…Bakıda ictimai nəqliyyatda bank kartı ilə ödəniş edən sərnişinlərin hesabından səbəbsiz çıxarışlarla bağlı şikayətlər yayılıb.
İstifadəçilər bildirirlər ki, bəzi hallarda nəqliyyat vasitəsindən istifadə etmədikləri halda və ya gecə saatlarında kartlarından pul çıxır. Tezadlar.az xatırladır ki, sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, etdiyi ödənişlərdən ikiqat pul çıxır:
“Artıq Bakubus-da bank kartı ilə ödənişə son qoyuram. Sonuncu dəfə 1.20 manatlıq yol getmişdim, amma 2.40 manat çıxıldı. Ara-sıra başqa saatlarda da 60 qəpik çıxılır”. Digər istifadəçi isə kartından ardıcıl şəkildə çoxsaylı ödənişlər çıxıldığını bildirir. Onun sözlərinə görə, bir dəfə edilən ödənişə baxmayaraq, kartdan 29 dəfə gediş haqqı tutulub. Şikayətçi məsələ ilə bağlı müxtəlif qurumlara müraciət etsə də, konkret cavab ala bilmədiyini qeyd edir.
Daha bir nəfər də bildirir ki, avtobusda etdiyi ödənişdən sonra həmin gün axşam saatlarında və daha sonra evdə olduğu halda kartından əlavə məbləğ çıxılıb. O, iddia edir ki, problem bankla deyil, nəqliyyat sisteminin işi ilə bağlıdır.
Şikayətlər bununla da bitmir. Şikayətçilər deyir ki, metro və avtobusun işləmədiyi gecə saatlarında belə onların bank kartından ödəniş haqqı çıxılır və bu ödənişlər sonradan geri qaytarılmır.
Məsələ ilə bağlı “K Group” MMC (Bakıkart), “Bakı Metropoliteni” və “BakuBus” birgə açıqlama yayıb. Açıqlamada bildirilir ki, bu hal ictimai nəqliyyatda tətbiq olunan gecikdirilmiş avtorizasiya prinsipi ilə əlaqədardır.
Qurumların məlumatına görə, ödənişlər bəzi hallarda dərhal deyil, müəyyən vaxtdan sonra kartdan çıxılır. Bu səbəbdən istifadəçilərə elə görünə bilər ki, vəsait təkrar və ya gecikmiş şəkildə tutulur. Bildirilir ki, hazırda müşahidə olunan çıxarışlar əvvəlki günlərdə həyata keçirilmiş gedişlərə aiddir.
Lakin bu açıqlama da şikayətçilər üçün yetərli olmayıb. Onlar hələ də bir gediş üçün iki və ya daha çox ödəniş etdiklərini və bu ödənişlərin niyə geri qayıtmadıqlarına cavab ala bilməyiblər. Şikayətçilər deyir ki, qurumların qaynar xəttinə zəng edəndə onlar da bir-birilərinə yönləndirirlər. Nəticədə istifadəçilər bu dəfə də zənglərdə bir neçə manat itirdiklərini qeyd ediblər.
Belə şikayətlərin sayı hər gün artır, tədbir görülmür…