21 Noyabr 2025 / 09:34

Ukraynada sülh üçün vəziyyət, nəhayət, formalaşır – ABŞ səfirliyi

Nəhayət, vəziyyət ukraynalıların çoxdan gözlədiyi sülh üçün formalaşır.

Tezadlar.az xəbər verir ki, bunu ABŞ-ın müvəqqəti işlər vəkili Culi S. Devis yazıb.

Diplomat bunu ABŞ Ordu katibi Daniel Driskol və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra açıqlayıb.

“Bu gün (dünən – RED.) Ukrayna rəhbərliyi ilə son dərəcə konstruktiv danışıqlar apardıq – hər kəs Prezident Trampın bu müharibəyə son qoymaq vizyonunu bölüşür”, – deyə o qeyd edib.

Eyni zamanda, Zelenski Ukrayna və ABŞ-ın müharibəyə son qoymaq planı üzərində işləyəcəyini açıqlayıb. Driskol ilə görüşündə prezident əsl sülhə nail olmaq üçün variantları, iş mərhələlərini və dialoq formatlarını, eləcə də diplomatiya üçün yeni təkanı müzakirə edib.

“Sülhə ehtiyac var və biz Prezident Trampın və onun komandasının Avropada təhlükəsizliyi bərpa etmək səylərini yüksək qiymətləndiririk”, – deyə o əlavə edib.

ABŞ-ın “Sülh Planı”

“Axios” əvvəllər Zelenskinin ABŞ prezidenti Donald Trampın yeni sülh planı üzrə danışıqlar aparmağa razı olduğunu bildirmişdi. Planın Ukraynanın nəzarətində olan ərazilərin Rusiyaya verilməsi də daxil olmaqla əhəmiyyətli güzəştlər tələb etməsinə baxmayaraq, Zelenskinin bu barədə ABŞ ordusunun katibi Driskolla məlumat verdiyi bildirilirdi.

ABŞ rəsmisi Zelenskinin və Driskolun “ən qısa imzalanma müddəti barədə razılığa gəldiyini” bildirmişdi. Daha əvvəl Ukrayna Prezident Administrasiyası Amerika tərəfindən plan layihəsi aldığını təsdiqləmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!