Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məşhur aparıcı Nigar Fərhadın rəhbərlik etdiyi xaricdə təhsil şirkəti ilə bağlı şikayətlər artır.
Tezadlar.az xəbər verir ki, “AİD Group”un bir neçə gün əvvəl fəaliyyətini dayandırması şikayətçiləri daha da narahat edir.
Əsasən xaricdə təhsil üçün pul verən tələbə və valideynləri hazırda şirkətdən heç bir cavab ala bilmirlər. Onların sözlərinə görə, Nigar Fərhadla rəsmi müqavilə bağlayıb ödəniş etsələr də, indi nə onu tapa bilirlər, nə də şirkətdən kimsə bir söz deyir.
Daima sosial şəbəkələrdə aktiv olan aparıcı belə desək 15 gündür yoxa çıxıb. O, nə paylaşım edir, nə də baş verənlərlə bağlı açıqlama verir. Hətta bu gün onun ölkədən getdiyi ilə bağlı da iddialar səsləndirilib.
Qafqazinfo xəbər verir ki, “AİD Group”un təsisçisi Nigar olsa da, direktoru və əsas məsul şəxs anası Arzu Əliyevadır. Bundan əlavə, Nigarın həyat yoldaşı da şirkətdə rəhbər heyətə daxildir. Şirkətin fəaliyyətini dayandırmasına səbəb isə haqqında hüquq-mühafizə orqanlarında araşdırma başlamasıdır. Məlumata görə daxil olmuş şikayətlər əsasında Nigar Fərhad və anası da dindirilib.
Məhz bundan sonra “AİD Group”un ofisləri bağlanıb, şirkətin müvəqqəti fəaliyyət göstərmədiyi açıqlanıb. Hazırda onlarla bağlı istintaq davam edir.
“AİD Group”dan isə baş verənlərlə bağlı heç kim açıqlama vermir, Nigar və anasının da telefonlarına zəng çatmır. Şirkətin fəaliyyətində konkret olaraq hansı qanun pozuntularına yol verildiyi və vətəndaşlara dəyən ziyanın miqdarı ilə bağlı da hələlik məlumat verilməyib.
***
saat 04:00
Xaricdə təhsil və iş ümidi ilə minlərlə manat ödəyən şəxslər indi nə vəd edilən xidmətlərə çata, nə də pullarını geri ala bilirlər.
Tezadlar.az xəbər verir ki, belə bir problemlə bir qrup paytaxt sakini ”Xəzər Xəbər”ə müraciət edib.
Məlumata görə, bir qrup vətəndaş ”Aid-Group” xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayətçidir.
Şikayətçilərdən Aliyə Əfəndiyeva deyir ki, sosial şəbəkələrdə şirkətin reklamlarını görüb, müraciət edib. Üç övladının Kanadada təhsil alması üçün mart ayında 17 min manat ödəniş edib, Nigar Fərhadla müqavilə bağlayıb.
Kiminin övladı üçün, kiminin isə özü üçün xaricdə yeni həyat qurmaq ümidi beləliklə yarımçıq qalıb.
Ramin Bedimirzadə də ABŞ-də təhsil almaq üçün müqavilə əsasında 4350 manat ödədiyini deyir. Şikayətçinin sözlərinə görə, nə təhsil prosesi başlayıb, nə də ödədiyi məbləği geri ala bilib.
Şikayətçilər deyirlər ki, onların sayı bununla məhdudlaşmır. İddialara görə, zərərçəkənlərin sayı çoxdur və dəymiş zərərin məbləği də kifayət qədər böyükdür. Onlar başlarına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
”Aid Group” şirkətinin mövqeyini öyrənmək üçün ofisinə müraciət olunsa da qapısı bağlı olub. Şirkətin sosial şəbəkə səhifələrində qeyd olunan əlaqə nömrələrinə zəng edilsə də, zənglər cavabsız qalıb. Hazırda şikayətçilər pullarının qaytarılmasını və məsələyə hüquqi qiymət verilməsini gözləyirlər.
Tezadlar.az-ın məlumatına görə, sosial şəbəkələrdə artıq AİD Group şirkətinin ofisinin bağlandığı, şirkətin rəhbəri Nigar Fərhadın isə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı yazılır.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik: