6 Avqust 2026 / 11:12

Tramp ölkəyə qanunsuz immiqrantların girişinin qarşısını aldıqlarını iddia etdi

ABŞ Prezidenti Donald Tramp Las Veqasda keçirilən tədbirdə tez-tez tənqid olunan immiqrasiya siyasətini müdafiə edərək, ölkəyə qanunsuz immiqrantların axınının qarşısını aldığını və cinayət törədən sənədsiz immiqrantları deportasiya etməyə davam edəcəklərini iddia edib.

Tezadlar.az xəbər verir ki, vəzifəyə başladıqdan qısa müddət sonra qanunsuz immiqrantların axınının qarşısını aldığını bildirən Tramp deyib: “30 gün ərzində milyonlarla insanın ölkəmizə hücumunun qarşısını aldım. Təsəvvür edin, ölkəmiz işğal olunurdu. Cənub sərhədimizdən ölkəmizə 25 milyon insan gəlirdi”.

Tramp iddia edib ki, son 15 ayda ölkəyə bir dənə də olsun qanunsuz immiqrant daxil olmayıb.

“İmmiqrant cinayətlərinin bəlası”nı aradan qaldırmaq üçün çalışdıqlarını deyən Tramp deyib: “Ötən həftə İspaniyada baş verənləri gördünüz, 60 mindən çox immiqrant sərhədi suya basdı, bir şəhəri işğal etdi, günahsız vətəndaşlara hücum etdi və küçələri talan etdi. Kommunistlərin Amerika üçün istədiyi budur”.

Tramp ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən həyata keçirilən həbsləri və deportasiyaları müdafiə edərək, “Biz həmişə hüquq-mühafizə orqanlarının yanında olacağıq” deyib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!