(Əziz dostlarım şəhid Elçin, şəhid Alim və mərhum Rasimin ruhlarının pərvazlandığı Mingəçevirdə bir gün)
Mingəçevir şəhəri həqiqətən də zülmətə qalib gələn işıqlar, nurlar məkanı olub, uzun illər bədii ədəbiyyatda həmin statusda vəsf edilsə və bizim də düşüncələrimizdə, yazılarımızda belə qalsa da çoxdandır ürəyimdə qara nöqtəyə, nisgilə, ağrıya çevrilmişdi. Səbəbi isə 1989-1991-ci illərdə keçmiş sovet ordusunda (Rostov vilayəti, Belaya Kalitva şəhəri) birgə xidmət keçdiyimiz, tərxisdən sonra Birinci Qarabağ savaşına könüllü qatılıb şəhadət zirvəsinə ucalan Quliyev Elçin Hətəm oğlunun müqəddəs məzarını ziyarət edə bilməməyim idi. Onun artıq 35 ildir behiştin üst qatlarında qərar tutmasına, pak ruhunun bizimlə birgəliyinə baxmayaraq, cismani yoxluğunu qəbullaya bilməmişəm, nədənsə həmişə mənə elə gəlirdi ki, sağdır, dipdiridir, uzaqbaşı ayağını itirib, gəzə bilmir, yataqdadır və sair. Çünki ayaqüstə olsaydı, bir dəqiqə dayanmazdı, çoxdan Ucardan, Göyçaydan Gəncəyə, Bakıdan Samuxa, Zaqataladan Yardımlıya… yolları əlinə yığar, ünvanları bir-birinə qatardı, hamımıza – bütün əsgər yoldaşlarına baş çəkərdi… Sıravi Quliyevə sükut, tənhalıq, ümidsizlik yad idi və ən çətin zamanlarda (əsgərliyin pulsuz, mülki geyimsiz, başqa millətlərin nümayəndələriylə dava-dalaşlı, komandirlərdən cəza aldığımız vaxtlarında) da vəziyyətdən çıxış yolu tapmağı bacarırdı. Daim elə düşünmüşəm ki, Hətəm əminin oğlu heç kimi olmasa da məhz məni gözləyir, çünki jurnalistəm, qələm sahibiyəm, küçələrində, binalarında hansısa problemin işıqlandırılmasına, həllinə kömək əli uzada bilərəm…


Doğrudur, bu şəhərdə rəhmətlik Elçindən başqa da əsgər yoldaşımız var – Təbriz küçəsi, 42-ci binadan Rüstəmov Rasim Rəşid oğlu. Amma Rasim hərbi xidməti bitirər-bitirməz Natalya adlı bir qızla evlənmişdi, Ramin adlı oğulları, qızları var, bildiyim qədərilə vətəndən uzaqlardadır, hardasa Volqaqrad tərəflərdə yaşayır. Uzun illər öncə bir dəfə el arasında “Svetmet” adlanan Əlvan Metallar Bazasına ezamiyyətim zamanı Rüstəmovların qonağı olmuşdum. Özü, atası evdə yox idilər, ağsaqqal Kalmıkiyaya işləməyə, çörək qazanmağa getmişdi, paytaxt Elistada yaşayırdı. Məni qardaşı İsmayıl qarşıladı, ağbirçək anası süfrə açdı. Quliyevlərin evinə gedib oğul itkisi ilə bağlı dərdlərinə şərik olmaq, şəhidin qəbrini ziyarət etmək istəyirdik ki, qəfildən ortaya problemlər çıxdı. Başsağlığı niyyətimizi yaxın günlərdə ilk fürsətədək ertələdik. Amma nahaq yerə, indi buna çox peşmanam, “əldən qalan əlli il qalar” deyiblər. Məndə isə nə az, nə çox 35 il qaldı. Aradan sel kimi axan bu amansız zaman selinin kimləri, nələri əlimizdən alacağını kaş bilsəydik… Hər halda indi Rasim evdə yoxsa da, yəqin ki, artıq ömrünün ahıl çağlarını yaşayan Rəşid dayını görəcəyimi düşünürdüm. Ağsaqqalı əsgər övladına baş çəkmək üçün Rostova – xidmət etdiyimiz hərbi hissəyə gəldikdə tanımışdım, mehriban, zəhmətkeş, söhbətcil adam idi. Köhnə xatirələr təzələnəcəkdi, lakin sən saydığını say, gör, fələk nə sayir…

Nəhayət, çoxdan gözlənilən gün yetişdi, şimal-qərb bölgəsinə gedərkən yolüstü Mingəçevirdə dayanmağı qərara aldım. Əlbəttə, burada ilk qapısını döyəcəyim ünvan DRES (Dövlət-Rayon Elektrik Stansiyası – yerli sakinlərin dilində rusca QRES kimi də işlənir) qəsəbəsində şəhid Alimin ailəsi olacaqdı. Alim Səhrab oğlu İbrahimov 44 günlük Vətən müharibəsində şəhidlik məqamına ucalıb. Necə də mənalı və möhtəşəmdir, elə deyilmi? Qəhrəmanlardan biri Vətən, digəri Birinci Qarabağ müharibəsində ölümsüzlük qazanıb, ruhları 30 illik zaman məsafəsindən keçib işğaldakı torpaqlarımızın mütləq azadlıqla, xalqımızın şanlı Zəfərlə qovuşuğunda görüşüblər.


Mənim İbrahimovlarla yolum 4-5 il öncə – “Mədəniyyət/Culture” jurnalında çalışdığım vaxtlarda kəsişmişdi. Tarixi qələbəmiz ərəfəsində mədəniyyət sahəsinin şəhidlərindən “Mədəniyyətdən əbədiyyətə”, qazilərimizin rəşadətindən “Səhnədən cəbhəyə” rubrikasında məqalələr hazırlayırdıq. Və həmin igid oğullardan birinin ömür və döyüş salnaməsi üzrə araşdlrmalarım şərəfli ailəsi ilə qiyabi tanışlığımızın təməlini qoydu. “Şəkillərdə, xəyallarda və ürəklərdə yaşayan Alim” sərlövhəli yazım dərginin 2021-ci il 4-cü sayında işıq üzü gördükdən sonra şəhidimizin atası, qardaşı əlaqə saxlayıb razılıqlarını çatdırmış, halal süfrələri başında görüşəcəyimizdən məmnunluqlarını bildirmişdilər. Deməli, həm bu əzizlərlə söhbətləşmək, dərdləşmək imkanı yaranacaq, həm də o doğmaları axtarıb tapmağım üçün bələdçi sarıdan əziyyət çəkməyəcəkdim.


Şəhidimizin qardaşı Aydın İbrahimov vədələşdiyimiz vaxtda Mingəçevir avtovağzalının qarşısında məni qarşıladı. İlk öncə birgə şəhərin Şəhidlər Xiyabanına gedib Elçin Hətəm oğlu və Alim Səhrab oğlunun müqəddəs məzarlarını ziyarət elədik. Daha sonra mərd oğullarımızın qədəm qoyduqları, gəzib dolaşdıqları, fəaliyyət göstərdikləri məkanlara baş çəkib şirin xatirələrə daldıq. Həmin sırada şəhid Alimin doğulub böyüdüyü ev (indi üzərinə xatirə lövhəsi vurulub), uşaqlığının keçdiyi həyət, oxuduğu məktəb, bir musiqiçi kimi tədbirlərə qatıldığı Mingəçevir bulvarı, şəhid Elçinin dünyaya göz açdığı Nəriman Nərimanov prospektindəki 15/1-ci bina (valideynləri vəfat edib, qardaşları artıq oradan köçüblər), əsgərlikdə rəhmətlikdən tez-tez eşitdiyim “Kosmos” kinoteatrı (indi başqa təyinatlıdır) və başqa ünvanlar vardı. Aradan illər keçib, Aydın olmasaydı, Quliyevlərlə Rüstəmovlardan soraq almaq böyük çətinliklər törədəcəkdi. Yeri gəlmişkən, bizi düzgün yönləndirdikləri üçün Mingəçevir Mənzil Kommunal Təsərrüfatı Birliyinin, yerli MİS-in əməkdaşlarına da minnətdarlığımı bildirirəm. Əlimizdə dəyişən telefon nömrələri və ünvanlar yazılmış kağız parçası küçəbəküçə, dalanbadalan gəzirik. Görüşdüyümüz keçmiş qonşular, digər sakinlər də bizə yardım göstərməyə çalışırlar. Aydıngildən tez-tez zəng gəlir, naharın vaxtı keçir, bizi evdə gözləyirlər. Axır ki, axtarışlar nəticə verir, Elçinin qardaşları Ramizlə İlhamın mobil nömrələri tapılır, əlaqə saxlayırıq, işlə bağlı biri Bakıda, digəri Tərtərdədir. Çox mütəəssir olurlar, tezliklə görüşmək arzusu ilə sağollaşırıq. DRES-də Təbriz küçəsindən isə bəd xəbər gəlir: Rasim Rusiyada dünyasını dəyişib, övladları cənazəsinin vətənə gətirilməsi ilə razılaşmayıblar, elə orada da torpağa tapşırılıb. Allah rəhmət eləsin, ailəsinə cansağlığı diləyirəm! Oğlu Ramin təyyarəçidir, qızları müxtəlif sahələrdə çalışırlar. Valideynləri də artıq həyatda deyillər, məkanları behişt olsun. 35 il əvvəl görüşdüyüm qardaşı, gənc boksçu İsmayıl işğaldan qurtulan ərazilərdə – azad Qarabağda təmir-bərpa-quruculuq işləri ilə məşğuldur. Qonşuların vasitəsilə kiçik qardaşı Xaqanini tapdıq, evin sonbeşiyi ata ocağını sönməyə qoymayıb, maaşallah, hərəkətində, çöhrəsində də mərhum Rasimin cizgiləri…
Elçin Quliyev və Rasim Rüstəmov haqqında daha təfərrüatlı növbəti məqalələrimdə söhbət açacam inşəallah.

…Sözügedən məsələni qismən yekunlaşdırdıqdan sonra Aydın məni özlərinə apardı. Atası Səhrab dayı, anası Xatirə xanım gəlişimə çox sevindilər. Xeyli fərəhləndim, qürurlandım, vətənə, xalqa Alim kimi qəhrəman bəxş etmiş sadə, amma əzəmətli insanların əllərindən öpdüm. Şəhidin müqəddəs ruhu dolaşan məkanda halal süfrədə çörək kəsdim. Xəyalların qanadlarında ötən günlərin xatirə dəftərləri vərəqləndi, nostalji duyğular boy verdi, fikir və düşüncələrin qoru közərib qəlbimizi yaxdı. Ortaya oğul itkisinin ağır hüznü çökəndə nəvə – şəhidin qardaşı qızı 5 yaşlı Səma uşaq dəcəlliyi, şən davranışı, şaqraq gülüşləri ilə ab-havanı dəyişdirdi. Allah qorusun, ağıllı, dərrakəli, zəkalı uşaqdır, hətta bizim şəklimizi də telefonun kamerasının yaddaşına köçürdü, gördü boyu balacadır, fonu yaxşı əhatələyə bilmir, azca geri durub, divanın üstünə çıxıb çəkdi. Adını da səmalarda pərvazlanan şəhid əmisi verib. Aydına deyib ki, qızın olsa adını Səma qoyarsan…

Bir neçə kəlmə də səfər boyu məni müşayiət edən Aydın haqqında. Biz telefon və sosial şəbəkələr vasitəsilə dəfələrlə ünsiyyət qursaq da, ilk dəfə görüşürdük. Hansı ailə mühitində tərbiyə aldığını bildiyimdən barəsində tam xatircəm idim, əyani tanışlığımızda gözləntilərim bir daha doğruldu. Bu genişürəkli, istiqanlı, qonaqpərvər, vətənə, torpağa, milli-mənəvi dəyərlərə sıx bağlı gənc həm də maraqlı həmsöhbətdir. Şəhid qardaşı ilə çox böyük fəxr, qürur duyur, hər nəfəsində, addımında onun uca, ali məqamına layiq olub-olmaması kontekstində öz-özünə hesabat verir. Böyük vətənpərvərdir – qardaşı kimi canını Vətən, millət, namus müqabilində borc sanar; o qədər təvazökar, gözütoxdur ki, şəhid ailəsi ranqında xüsusi imtiyaz istəməz, sadə işə, az maaşa qane olar; bir insan, vətəndaş məqamında şəxsi arzularını, ehtiyaclarını, hüquqlarını ümumxalq mənafeyindən aşağı tutar və sair. İbrahimovlar ailəsində olduğum necə saat ərzində nə şikayətləndilər, nə bir təmənna dilə gətirdilər, nə də “bizdən, şəhidimizdən yaz” dedilər.

Bir neçə kəlmə də səfər boyu məni müşayiət edən Aydın haqqında. Biz telefon və sosial şəbəkələr vasitəsilə dəfələrlə ünsiyyət qursaq da, ilk dəfə görüşürdük. Hansı ailə mühitində tərbiyə aldığını bildiyimdən barəsində tam xatircəm idim, əyani tanışlığımızda gözləntilərim bir daha doğruldu. Bu genişürəkli, istiqanlı, qonaqpərvər, vətənə, torpağa, milli-mənəvi dəyərlərə sıx bağlı gənc həm də maraqlı həmsöhbətdir. Şəhid qardaşı ilə çox böyük fəxr, qürur duyur, hər nəfəsində, addımında onun uca, ali məqamına layiq olub-olmaması kontekstində öz-özünə hesabat verir. Böyük vətənpərvərdir – qardaşı kimi canını Vətən, millət, namus müqabilində borc sanar; o qədər təvazökar, gözütoxdur ki, şəhid ailəsi ranqında xüsusi imtiyaz istəməz, sadə işə, az maaşa qane olar; bir insan, vətəndaş məqamında şəxsi arzularını, ehtiyaclarını, hüquqlarını ümumxalq mənafeyindən aşağı tutar və sair. İbrahimovlar ailəsində olduğum necə saat ərzində nə şikayətləndilər, nə bir təmənna dilə gətirdilər, nə də “bizdən, şəhidimizdən yaz” dedilər.


Azərbaycanımızın azadlığı, bütövlüyü uğrunda şəhadət şərbəti içib şirin canından keçənlərdən isə çox yazılıb, yazılacaq da… Şəhid Alim Səhrab oğlu İbrahimov da həmin bahadırlardan biridir. Rəşadətli şəhidimiz 1993-cü il dekabrın 26-da Ucar rayonunun Qazıqumlaq kəndində doğulmuşdu. Sonradan valideynlərinin iş yeri ilə əlaqədar işıqlar, nurlar şəhərinə köçüblər – atası DRES-də çalışmağa başlayıb. 2001-2010-cu illərdə Mingəçevir 4 saylı orta məktəbdə təhsil alıb. Hələ körpəlikdən mahnı səsinə dartınması, böyüdükcə musiqiyə artan həvəsi onu incəsənət sahəsinə çəkib gətirib. 2004-2010-cu illərdə Mingəçevir şəhər 2 saylı Bülbül adına musiqi məktəbində qarmon ifaçılığının incəliklərinə yiyələnib. 2014-cu illdə Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecini qarmon müəllimi ixtisası üzrə bitirib. 2017-ci ildən Arif Məmmədov adına Göyçay Uşaq Musiqi Məktəbində işləməyə başlayıb.

Alim nə qədər şən, nikbin, məclis-mərəkə adamı olsa da, bütün qeyrətli Azərbaycan gəncləri kimi, qəlbində qaysaqlanmayan bir yara – Qarabağ dərdi gəzdirirdi. Qəzet-jurnallardan oxuduğu, radio-televizorda baxıb-dinlədiyi, sosial şəbəkələrdə tanış olduğu işğal xəbərləri – atəşkəsin pozulması, erməni siyasi möhtəkirlərin yaramaz çıxışları, effektsiz sülh danışıqları prosesinə görə tez-tez hövsələdən çıxırmış. 2016-cı ilin 4 günlük Aprel savaşında Lələtəpə və Cocuq Mərcanlının qurtuluşu, 2020-ci ilin iyulunda Tovuzda düşmən hücumunun dəf edilməsindən sonra nəhayət müqəddəs cihad gününün, qəti Zəfər məqamının yaxınlaşdığını duyur. Şəhid general Polad Həşimovu, şəhid gizir Mübariz İbrahimovu özünə həyat idealı seçir, digər igid oğulların yolu ilə gedəcəyinə qərar verir. Ali Baş Komandanın səfərbərlik əmrini səbirsizliklə gözləyir. 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılır. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik məqamına yüksəlir.
Azərbaycan Prezidentinin sərəncamına əsasən, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin.
Qurban Cəbrayıl
“Şərq-Qərb” nəşriyyatı Elm və mədəniyyət şöbəsinin redaktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü






