…Xocalının işğalına 2 gün qalmış Ağdamda idim… 26-cı səhər saatlarında Mərzilidən çətinliklə də olsa rayona qayıtdım… Səhər saat 09-10 radələrində aləm bir-birinə dəydi. Ermənilər Xocalını işğal edərək mülki əhalini qırmışdı. Canını birtəhər qurtaranlar Abdal-Gülablı aşırımından qarlı havada Ağdam yoluna çıxa bilmişdilər. Dərhal onları qarşılamağa getdik…
Biz geri qayıdanda isə Ağdam məscidinin qarşısında minlərlə insan toplaşmışdı. Donmuş meyitləri məscidə boşaldırdılar…
Daşaltı qurbanlarının Ağdam məscidinə gətirilməsi də gözümün qabağındadır, amma bu mülki əhalinin-uşaq, qadın və qocaların güllələnməsini, soyuqdan donub ölmələrini yüz sülh müqaviləsi də olsa, ermənilərə bağışlamaq olmaz!
***
…Bir necə gündən sonra Bakıya qayıtdım… Müxalifət MM-də Ayaz Mütəllibovun istefasını tələb edirdi… Ayaz Mütəllibov Xocalı müsibətinə görə istefa verməyə məcbur oldu… Milli Məclisdə baş verən həmin istefa vermə anını parlament müxbiri olaraq diktofona yazmışam, youtube-də təqdim etmişəm…
***
Bu isə tarixin yozulmaz və pozulmaz arxivindəndir:
Xocalı icra hakimiyyətinin başçısı Elman Məmmədovun prezident Ayaz Mütəllibova teleqramı: 17 dekabr 1991-ci il.
“Stepanakert və Əsgəran arasındakı yolu açmaq üçün Xocalıya güclü hücum hazırlanır. Ermənilər bizi məhv etmək üçün hər cür səy göstərəcəklər. Xocalının müdafiəsini təşkil etmək üçün dərhal lazımi tədbirləri görməyinizi xahiş edirəm. Xocalı Azərbaycan üçün strateji baxımdan vacib bir nöqtədir. Təcili yardım gözləyirik.”
Xocalı rayon prokuroru Atakişi Atakişiyevin prezident Ayaz Mütəllibova teleqramı: Dekabr.1991-ci il.
“Hər şey bizim üçün sona çatır, demək istədiklərimizi anlayın. Əhali Xocalını tərk etmək istəyir. Müdafiə nazirliyindən bizə heç bir kömək göstərilmədi. Cənab prezident, əhali Xocalını tərk edərsə o zaman Stepanakert – Əsgəran yolu açılacaqdır. Bizə kömək etməyinizi xahiş edirik. Dərhal köməyinizi gözləyirik, sonra çox gec olacaq. Bizə təcili yardım edin”
Xocalıdan Müdafiə Nazirliyinin Baş Qərargah Rəisi, general Şahin Musayevə göndərilən məlumat: 16 fevral. 1992-ci il.
“Xocalı şəhərinin piyadaların döyüş maşınlarından və zirehli personal daşıyıcılarından kütləvi atəşi davam edir. Şəhərdəki vəziyyət kritikdir. Mülki şəxslərin evakuasiyasını həyata keçirmək və xüsusilə də strateji əhəmiyyətli bir obyekt olan hava limanını qorumaq üçün təcili tədbirlər görülməlidir.”
Milli Təhlükəsizlik Nazirliyinin Prezident Ayaz Mütəllibova Xocalıdakı hərbi qüvvə və silahlarla bağlı məruzəsi: 14 fevral 1992-ci il.
“Yerli batalyon – 80 nəfər; Milli ordunun hərbçiləri – 20 nəfər; Hava limanının təhlükəsizliyi ilə məşğul olan yerli polis zabitləri – 80 nəfər; Avtomatik silahlar – 200-250 ədəd; Alazan qurğuları – 2 ədəd; Artilleriya topu (çapı 102 mm) – 1 ədəd (mərmiləri tükənir); Avtomatik bombaatan (AGS-17) – 1 ədəd ; qumbaraatan (Pd-25) – 4 ədəd dörd. Şəhərdə elektrik enerjisi yoxdur, hərbi texnika, qumbaraatanlar və tank əleyhinə bombalar kəskin çatışmır.”
Ali Sovet sədrinin müavini Tamerlan Qarayevin Ağdamdan Prezident Ayaz Mütəllibova göndərdiyi şifrəli məlumat: 25 fevral 1992-ci il.
“Xocalı və Umudludakı qüvvələr demək olar ki tükənib. Dəstək olmadığından (helikopterlər bir neçə gündür uçmur) erməni qoşunlarına müqavimət zəifdir. Xocalı və Umudlunu mühasirədən xilas olmaq üçün təcili tədbirlər görülməlidir. Bu məqsədlər üçün cavabdeh bir şəxsi Ağdama göndərmək və 24 saat ərzində bu tədbirləri təşkil etməsini tapşırmaq lazımdır. Qərarınızı gözləyirəm!”
***
O günlərdən 34 il ötür… Biz Xocalı qurbanlarını yad edirik… Amma fərq ondadır ki, 6 ildir Xocalının özündə yad edirik… Bu tarixi unutmayaq…
Asif MƏRZİLİ