30 Oktyabr 2025 / 14:04

Yadigar Muradov süni nəfəs aparatına qoşulub -müavini onun vəziyyəti barədə məlumat verib

Şuşa Dövlət Musiqili Dram Tearının direktoru Yadigar Muradov süni nəfəs aparatına qoşulub.

Bu barədə teatrın direktor müavini Azad Məmmədov məlumat verib.

O, Yadigar Muradovun səhhətinin stabil olduğunu bildirib: “Reanimasiyadadır, az-az hərəkət edir. Həkimlər çalışır. Əminik ki, aparılan müalicə effekt verəcək. Əsas odur ki, Yadigar müəllimin səhhəti qaydasına düşsün”.

Qeyd edək ki, Yadigar Muradov bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir. İki dəfə əməliyyat keçirən Yadigar Muradovun səhhəti qəfildən pisləşib. Həkimlər müayinə zamanı onun qanına infeksiya keçdiyini müəyyən edib.

Hazırda aktyor Mərkəzi Klinik Xəstəxananın reanimasiya şəbəsində müalicə alır (qaynarinfo).

***

Tezadlar.az  xəbər verir ki, Muradov Yadigar Məmməd oğlu 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Teatrında işlədikdən sonra, Şuşa Mədəni-Maarif Texnikumunda öz ixtisası üzrə dərs deməyə dəvət olunan Yadigar Muradov 1990-cı ilə qədər bu texnikumda aktyorluq ixtisasından və səhnə danışığından dərs verib. 1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan bu günə qədər teatrın direktorudur.

Yadigar Muradov 21 dekabr 2018-ci il tarixində  Prezident İlham Əliyev tərəfindən “Tərəqqi medalı” ilə təltif edilmiş,  2025-ci ildə isə Prezident Mükafatına layiq görülmüşdür.

Ailəlidir, 3 oğlu var.

Sənətkara tezliklə sağlamlığına qovuşmağı arzulayırıq.

JASMİN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!