Azərbaycan Mətbuat Şurasına!
Azərbaycan Jurnalistlər Birliyinə müraciətim!
Cənablar, mətbuat orqanlarında, telekanallarda, sosial şəbəkələrdə özlərini jurnalist adlandıran natamam, orta ixtisas, hətta başqa ixtisas, peşə sahəsində təhsil almış şəxslərin, jurnalistika kimi həssas peşənin mahiyyətindən xəbərsizlərin cəmiyyətdə milli adət- ənənələrimizə, mədəniyyətimizə, təhsilimizə, tariximizə öz təfəkkür və dünya görüşləri prizmasından yanaşmaqla yanlışlıqlara yol vermələri artıq aydın görünməkdədir.
Jurnalistika çoxjanrlı yaradıcılıq sahəsidir. Ona görə də cəmiyyətdə baş verən fakt və hadisələrə münasibət bildirmək, təhlil aparmaq istəyən jurnalist ona uyğun janrı müəyyən etməli, bu sahədə dövlət siyasətini, həmin janrın tələblərini bilməlidir. Obyektivlik, operativlik, tərəfsizlik jurnalistin fəaliyyətinin əsas şərti olmalıdır. Bu tələb və prinsiplərin aşılanması məqsədilə bir vaxtlar (ADU-nun), hazırkı BDU-nun jurnalistika fakültəsində əvvəllər beş il, sonrakı illərdə isə bakalavr və magistratura təhsili üzrə mükəmməl tədris proqramı əsasında jurnalist kadrları hazırlanır. Mühazirələrə respublikanın təcrübəli, aparıcı mətbuat orqanlarının, peşəkar televiziya aparıcıları və mütəxəssislərinin cəlb edilməsi ilə tanınmış professor – müəllim heyəti məşğul olurdu.
Həmin fakültənin məzunları savadına, jurnalistika sahəsində aldığı mükəmməl təhsilinə görə cəmiyyətin zuyalısı kimi yetişirdi. Ləyaqət, qürur jurnalistin şəxsi keyfiyyətinin əsas göstəricisidir. Bəs bu gün vəziyyət necədir ?
Öz ixtisası üzrə bacarıqsızlığından, ya da iş tapa bilməməsi səbəbindən aqronom, mühəndis, elektrik, digər peşə sahibləri bu sahədə yaranmış boşluqdan, nəzarətin olmamasından yararlanaraq aparıcı gücə çevrilmiş, bu səbəbdən peşəkar jurnalistlər kənarda müşahidəçi rolunda qalıblar.
Təmtəraqlı başlıqlar altında mənasız, cəmiyyət üçün əhəmiyyət kəsb etməyən cızma-qara, qarayaxma, şərləmə yazılardan çox vaxt iki sosiska, bir turşu xiyar, yüz qram araq qoxusu hiss olunur…
Artıq məqam yetişib, başqa sahələrdə olduğu kimi jurnalistika sahəsində də ciddi tədbirlərin görülməsinə ehtiyac var. Sertifikasiya komissiyası yaradılmaqla ildə bir dəfə bu sahədə çalışmaq istəyən və çalışanlar imtahandan keçirilməlidirlər!— Ibrahim Mehdi ilə.
XXX
Bəli, jurnalistikamızda nə qədər cəhd edilsə də, problemlər azalmır… Deyildiyi kimi, araşdırma və tənqidi jurnalistika yoxa çıxıb, Mənasız və mahiyyətsiz xəbər jurnalistikası hər şeyi üstələyib. Jurnalistikada müstəqillik və sərbəstlik mənasızlaşıb. Əsaslı tədbirlər görülməsi nəinki vacibdir, olduqca vacibdir!
Səbuhi