1 Mart 2026 / 09:52

Sumqayıtın 30-cu məhəlləsindəki bu bina laxlayır- SAKİNLƏR KƏMALƏDDİN HEYDƏROVDAN KÖMƏK İSTƏDİ

Sumqayıt şəhərindəki 30-cu məhəllə, 2A/15 saylı binanın bir qrup sakinləri tərəfindən “Təzadlar”a daxil olan şikayət məktubunda bəhsedilənlər dəhşətlidir. Sakinlər Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərova​​, surəti redaksiyamıza ünvanlı müraciətlərində yazırlar: “Hörmətli cənab nazir!

Hörmətli redaksiya! Mütəmadi olaraq mətbuat və sosial şəbəkələrdə qanunsuz tikililərin sökülməsi proseslərini görürük. Bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin rolu əvəzolunmazdır. Biz qeyd olunan  binanın II blokunun, I  və II mərtəbələrinin 9 və 13-cü mənzillərində yaşayırıq. Şikayətimiz blokumuzun  II mərtəbəsinin 11-ci mənzilində yaşayan Aydın Əliyev tərəfindən binanın ön və arxa tərəfində qanunsuz eyvan artırmasındandır. Ön tərəfdən artırdığı eyvanın altında beton blok yerindən oynayır. Kiçik uşaqların və digər sakinlərin həyatı üçün çox təhlükəlidir. Hesab edirik ki, bina hər an uça bilər. 9-cu mənzildə sağlamlıq imkanları məhdud uşaq var. Bir şəxsin özbaşınalığı ilə 2 ailəyə qənim kəsilib. Bütöv bir ailəni günəş işığından məhrum edirlər. Sağlamlığımıza da ciddi zərbə vurulur. Arxa tərəfdə həmin şəxsin artırdığı eyvan isə 13-cü mənzilin eyvanının hüdüdlarını da keçib. Mənzilin pəncərəsinə qədər eyvanı yuxarı qaldırıb. Keçmiş sovet dövründə inşa edilən bu binanın zəlzələyə dayanıqlığı da şübhə altındadır. Əlavə eyvan artırmaq bu riski daha da artırır. Bu haqda A.Əliyevə irad bildirəndə deyir ki, “hər kəsin haqqın verib eyvan artırmışam, yaxşı edirəm, bacarırsınız siz də edin!” Sizdən artıq dərəcədə xahiş edirik qanunsuz artırılmış eyvanın sökülməsi üçün aidiyyatı qurumlara göstəriş verməklə bizdən öz köməyinizi əsirgəməyəsiniz. Öncədən Sizə minnətdarıq.

Hörmətlə,

Əhmədova Elmira İbrahim qızı (mənzil-9), Qocayeva Sara Rafid qızı və başqaları”.

Şikayət tərəfimizdən FHN- ə və Sumqayıt şəhər İcra Hakimiyyətinə elektron qaydada göndərildi. Eləcə də balkon tikən şəxslə də əlaqə saxlayıb mövqeyini öyrənməyə çalışırıq. Onun da mövqeyini yayımlamağa hazırıq.

Lakin sakinlərin göndərdiyi foto və videogörüntülər balkonun köhnə tikili olan binaya əlavə ciddi yük olduğunu göstərir.

Maraqlıdır, bəs bu cür balkon tikintisinə hansı rəsmi qurum və ya məmur imza atıb, razılıq verib?

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!