7 Noyabr 2025 / 19:54

Tbilisidə Azərbaycanlı gəncləri təhqir edərək döydürən Manana Giorgobian məhkəmə qarşısında

Tbilisidə supermarketdə qrup halında zorakılığın təşkil olunması faktı üzrə təqsirləndirilən Manana Giorqobiani məhkəmədə həbsdən qorxmadığını bildirib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, o həm vəkili Levan Marsagişvili, həm də prokuror Giorgi Dolakidze ilə əməkdaşlığa razılıq göstərib. Məhkəmə iclasında Giorgobiani özünü sakit aparmayıb və bildirib ki, tək qalmasından narazıdır: “Oğlanlar haradadır? Niyə təkəm? Qonaqlarımı içəri buraxsınlar,” – deyə o, məhkəmədə söyləyib. Hakim Arsen Kalatozişvili onun kimləri “qonaq” adlandırdığını soruşduqda, Giorgobiani cavab verib ki, söhbət qohumlarından gedir. Hakim əlavə edib ki, iclasa giriş hər kəs üçün açıqdır. İttihamın mahiyyəti izah edilərkən Giorgobiani qeyd edib ki, həbsdən qorxmur: “10 il yataqda yatmışam, uşağım öləndən sonra ayağa qalxmamışam, indi həbsdən qorxacam?

O, vəkili Levan Marsagişvili və prokuror Giorgi Dolakidze ilə razı olduğunu deyib və zarafatla əlavə edib: “Belə yaraşıqlı prokurora necə yox deyim?” Giorgobiani məhkəmədə özünü “biznesmen, Bidzinadan da varlı” adlandırıb və bildirib ki, saxlanılarkən polis ona “yaxşı davranıb.” Eyni iş üzrə bu gün daha beş nəfərin, o cümlədən müğənni Mamuka Çarkvianın oğlu Jako Çarkvianın da məhkəməsi keçiriləcək. Manana Giorgobiani Cinayət Məcəlləsinin 225-ci maddəsi – zorakılıqla müşayiət olunan qrup hərəkətlərinin təşkilinə görə ittiham olunur. Bu maddə ilə 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!