təltif olunub.
2021-ci ilin sonunda hərbi xidmətdən ehtiyata buraxılan Nihat Abdullayev bu gün də Vətənə xidmətini davam etdirir. Sadəcə, artıq onun döyüş meydanı sinif otaqları, əsas silahı isə bilik, təcrübə və tərbiyədir.
Hərbi rəhbər kimi gənclərlə işləyən Nihat müəllim hesab edir ki, müasir dövrdə vətənpərvərlik tərbiyəsi yalnız şüarlarla məhdudlaşmamalıdır. Gənclər Vətəni sevməklə yanaşı, onu qorumaq üçün bilikli, hazırlıqlı, intizamlı və məsuliyyətli olmalıdırlar.
O, öz döyüş təcrübəsini şagirdlərə çatdırarkən real döyüş epizodlarından, düzgün qərarların və buraxılmış səhvlərin təhlilindən istifadə edir.
“Gənclərə təkcə dərsliklərdəki taktikaları yox, döyüşün psixologiyasını öyrətməyə çalışıram. Onlara hərbi texnikanı idarə etməyi öyrətmək asandır, çətin və vacib olan – o texnikanın arxasındakı iradəni formalaşdırmaqdır”.
Onun fikrincə, əsl vətənpərvərlik yalnız Vətəni silahla qorumaqdan ibarət deyil. Vətəni elmi, mədəniyyəti, iqtisadiyyatı, mənəvi dəyərləri və zəhməti ilə ucaltmaq da bu müqəddəs anlayışın ayrılmaz hissəsidir.
Bu fikri ifadə edən bir cümləsi isə müsahibəmizin ən yaddaqalan mesajlarından birinə çevrilir:
“Biz torpağı qanımızla qoruduq ki, gələcək nəsillər onu əxlaqları, tər qoxulu zəhmətləri, elmləri və kəşfləri ilə yaşatsınlar”.
Bu, əslində, müharibədən sonrakı nəslə ünvanlanan mühüm çağırışdır. Qələbəni qorumaq, azad torpaqlarda qurub-yaratmaq, dövlətin gücünü bilik və zəhmətlə artırmaq hər bir vətəndaşın məsuliyyətidir.
Nihat müəllimin hərbi formanı geyinmək istəyən gənclərə tövsiyəsi isə birmənalıdır: daim öyrənmək, müasir texnologiyaları mənimsəmək, intizamlı olmaq, ən əsası isə heç vaxt daxillərindəki insanlığı və yoldaşlıq hissini itirməsinlər. Unutmasınlar ki, yaxşı hərbçi olmaq üçün ilk növbədə böyük ürəkli insan olmaq lazımdır”.
Nihat Abdullayevin həyat yoluna nəzər saldıqda bir həqiqət aydın görünür: İnsanın Vətən qarşısında xidməti yalnız müəyyən vəzifə və ya xidmət müddəti ilə ölçülmür. Hərbi xidmətdən ehtiyata buraxılsa da, o, qazandığı təcrübəni gənclərin yetişməsinə sərf etməklə öz missiyasını davam etdirir.
Bir vaxtlar cəbhə xəttində Vətənin müdafiəsində dayanan zabit bu gün məktəb auditoriyasında gələcəyin vətəndaşlarını yetişdirir. Onun üçün əsas məqsəd yalnız hərbi biliklərə yiyələnmiş gənclər deyil, həm də milli dəyərlərə bağlı, məsuliyyətli, savadlı və iradəli vətəndaşlar yetişdirməkdir.
Çünki Vətəni qorumaq bir ömürlük məsuliyyətdir. Bu məsuliyyət bəzən səngərdə, bəzən sinif otağında, bəzən də bir gəncin qəlbində Vətən sevgisini oyatmaqla yerinə yetirilir.
Nihat Abdullayevin həyat hekayəsi də məhz bu düşüncəni təsdiqləyir: Zəfər yalnız qazanılan qələbə deyil, həm də onu gələcək nəsillərə layiqincə ötürmək məsuliyyətidir.
Redaksiyamız adından biz də Nihat müəllimə cansağlığı, uzunömür və həyat yolunda müvəffəqiyyətlər arzulayırıq. Nə yaxşı ki, bu Vətən üçün, bu xalq üçün sizlər varsınız.
Afət İlkin!
Jurnalist


























