Araşdırmaçı jurnalist Cavanşir Həsənli daha bir oliqarxın Dubay əlaqələrini araşdırıb və maraqlı fakt təqdim edib. Tezadlar.az xatırladır ki, jurnalistin təqdim etdiyi sənədlərə dair şərhində deyilir: “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin oğlu İsfəndiyar Mehbalıyev də Dubaya köçüb. O, Dubayda, Palm Jumeirah adasının yaxınlığında inşa edilmiş DUBAI MARINA (Marsa Dubai kimi də məşhurdur) elit yaşayış kompleksində hər biri 80.49 qm yaşayış sahəsi olan iki mənziı alıb. Bunlar əmlak nömrələri (P-Number) 156986391 və 156989399 olan 1101 və 1401 nömrəli lüks mənzillərdir. Marina kompleksdə bu cür mənzillərin real dəyəri 1.3 mln – 2.1 mln AED (320,000 – 520,000 dollar) civarındadır.
Bu İsfəndiyar Mehbalıyevin Dubaydakı əmlakının hamısı deyil. Onun adı Madinat Jumeirah Living (MJL) yaşayış kompleksində mülkiyyətə sahib olan şəxslərin də siyahısındadır. Bu kompleksdə 2 otaqlı mənzillərin qiyməti 3 milyon ilə 4.5 milyon AED (təxm. 815,000 – 1.2 milyon dollar), 3 otaqlı mənzillərin qiymətləri 4.5 milyon AED-dən başlayaraq 7 milyon AED-ə (2 milyon dollara) qədər dəyişir. İsfəndiyar Mehbalıyev vaxtilə Qaradağ rayon polis şöbəsinin rəisi olmuş, 3 il əvvəl Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini vəzifəsinə təyin edilmişdi. O, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun kürəkəni idi, iddialara görə ötən il boşanıb. Əli Həsənovun qızı Safiyə Mehbalıyeva da hazırda Dubayda yaşayır qızıl-zinət və bahalı brend saatların, aksessuarların satışı ilə məşğuldur”.
Sitatın sonu!
Tezadlar.az dəfələrlə yazıb, indi də təkrar yada salmağa dəyər ki, niyə bəzi məmurlarımız Azərbaycanda əldə etdikləri( mənbəyini qoyuruq bir kənara) pul vəsaitlərini xarici ölkələrə daşımaqda maraqlı görünürlər? Bu vəsaitləri Azərbaycanda yatırım etmək olmazmı? Axı onların buna həm səlahiyyəti, həm də arxası- dayağı imkan verir…
A.Məmmədli