19 Noyabr 2025 / 22:01

Tramp hesab edir ki, Rusiya Ukrayna ilə sülh bağlamaq istəyini nümayiş etdirib – CNN

Rusiya mənbələri jurnalistlərə bildiriblər ki, Moskva həqiqətən də Vaşinqtonla danışıqlar aparır

Tramp administrasiyası gizli şəkildə Rusiya ilə Ukrayna üçün yeni bir sülh planı hazırlayır.

Tezadlar.az bildirir ki, CNN danışıqlarla tanış olan mənbəyə istinadən xəbər verir ki, Vaşinqton Kremlin müharibəyə son qoymağa hazır olduğunu nümayiş etdirdiyinə inanır.

Nəşrin mənbəyinə görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff Kreml nümayəndələri ilə danışıqlara rəhbərlik edir. O qeyd edib ki, Ukrayna üçün mümkün sülh planı ilə bağlı müzakirələr sürətlənib, çünki ABŞ administrasiyası Rusiyanın bir daha sülh müqaviləsi bağlamağa hazır olduğunu nümayiş etdirdiyinə inanır.

Nəşr əlavə edib ki, Rusiya mənbələri də Moskvanın Ukraynadakı müharibəyə son qoymaq üçün Vaşinqtonla danışıqlar apardığını təsdiqləyib. Mənbələrdən biri jurnalistlərə Rusiyanın xüsusi elçisi Kirill Dmitriyevin ABŞ-a səfərinin “çox məhsuldar” olduğunu bildirib.

Kreml ABŞ nümayəndələri ilə Ukrayna ilə bağlı danışıqlar apardığını açıq şəkildə təkzib edib. Tramp administrasiyası da hələlik bu məlumatı təsdiqləməyib.

Ukrayna üçün Rusiya-ABŞ “sülh planı”nın təfərrüatları

Qərb mediası əvvəllər Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiya-Amerika planının Ukrayna tərəfindən bir sıra güzəştlər tələb etdiyini bildirmişdi. Xüsusilə, orada Ukrayna ordusunun azaldılması ilə bağlı bənd var və Kiyevin Donbasdan imtina etməsindən bəhs olunur.

“Reuters” agentliyi iki adı açıqlanmayan mənbəyə istinadən bildirib ki, ABŞ Ukraynanın bu təklifləri qəbul etməsini istəyir. Bu məlumatı “Financial Times”in jurnalisti Kristofer Miller də təsdiqləyir.

Bundan əlavə, Millerin sözlərinə görə, ABŞ və Rusiyanın təklifi Ukraynanın müəyyən silah növlərindən imtina etməsini də əhatə edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!