23 Yanvar 2026 / 09:05

Tramp Davos səfərini yekunlaşdırdı

ABŞ prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumuna (WEF) səfərindən çox məmnun olduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bir gün əvvəl Amerika lideri NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Qrenlandiya ilə bağlı mümkün razılaşmaların konturlarının hazırlandığını açıqlayıb.

“Mən Vaşinqtona qayıdıram. Davosda inanılmaz vaxt keçirdim. Qrenlandiya üçün çərçivə üzərində iş gedir və bu, ABŞ üçün fantastik olacaq. Çoxlu yaxşı şeylər baş verir!” – deyə Tramp qeyd edib.

ABŞ prezidenti həmçinin Qəzza ilə bağlı sözdə “Sülh Şurası”na da toxunub. Onun sözlərinə görə, bu, “dünyanın əvvəllər heç görmədiyi” bir şey olacaq.

Əvvəllər Ruttenin təklif etdiyi razılaşma layihəsində Danimarkanın Qrenlandiya üzərində suverenliyinin qorunması və adanın müdafiəsi ilə bağlı 1951-ci il müqaviləsinin şərtlərinin yenilənməsi nəzərdə tutulduğu bildirilirdi.

Ekspertlərin fikrincə, müqavilə hər iki tərəf tərəfindən imzalanarsa, razılaşma ABŞ-a adada hərbi bazalar və “müdafiə zonaları” yaratmağa imkan verəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!