Somali Limanları və Dəniz Nəqliyyatı Naziri Əbdülqədir Məhəmməd Nur “Təzadlar”ın xüsusi müxbiri, tanınmış jurnalist Səriyyə Müslümqızına eksklüziv müsahibə verib. Nazir Azərbaycanla iqtisadi və diplomatik münasibətlərdən danışıb:
– Cənab nazir, Azərbaycanla münasibətlər hazırda hansı səviyyədədir?
– Azərbaycanla münasibətlərimiz getdikcə daha da inkişaf edir və bu bizi olduqca məmnun edir, bundan çox şadıq… Nümayəndə heyətləri arasında əvvəlcə görüşlərimiz oldu. Daha sonra ticarət nazirimiz Azərbaycana səfər etdi. Hazırda da münasibətlərimiz daha da yaxınlaşır. Nəhayət, bu yaxınlaşma ona gətirdi ki, ölkənizdə Somalinin səfirliyini açdıq…
-Səfirliyin açılması tərəfin təşəbbüsü ilə baş tutdu?
-Bu məsələ Somalinin təşəbbüsü ilə oldu, sonra hər iki tərəfdə səfirliklər açmaq üçün ilk addımı atdıq. Ardınca isə Azərbaycanlı qardaşlarımız Somaliyə səfər etdilər. Onlar bizə həm də müdafiə sektorunda kömək ediblər. Biz də Azərbaycanla neft sənayesi sahəsində razılığa gəldik. Somali mühəndislərimiz Azərbaycanda təlim keçdilər. Azərbaycan tərəfi onlara təqaüdlər də verib… Münasibətlərimiz digər sahələrdə də çox yaxşı inkişaf edir. Allah qoysa, onları daha da inkişaf etdirməyi hədəfləyirik. Biz Azərbaycanı çox sevirik. Onlar bizim qardaşlarımızdır. Azərbaycan xalqı və Azərbaycan hökuməti həmişə Somalidə yanımızda olub və olmaqdadır. Somalidə digər sahələr üzrə də layihələr həyata keçirməyi hədəfləyirik. Bildiyiniz kimi, Azərbaycanda Asan Xidmət var. Biz onu Azərbaycanın köməyi ilə Somalidə yaratmağa çalışırıq. Allah qoysa, daha da yaxşı olacaq. Qardaşlarımızla münasibətlərimizi daha da inkişaf etdirməyə davam edirik. Tezliklə dənizçilik sahəsində də əməkdaşlıq müqavilələrimiz olacaq, Azərbaycana səfər edəcəyik… Və biz buna çox ümid edirik. Hazırda bunun üzərində işləyirik. Dəniz nəqliyyatı və limanların inkişafı ilə bağlı bu məsələlər ölkəmizin münasibətləri və ticarət əlaqələri üçün həqiqətən də çox vacibdir. Allah qoysa, yaxşı olacaq…
– Azərbaycanın beynəlxalq arenadakı rolunu necə qiymətləndirərdiniz? Regionda və beynəlxalq səviyyədə?
– Əlbəttə ki, Azərbaycan inkişaf etmiş bir ölkədir. Bildiyiniz kimi, son vaxtlar dünyada bəzi problemlər yaranmağa başlayıb. Hörmüz boğazı və sair… Bu məsələlər diqtə edir ki, gələcəkdə dəniz nəqliyyatında alternativlər tapmalıdır. Azərbaycan bu sahələrdə həqiqətən kurs götürüb… Azərbaycanın coğrafi mövqeyi elədir ki, dəniz nəqliyyatı mütləq inkişaf etdirilməlidir. Azərbaycan Avropa, Afrika və Asiya ilə su nəqliyyatı əlaqələrində ortaq mövqedədir, bu isə iqtisadi- ticari əlaqələrdə vaciv məsələdir… Bu məsələlərlə bağlı Türkiyə və Azərbaycanla iki görüş keçirmişik. Biri Bakıda olub, biri də İstanbulda… Düşünürəm ki, Allah qoysa, daha da yaxşı olacaq…
-Azərbaycan Somali ilə birlikdə Türkiyənin hərbi təlimlərində də iştirak edib. Bu davam edəcəkmi?
-Mən müdafiə naziri olmadığım üçün bu suala cavab verə bilmərəm, deyim ki, hərbi təlimlər və bu sahədə digər əməkdaşlıq məsələləri Müdafiə Nazirliyinin nəzdində həyata keçirilir. Əlbəttə ki, Türkiyə ilə münasibətlərimiz yaxşı olduğundan, bəzən Azərbaycanla da birlikdə addımlar atırıq. Düşünürəm ki, bunu daha da irəli aparacağıq. Digər tərəfdən, ticarət münasibətləri baxımından hədəflədiyimiz ən böyük məqsədlərdən biri isə ticarət məsələlərini daha da inkişaf etdirməkdir. Daha əvvəl qeyd etdiyim kimi, gəmilərin Azərbaycandan Somaliyə getməsini, Azərbaycandan bəzi məhsulların Somaliyə aparılmasını və Somalidən isə bir sıra yerli məhsulların Azərbaycana gətirmiləsini hədəfləyirik. Ümid edirəm ki, tezliklə ticarət məsələlərini daha geniş müzakirə edəcəyik və bu sahədə yaxşı nəticələrə nail olacağıq…
-Dəniz sularında təhlükəsizliklə bağlı hansı irəliləyişlər var?
-Dənizlə ticarət sahəsində problem ondadır ki, neft və konteyner daşınması təhlükəsi yaşanır və bu təhlükə bütün dünyaya zərər verir. Ümid edirəm ki, gələcəkdə belə çətinliklərlə qarşılaşmayacağıq. Çünki biz də lazımi addımları atırıq. Amma təbii ki, dünyada alternativ təhlükəsizlik tədbirləri də olmalıdır. Əməkdaşlıq etdiyimiz ölkələrin birgə köməyi ilə bu məsələlər mütləq həllini tapacaq…
-Müsahibə üçün təşəkkür edirik.
Dinlədi: Səriyyə Müslümqızı