8 İyun 2026 / 08:51

Sevgi və mərhəmət ocağı – “Nur” Uşaq Evi

Cəmiyyətin gələcəyi olan uşaqlara sevgi, qayğı və doğru istiqamət vermək ən böyük məsuliyyət və savab işlərdəndir. Bu ali missiyanı böyük ürək, səbir və peşəkarlıqla yerinə yetirən insanlardan biri də Aynurə Xudiyevadır. Onun təsisçisi olduğu “Nur” Uşaq Evi bu gün təkcə bir müəssisə deyil, həm də istilik, sevgi və mərhəmət ocağı kimi tanınır.

“Nur” Uşaq Evində sağlam, təhlükəsiz və sevgi dolu bir mühit formalaşıb. Çünki A.Xudiyeva hər bir uşağa fərdi yanaşır, onların psixoloji vəziyyətini, təhsil səviyyəsini və sosial inkişafını daim diqqət mərkəzində saxlayır. Onun üçün hər bir uşaq bir ümiddir, bir gələcəkdir. Bu müəssisədə uşaqların təhsilinə xüsusi diqqət yetirilir, sosial və psixoloji dəstək proqramları həyata keçirilir, müxtəlif tədbirlər, bayram şənlikləri və maarifləndirici layihələr təşkil olunur. Eyni zamanda, uşaqların bacarıqlarının üzə çıxarılması üçün yaradıcı dərnəklər fəaliyyət göstərir. Aynurə xanım yalnız bu müəssisənin yaradıcısı deyil, həm də qayğıkeş bir tərbiyəçi, anlayışlı bir psixoloq və mərhəmətli bir insandır. O, kollektiv arasında sağlam və mehriban iş mühiti yaratmış, əməkdaşların uşaqlara sevgi ilə yanaşmasını əsas prinsip kimi müəyyən edib. Onun idarəçilik bacarığı, məsuliyyət hissi və təşəbbüskarlığı “Nur” Uşaq Evini nümunəvi müəssisələrdən birinə çevirib.

Nur us ev

Təbii ki, “Nur” Uşaq Evinin bu səviyyəyə gəlməsində və nailiyyətlərin əldə olunmasında icraçı direktor Kazım İsmayılovun böyük rolu var. Qeyd edək ki, 27 noyabr 2012-ci ildən UNİSEF-in üzvü olaraq uşaq hüquqlarının müdafiəsi sahəsində fasiləsiz fəaliyyət Kazım İsmayılov 2019-cu ildən “Nur” Uşaq Evinə rəhbərlik edir. K.İsmayılov eyni zamanda “Bir Təbəssüm” Ailə və Uşaqlara Sosial Qayğı İctimai Birliyinin təsisçisidir. O, hazırda iki layihə üzərində çalışır. Birinci layihəsi “Sığınacaqdan və uşaq evlərindən çıxan gənclərin həyata inteqrasiyası”, digəri isə “Uğurlu Ailə Akademiyası”dır. Layihələrin əsas məqsədi milli-mənəvi dəyərlərə söykənərək Azərbaycan cəmiyyətində ailə institutunu möhkəmləndirmək, ailə qurmağa hazırlaşan gənclərə və yeni ailə qurmuş cütlüklərə ailə dəyərlərini aşılamaqdır. Uşaqlardan 6 nəfəri –  Nuray İsmayılova, Fuad İsmayılov, Aynur Mayılova, Aytac Mayılov, Tural Orucəliyev və Nərmin Məmmədova kikboksinq federasiyasında idmanla məşğuldur. Yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Əməkdar məşqçi Hakim Hacıyevdir. Müəssisədəki məktəb yaşı çatan uşaqlar Bakı şəhəri 339 nömrəli tam orta ümumtəhsil məktəbdə təhsil alırlar. Hazırda iki nəfər ali məktəbə qəbul olmaq üçün hazırlaşır. Müəssisədə 35 nəfər uşaq var və onların bütün ehtiyacları təmin olunur. Uşaqların fəal olması və ölkəmizin rayon və kəndlərini tanımaları üçün regionlara, o cümlədən Qarabağa səfər ediblər. Xüsusulə, Şuşanın və Xankəndinin gözəllikləri ilə tanış olublar.

Nur u e

K.İsmayılov bizimlə söhbət zamanı müəssisədə çalışan Yaxşı Qarayeva, ingilis dili müəllimi Sərfinaz Seyfiyeva, dayələrdən Yasəmən Cəfərova və Fidan Orucəliyevanın üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiklərini bildirdi.

K.İsmayılov onu da qeyd etdi ki, müəssisədə xeyriyyə aksiyaları, sosial layihələr və ictimai maarifləndirmə tədbirləri keçirilir. Bu isə müəssisənin cəmiyyətlə daha sıx əlaqə qurmasına və uşaqların sosial mühitə adaptasiyasına böyük töhfə verir.

İstər Aynur Xudiyevanın, istərsə də Kazım İsmayılovun fəaliyyəti sadəcə bir vəzifə icrası deyil – bu, ürəkdən gələn bir missiyadır. Onlar hər gün uşaqların üzündə təbəssüm görmək üçün çalışır, onların xoşbəxt gələcəyi naminə yorulmadan fəaliyyət göstərirlər. Onların zəhməti nəticəsində bir çox uşaq özünə inam qazanır, cəmiyyətə faydalı vətəndaş kimi formalaşır.

Belə rəhbərlər cəmiyyətimizin mənəvi dayağı, gələcəyimizin təminatıdır.

CEYHUN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!