Suriya lideri Əhməd əş-Şaraa Rusiya prezidenti Vladimir Putindən Suriyanın keçmiş rəhbəri Bəşər Əsədin ekstradisiyasını tələb edib. Qeyd olunur ki, Dəməşq ölkənin keçmiş prezidentini vətəninə qayıdandan sonra mühakimə etmək niyyətindədir.
Tezadlar.az xəbər verir ki, digər təfərrüatlar verilmir. Kremlin Suriyanın yeni hakimiyyət orqanlarına nə cavab verdiyi məlum deyil.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinin Əhməd əş-Şaraaya mesaj göndərdiyini qeyd etmişdi. Onun sözlərinə görə, dövlət başçısı ölkədə vəziyyəti tez bir zamanda sabitləşdirmək səylərini dəstəkləyib və Moskvanın Dəməşqlə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.
Martın əvvəlində Suriya Müdafiə Nazirliyinin sözçüsü Həsən Əbdül-Qani hökumət qüvvələrinin ölkənin qərbində hücumlar təşkil edən keçmiş prezidentin silahlı tərəfdarlarını zərərsizləşdirdiyini bildirib. Ələvilərlə toqquşmaların baş verdiyi ölkənin sahilyanı əyalətlərində vəziyyət sabitdir, – deyə o əlavə edib.
Xatırladaq ki, keçən dekabrda hökumət əleyhinə qüvvələr Dəməşqi sürətlə ələ keçirdilər və bu, Əsədin prezidentlikdən getməsinə səbəb oldu. Dekabrın 8-i səhər o, Suriya paytaxtından havaya qalxıb. Axşam məlum olub ki, Əsəd və ailəsi Moskvaya gəlib və burada humanitar əsaslarla sığınacaq alıblar.
ELBAR