İranda hökumətin sərt tədbirlərlə bağlı təhdidlərinə və son 24 saat ərzində təhlükəsizlik qüvvələrinin atəş açaraq nümayişçiləri öldürdüyünə baxmayaraq, ardıcıl 13-cü gündür ki, İran şəhərlərinin küçələrinə axışırlar. Etirazlar zamanı 50-dən çox insan həlak olub.
Tezadlar.az Reuters-ə istinadla bildirir ki, Norveçin insan haqları təşkilatı olan İran İnsan Haqları dünənki hesabatında bildirib ki, İranda rejimə qarşı qəzəb və artan yaşayış xərcləri ilə bağlı 13 günlük etirazlarda 50-dən çox etirazçı öldürülüb. Sitat:
“İranda ümumxalq etirazlarının yeni mərhələsinin ilk 13 günündə 18 yaşdan kiçik doqquz uşaq da daxil olmaqla ən azı 51 etirazçı öldürülüb və yüzlərlə insan yaralanıb”, – deyə İran İnsan Haqları təşkilatı bildirib.
Bu arada, İran insan haqları təşkilatı HRANA cümə günü 14 təhlükəsizlik qüvvəsi və 48 etirazçı da daxil olmaqla ən azı 62 ölüm hadisəsinin qeydə alındığını bildirib.
Ötən yay İranı bombalayan və ötən həftə Tehrana ABŞ-ın etirazçıları dəstəkləyə biləcəyi barədə xəbərdarlıq edən ABŞ prezidenti Donald Tramp cümə günü daha bir xəbərdarlıq edərək dedi: “Siz atəş açmağa başlamasanız yaxşı olar, çünki biz də atəş açmağa başlayacağıq”. Tramp deyib: “Ümid edirəm ki, İrandakı etirazçılar təhlükəsiz olacaqlar, çünki hazırda bura çox təhlükəli bir yerdir”.
Televiziyada yayımlanan çıxışında İranın Ali Lideri Ayətullah Əli Xamenei isə geri çəkilməyəcəyinə söz verib, nümayişçiləri xaricdəki müxalifət qruplarının ABŞ adından hərəkət etməkdə günahlandırıb, prokuror isə etirazçıları ölüm cəzası ilə hədələyib.
İranın İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi internetin bağlanması qərarının “ölkədəki mövcud vəziyyəti nəzərə alaraq səlahiyyətli təhlükəsizlik orqanları” tərəfindən verildiyini bildirib. Dövlət televiziyası tərəfindən yayımlanan videolarda avtobusların, avtomobillərin və motosikletlərin yanması, eləcə də yeraltı metro stansiyalarında və banklarda yanğınların olduğu göstərilib.
Reuters tərəfindən təsdiqlənmiş videoda Tehranda yüzlərlə insanın etiraz etdiyi göstərilir. Bir videoda qadının “Xameneiyə ölüm!” deyə qışqırdığı eşidilir. Digər şüarlar arasında 1979-cu ildə devrilmiş monarxiyaya dəstək çağırışları da var.
Fransa, Böyük Britaniya və Almaniya liderləri cümə günü etirazçıların qətllərini pisləyən və İran hakimiyyətini zorakılıqdan çəkinməyə çağıran birgə bəyanat yayıb.
BMT sözçüsü Stefan Dujarrik bildirib ki, Birləşmiş Millətlər Təşkilatı insan itkisindən dərin narahatlıq keçirir.
Gərginlik içində olan ölkədə hələki sabitliyə doğru atılan addımlar nəticə vermir.
A.Məmmədli

