«Təzadlar» fəaliyyətində davamlıdır!

İstəkli oxucular! 33 ildir bizimlə yol gəlirsiniz, bizə mənəvi dayaqsınız. Tanrı sizlərə dayaq olsun!

Məlum olduğu kimi, MEDİA Agentliyi bir sıra qəzetlərə maliyyə yardımını 80 faiz kəsdiyi səbəbindən(gündəlik çıxan qəzetlərə yalnız 1 nömrə üçün yardım veriləcək), artıq bütün qəzetlər həftəlik nəşrə keçib.

33 ildir Dövlət büdcəsindən maliyyə almadan vaxtilə gündəlik, sonra günaşırı və hazırda həftəlik nəşr olunan «Təzadlar» qəzetinin kollektivi yenə də öz gücünə və sizlərin mənəvi dəstəyinə arxalanaraq qəzeti yaşatmaq yolundadır.

Bir daha qeyd edirik ki, qəzet həmişə olduğu kimi, «Əkinçi» ənənələrinə sadiq qalaraq şikayətlərinizə və tənqidi, araşdırma yazılarına üstünlük verəcək. Kimdənsə maliyyə asılılığımız yoxdursa, niyə də bu yolda axsamalı, tərəddüddə olmalıyıq?! Əsas odur ki, Siz oxucular bizdən ayrılmamısınız. Qəzetin hansısa nömrəsi ləngiyəndə naranat olub redaksiyaya zəng edirsiniz, bizə mənəvi dəstək olursunuz.

Kaş, aləmi başına götürmüş reklam bazarı bizim, yəni çap mediasının da üzünə gülə və yenidən gündəlik nəşrimizi bərpa edə bilək. Çünki bu gün yazılan qəzet yüz illərin pozulmaz və yozulmaz gələcək arxividir.

Elektron mediamızda tənqidi və araşdırma yazılarını, şikayət məktublarına reaksiyaları görməyən oxucular daha «filankəs sabah ərə gedəcək», «bəhmənkəs beşinci dəfə evlənir», «tanınmış müğənni indicə boşandı» və s. bu kimi xəbərlərdən niyə də xoşhal olmalıdır ki!

«Təzadlar»ı hər həftənin 2-si günü köşklərdən alın və PDF formatda elektron versiyasını isə tezadlar.az portalında oxuyun, saytın «X», Linkedin, FB və TikTok səhifələrini isə zləməyi unutmayın!

REDAKSİYA  

Xəbəri paylaş