I Səlim — Yavuz Sultan Səlim — Osmanlı tarixinin ən qüdrətli və eyni zamanda ən amansız hökmdarlarından biri idi. Cəmi 8 il — 1512–1520-ci illərdə hakimiyyətdə oldu. Amma bu səkkiz ildə Osmanlının tarixini dəyişdirdi.
Səlim taxta sakit yolla gəlmədi. Atası II Bəyazidlə hakimiyyət uğrunda qarşıdurmaya girdi, hətta atasının ordusu ilə döyüşüb məğlub oldu. Sonradan yeniçərilərin dəstəyi ilə üstünlük qazandı və II Bəyazid taxtdan çəkilərək hakimiyyəti ona verdi.
Bəyazid İstanbuldan ayrıldıqdan az sonra yolda öldü. Səlimin atasını zəhərlətdiyi əsrlərdir iddia olunur, amma bunu təsdiqləyən qəti tarixi dəlil yoxdur.
Səlim taxta çıxandan sonra mümkün rəqiblərini aradan götürdü.
Qardaşları Şahzadə Qorqud və Şahzadə Əhməd öldürüldü. Taxta gələcəkdə iddia edə biləcək qardaşı uşaqlarını da öldürtdü.
Bu qəddarlığın arxasında Osmanlı taxt sisteminin amansız məntiqi dayanırdı. Taxt yalnız böyük oğula məxsus deyildi. Şahzadələr potensial hökmdar sayılırdılar və hakimiyyət mübarizəsi çox vaxt vətəndaş müharibəsinə çevrilirdi.
Yəni qayda təxminən belə idi:
Sən onu öldürməsən, sabah o səni öldürə bilər.
Səlim bu sistemi yaratmamışdı. Amma ən sərt tətbiq edənlərdən biri oldu.
Onun tarixinin Azərbaycan üçün ən həssas səhifəsi isə qızılbaşlardır.
Şah İsmayılın Anadoludakı tərəfdarlarını Səlim Osmanlı üçün siyasi təhlükə hesab edirdi və onlara qarşı geniş repressiyalar başladı.
Bəzi tarixi mənbələrdə 40 min qızılbaşın öldürüldüyü bildirilir. Müasir tarixçilər bu rəqəmin dəqiqliyini mübahisələndirirlər; öldürülənlərlə yanaşı həbs və sürgün edilənlərin də bu rəqəmə daxil edilmiş ola biləcəyi göstərilir.
Sonra Səlim Şah İsmayılın özünün üzərinə getdi.
23 avqust 1514-cü ildə Çaldıran döyüşündə Osmanlı ordusu Səfəviləri məğlub etdi. Səlim Təbrizə daxil oldu, amma Səfəvi dövlətini məhv edə bilmədi.
Ardınca cənuba yürüdü. 1516–1517-ci illərdə Məmlükləri məğlub etdi, Suriya, Fələstin və Misiri Osmanlı hakimiyyətinə qatdı.
Bütün bunları cəmi səkkiz ildə etdi.
1520-ci ildə təxminən 50 yaşında öldü. Mənbələrdə kürəyində yaranmış və “şirpençə” adlandırılan ağır yaradan bəhs olunur; dəqiq ölüm səbəbi mübahisəlidir.
Taxta oğlu Qanuni Sultan Süleyman çıxdı.
Oğul 46 il — 1520–1566-cı illərdə hakimiyyətdə oldu və Osmanlı tarixinin ən qüdrətli hökmdarlarından birinə çevrildi.
Süleyman atasının Səfəvilərlə müharibəsini də davam etdirdi. Amma qarşısında artıq Şah İsmayıl deyil, onun oğlu I Şah Təhmasib vardı.
Süleyman Səfəvilərə qarşı üç böyük yürüş etdi. Təbrizə daxil oldu, Bağdadı aldı.
Amma Təhmasib atasının Çaldırandakı yolunu seçmədi. Osmanlının böyük ordusu və artilleriyası ilə açıq meydan döyüşünə girmədi; geri çəkilmə və yandırılmış torpaq taktikasına üstünlük verdi.
Nəticədə Süleyman Səfəvi dövlətini məğlub edə bilmədi.
1555-ci ildə Amasya sülhü bağlandı.
Beləcə, onilliklərlə bir-birini məhv etməyə çalışan iki böyük imperiya faktiki olaraq bir-birinin mövcudluğunu qəbul etdi.
Səkkiz ildə Osmanlının sərhədlərini və gücünü nəhəng ölçüdə artıran böyük hökmdar?
Yoxsa hakimiyyət naminə qardaşlarını və qardaşı uşaqlarını öldürən, qızılbaşlara qarşı ağır repressiyalar aparan amansız sultan?
Çünki tarixdə bəzən böyük hökmdarla qəddar insan eyni bədəndə yaşayır.
Elbəyi HƏSƏNLİ,
İsveçrə, Surix