Mediada və sosial şəbəkələrdə Tiktoker İlduzə Hacıyevanın (Arzum) yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi həlledici mərhələdədir. Tezadlar.az xatırladır ki, artıq Xəzər Rayon Məhkəməsində baxılan cinayət işi üzrə tərəflərin yekun mövqeləri də bəllidir. Lakin prokuror tiktoker-ə daha ağır cəza istəyib. Belə ki, prokurorluq təqsirləndirilən tiktoker-in Azərbaycan Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinməsini tələb edir. Tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyev bu cinayət işinin məhkəmə baxışına və istintaqın gəldiyi nəticəyə fərqli yanaşır. Sitat: “…İttiham tərəfi Arzumun yol hərəkəti qaydalarını pozması və daha sonra qəza yerini tərk etməsini əsas götürərək ona 5 il 9 ay azadlıqdan məhrumetmə cəzası istəyib. Prokurorun mövqeyinə görə, hadisənin nəticələri — bir nəfərin ölümü, digərinin isə ağır xəsarət alması — məsuliyyətin ağırlaşdırıcı hal kimi qiymətləndirilməsini zəruri edir. Lakin müdafiə tərəfi ittihamla razılaşmır və iş üzrə ziddiyyətlərin olduğunu bildirir. Vəkillər hesab edir ki, istintaq materiallarında bir sıra boşluqlar və ziddiyyətlər mövcuddur. Onların əsas arqumentləri: “Toqquşma” faktı dəqiq və birmənalı şəkildə sübuta yetirilməyib, hadisə yerinə baxış protokolu düzgün və tam tərtib olunmayıb, ərazidə olan şahidlərin dindirilməməsi istintaqın obyektivliyinə şübhə yaradır, digər avtomobilin sürəti dəqiq müəyyən edilməyib, ekspertiza rəyi texniki baxımdan mübahisəlidir və sair”.
Ə.Əliyev daha sinra şərh edir: ” İş üzrə ən ciddi mübahisə doğuran hissə Cinayət Məcəlləsinin 264-cü maddəsi — hadisə yerini tərk etmə ittihamıdır. Müdafiə tərəfi bildirir ki, Arzum qəza zamanı panik-atak keçirərək huşsuz vəziyyətə düşüb. Onların iddiasına görə, o, təsadüfən ərazidə olan bir şəxs tərəfindən xəstəxanaya aparılıb və təxminən bir saat sonra özünə gəlib. Daha sonra isə əvvəlcədən planlaşdırılmış səfərlə Almaniyaya yola düşüb. Zərərçəkmiş tərəf isə bu versiyanı qəti şəkildə rədd edir və Arzumun iki yaralı şəxsi hadisə yerində qoyaraq məsuliyyətdən yayınmağa çalışdığını bildirir. Fikrimcə, hadisədə əsas yol hərəkəti qaydası pozuntusu sola dönmə manevri ilə bağlı baş verib. Sola dönən sürücünün dönmə işarəsi verməsi yetərli deyil, sürücü mütləq arxadan gələn nəqliyyat vasitəsinin sürətini və məsafəsini qiymətləndirməlidir. Çünki sola dönmə işığının yandırılması arxadan gələn sürücünü avtomatik dayandırmır. Belə vəziyyətdə qanun məsuliyyəti sola manevr edən sürücünün üzərinə qoyur. Eyni zamanda mərhum sürücünün yüksək sürətlə hərəkət etməsi də qəzanın ağır nəticələrinə səbəb olub.
Pul tələbi ilə bağlı videoya gəldikdə isə, zərərçəkmiş tərəfin hər hansı kompensasiya tələbi irəli sürməsi hüquqi baxımdan təqsir məsələsini avtomatik müəyyən etmir və bu, yalnız mülki-hüquqi qiymətləndirmə çərçivəsində nəzərə alınır. Zənnimcə, prokurorun tələb etdiyi cəza real deyil, ağırdır…”.
Sitatın sonu!