Suriyada Əsəd tərəfdarları təhlükəsizlik qüvvələrinə hücum edib – 70-dən çox insan həlak olub

Oxunma sayı: 54

Latakiya əyalətində təhlükəsizlik qüvvələri ilə devrilmiş prezident Bəşər Əsəd tərəfdarları arasında şiddətli toqquşma baş verib.

Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu döyüşlərdə 70 nəfərin öldüyünü bildirib. Bunlar Əsədin 2024-cü ilin dekabrında devrilməsindən bəri ən şiddətli toqquşmalardır.

Tezadlar.az  xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, ölənlər arasında təhlükəsizlik işçiləri, Əsəd döyüşçüləri və mülki şəxslər var.

“Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və devrilmiş rejim ordusunun silahlıları arasında baş verən qanlı toqquşmalar zamanı 70-dən çox insan həlak olub, onlarla insan yaralanıb və əsir götürülüb”, – Suriya İnsan Haqları Müşahidə Qrupu xəbər verir.

“Step” xəbər agentliyinin yaydığı digər məlumata görə, hökumət qoşunları “təxminən 70 keçmiş rejim döyüşçüsü”nü öldürüb, 25-dən çoxu isə əsir götürülüb.

Suriyanın “Sana” xəbər agentliyi Əsəd tərəfdarlarının Aralıq dənizi sahilindəki Cəblə şəhəri yaxınlığındakı keçid məntəqələrindən birinə hücum etdiyini bildirib. Orada Rusiyanın “Xmeymim” aviabazası yerləşir.

Tartus, Homs və Hələbdə qarşıdurmaların olduğu bildirilir.

“Minlərlə insan silahlarını yerə qoyaraq ailələrinin yanına qayıtmaq qərarına gəlib, digərləri isə qatilləri və cinayətkarları qoruyaraq ölməyə davam edir. Seçim aydındır: ya silahı yerə qoyun, ya da qaçılmaz taleyinizlə qarşılaşın”, – Suriyanın keçid hökumətinin Müdafiə Nazirliyinin nümayəndəsi Həsən Qani bildirib.

ELBAR

 

Xəbəri paylaş

22 Aprel