Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…DTX dünən Ramiz Mehdiyev haqqında lazım bildiyini etdi və lazım olan sübutlarını yaydı. Azərbaycanda «məmə» deyən mediadan «pəpə» yeyənə kimi, hamısı bundan yazdı, Ramiz Mehdiyevi tanıyan da, tanımayan da o ki var söydü… Hələ də söyürlər… Bəs deyirdiniz ki, yıxılana balta çalmazlar! Bəlkə bu o deməkdir ki, Ramiz Mehdiyev hələ də yıxılmayıb?! Bu da maraqlı qənaətdir…
***
Yox, deyəsən Ramiz Mehdiyev hələ yıxılmayıb… Hələ onu PA-nın rəhbəri vəzifəsindən çıxaranda vaxtilə vəzifə verdiyi nazirlər, deputatlar, jurnalistlər, bir sözlə, adam etdiklərinin hamısı üzünə durdular, baltalamaq üçün sıraya düzüldülər… Necə ki, vaxtilə Əli Həsənovun təqdimatı ilə KİVDF-dən yardımlar alıb «Əməkdar jurnalist» olmuşlar, eləcə də medal və ordenlər almışlar, «Şöhrət»lənmişlər… sıraya düzülmüşdülər. Düz də edirdilər!
Ramiz Mehdiyev o vaxt onları sərt acıladı… Bax o vaxtı yazmışdım ki, Ramiz müəllim, niyə inciyirsiniz, bunlar sizin «bostanın məhsullarıdır», inciməyə dəyməz!
***
Gəlirəm mətləbə: siyasi analitik Yeganə Hacıyeva ev dustaqlığında olan Ramiz Mehdiyev haqqında bir maraqlı status paylaşıb. Həmin statusda deyir: “…Müxalifətdəki şəbəkəsi (oxu: Ramiz Mehdiyevin.RED,) ilə hər şey aydınlaşdı, bəs hökümətdəki? Bəs Prezident Adminstrasiyasındakı, bəs güc-təhlükəsizlik qurumlardakı, nazirliklərdəki, komitədələrdəki, parlamentdəki , agentliklərdəki və s. şəbəkələri necə olacaq?”. Və həm də mətbuatdakı…
***
Bəli, zamanında Ramiz Mehdiyev həm də Əli Həsənovun vasitəsilə medianı əlil və zəlil günə salmışdı, «reket» çıxarmışdı… Bu bəs deyilmiş kimi, az-çox müstəqil olan, buna can atan tənqidçi medianın susdurulması, həbs etdirilməsi, ölkədən qaçırılması… təmin edilirdi. Hazırda xarici ölkələrdəki qəzəbli blogger və jurnalistlər həmin o əsassız və yersiz siyasətin məhsuludur!
Yenə də qayıdıram azacıq keçmişə: o vaxt yazmışdım ki, Ramiz müəllim, Əli müəllim, Xədicənin yataq otağına gizli kamera qoymaq(sonralar Mehman Hüseynovun), Qəniməti, Azəri… «kitay» qızları ilə bir yerdə «tutan» kameralara nə ehtiyac?! Axı onlar da o biriləri kimi əvvəlcə adamdır, sonra jurnalist! Onlar nə qədər vicdansız olsa belə, sizlərdən adam münasibəti görmüş olsaydılar, ən azı yazılarında qərəzli olmazdılar. Məsələn, yetənə payladığınız mənzildən, yardımdan, medaldan… onlara da versəydiniz, dünya dağılardı?! Bəlkə bu yol daha səmərəlidir! Bunu edin!
Həmin vaxt Qənimət Zahidov mənə cavab yazdı ki, bəy, belə çıxır ki, bizlər də o biri filankəslər kimi mövqeyimizi hökumətin yardımına, puluna, mənzil və medalına dəyişməliyik?!
Mən də ərkiyana yazdım ki, mən onu demirəm, yenə də həmin mövqeyinizdə qalın, amma mövqeyinizi yox, üzünüzü –yönümünüzü bir az bu biri tərəfə dəyişin və s.
***
…Bəli, bir neçə dəfə yazmışam, bu gün xaricdəki o söyüş bloggerləri və jurnalistlər vaxtilə Ramiz Mehdiyevin mətbəxində bişən və ya bişirilənlərdir! Niyə? Ona görə ki, Əli Həsənov, yaxud hansısa bir rəsmi qurum Ramiz Mehdiyevdən icazə almasaydı, o jurnalistlərlə həmin o «dildə» danışmazdı. Mən şəxsən iştirakçıyam, «Yeni Müsavat»ın, «Bakı Xəbər»in timsalında, şahidəm ki, bu iki qəzetin məhkəmə probleminin həllinə gələndə Ramiz Mehdiyevsiz heç kim bir addım atılmamışdı. Yəni, sonda onun razılığı alınmışdı və…
***
Gəlirəm Yeganə Hacıyevanın statusuna: bəli, DTX Ramiz Mehdiyevin müxalifətdəki şəbəkəsini aydınlaşdırdı… Bəs hökumətdəkiləri, Prezident Adminstrasiyasındakı, güc-təhlükəsizlik qurumlardakı, nazirliklərdəki, komitələrdəki, parlamentdəki, agentliklərdəki, mediadakı… şəbəkələri necə olacaq???
Asif MƏRZİLİ