12 May 2026 / 15:45

“Yeni Yasamal” MTK sədrinin fırıldaqları sərhəd tanımır -İNANILMAZ

Yaxud, “ataların yolu oğulların yoludur” üsulu ilə törədilən qanunsuz əməllər…

Keçək mətləbə: dələduzluq əməlinə görə «Yeni Yasamal» MTK-nın rəhbəri Cahangir Alışov həbsxana həyatı yaşasa da, bu da dərs olmayıb və indi də oğlu Sadiq Alışov da atasının yolunu davam etdirir, bir qeyri yaşayış sahəsini 4 nəfərə satıb, iş məhkəmə və istintaq orqanlarında araşdırılır… Elə «Təzadlar» qəzeti redaksiyasına müraciətedən Bakı şəhər sakini İslam Məmmədov fəryad dolu müraciətini bizə təqdim etdi.  İ.Məmmədov Baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova və surəti “Təzadlar” qəzetinin redaksiyasına ünvanlanan müraciətində durduğu yerdə dələduzluqla rastlaşdığını yazıb. Məlum olur ki, Bakı şəhərində yerləşən “Yeni Yasamal” MTK və onun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən İ.Məmmədovun başına açılan müsibətlərin sərhədi yoxdur. Müraciəti oxuduqca dəhşətə gəlirsən ki, mütəşəkkil dəstə hansı oyunlardan çıxır. Bu insanlar heç bir qanun tanmırlar. Məhz belə qanunsuz əməllərinə görə “Yeni Yasamal” MTK-nın rəhbəri Cahangir Alışovun həbsdə olmasına baxmayaraq, indi də oğlu Sadiq Alışov atasının yolu ilə gedərək eyni əməlləri heç nədən çəkinmədən rahatlıqla davam etdirir.

Cavabdehlərin yalanı ayaq tutur, amma hələki yerimir… 

…Redaksiyamızda olarkən İslam Məmmədov bizimlə söhbətində ürək yanğısı ilə bildirdi ki, onun etibarından sui-istifadə edərək, “Yeni Yasamal” MTK-nın rəhbərliyi və onun əlbir olduğu mütəşəkkil dəstə 135 min manat nəğd pulunu mənimsəyib. O, MTK-ya məxsus binadakı qeyri-yaşayış sahəsini almaq üçün əlbəəl 130 min manat nəğd pul ödədiyi Rasim Abbasquliyevdən neçə vaxtdır pulunu geri ala bilmir.

Yaxşı olar ki, əvvəlcə İ.Məmmədovun güc strukturlarının rəhbərlərinə və redaksiyamıza ünvanlanmış müraciəti ilə tanış olaq:

«Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə!

Azərbaycan Respublikasının daxili işlər naziri Cənab Vilayət Eyvazova!

DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Cənab Əbülfət Rzayevə!

Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Cənab Nazim Rəcəbova!

Surəti: “Təzadlar” qəzeti redaksiyasına!

Bakı şəhər sakini Məmmədov İslam Balababa oğlu, vəkili və nümayəndəsi Babayeva Xəyalə Rizvan qızı tərəfindən

Müraciət   

Sizi məlum edirəm ki, tanışım Əhmədov Səbuhi  Etibar oğlu “Yeni Yasamal” MTK tərəfindən tikilən binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin təcili, bazar qiymətindən də aşağı qiymətə satıldığını mənə bildirdi. Səbuhi məni həmin qeyri-yaşayış sahəsini faktiki “obyekt” kimi işlədən Abasquliyev Rasim Talıb oğlu ilə tanış etdi. Bundan sonra biz Rasimlə birgə “Yeni Yasamal” MTK-nın Yasamalda olan ofisinə getdik. Ofisdə özünü bizə MTK-nın rəhbəri kimi təqdim edən Alışov Sadiq Cahangir oğlu ilə görüşdük. Alışov Sadiq obyekti xeyli tərifləyəndən sonra mənə bildirdi ki, obyektin mənə deyilən satış qiymətindən əlavə, 5000 (beş min) AZN də ödəməliyəm ki, obyektin birdəfəlik sahibi olum. Əvvəlcə götür-qoy etdim, sonra Alışov Sadiq Cahangir oğlu ilə razılaşdım və həm Rasimi, həm də Səbuhini yenidən məlumatlandırdım. İkisi də bildirdi ki, uduzmazsan, təcili al. Beləliklə 2021-ci ildə aramızda müqavilə bağlandı. Mənim hüquqi təhsilim olmadığı və rusdilli olduğum üçün müqaviləni oxumadan imzaladım. Çünki Səbuhi ilə çox etibar etdiyim dostlarım vasitəsiylə tanış olmuşdum və nə vaxtsa məni aldada biləcəyini ehtimal etmirdim. Sonradan vəkilim müqavilə ilə tanış olarkən mənim aldadıldığımı, müqavilənin imzalanma tarixinin 16 sentyabr 2017-ci il olduğunu və müqavilənin MTK-nın həmin dövr üçün həbsdə olan rəhbəri Alışov Cahangirin adına  bağlanıldığını bildirdi. Halbuki sonradan əldə etdiyim məlumata əsasən, MTK-nın möhürü 2017-ci ildə polisə təhvil verilmişdir. Şirkətlə həmin müqavilə faktiki olaraq 2021-ci ildə bağlansa da,  “Yeni Yasamal” MTK –nın həmin dövrdəa həbsdə olan rəhbəri Alışov Cahangirin (deyirlər hazırda azadlıqdadır və bu barədə sonradan məlumatlı olmuşam) oğlu Sadiq Alışov Yasamal ərazisində olan ofisində (həm Rasimin, həm Səbuhinin, həm də özünü köməkçi və mühasib kimi təqdim edən Samir Baxşəliyevin iştirakı ilə) görüşəndə, Sadiq Alışov məndən əlavə 5000 (beş min) AZN  alarkən, bildirdi ki, nə vaxtsa heç kim məndən müqavilə ilə bağlı mübahisə edə bilməsin, məsələ birdəfəlik həll olunsun.

Hörmətli cənablar!

Beləliklə, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş “Yeni Yasamal” MTK-nın tikilməkdə olan binasının 1 mərtəbəsində yerləşən 120 kvadrat metr qeyri-yaşayış sahəsini Rasim Abasquliyevə 130.000 (yüz otuz min) manat nəğd pul verərək aldım. Mənim tərəfimdən həmin pul maliyyə arayışına əsasən Kərimov Şakir Məmməd oğluna ödənilmiş kimi görünsə də, lakin mən 130.000 (yüz otuz) min  manat pulu nağd şəkildə həmin Şirkətin rəhbərinin oğlu Alışov Sadiq Cahangir oğlunun yanında, onun  həmin qeyri yaşayış sahəsini etibarnamə ilə verdiyi Abbasquliyev Rasim Talıb oğluna vermişəm. Çünki Sadiq mənə bildirdi ki, Kərimov Şakirlə Abbasquliyev Rasim arasında olan razılaşmaya əsasən Şakir tərəfindən 2019-ci ildə həmin qeyri yaşayış sahəsi Rasimə 90.000 (doxsan min) manata verilmişdir, Şakir bundan sonra Rasimə baş etibarnamə vermişdir. Bu səbəbdən də 130.000 (yüz otuz) min manat pulu faktiki olaraq Abbasquliyev Rasimə ödəmişəm. Lakin 02 may tarixində Yasamal Rayon İcra şöbəsinin məmuru tərəfindən mənə zəng olunaraq bildirildi ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Bakı şəhəri 2(103)-3391/2022 31.08.2022-ci il tarixli Qətnaməsi ilə həmin qeyri-yaşayış sahəsinin daha əvvəl digər şəxsə satıldığını və məhkəmə qaydasında həmin insanın ora sahiblik və istifadə hüququnun tanındığı, mənim həmin sahəni təhvil verməli olduğumu bildirdi. Bundan sonra narahat olub şirkət barədə araşdırma apardıqda məlum oldu ki, həmin MTK-nın rəhbəri olmuş Cahangir Alışov mənim kimi bir mənzili bir neçə nəfərə satmış və insanları aldadaraq vəsaitlərini mənimsəməsi səbəbilə barəsində cinayət işi açılmış və məsuliyyətə cəlb olunmuşdur, azadlıqdan məhrum edilmişdir. Hal-hazırda isə oğlu Sadiq Alışov atasının törətdiyi qeyri-qanuni əməlləri “yüksək səviyyədə” davam etdirir. Belə ki, Yasamal ərazisində yerləşən özünə məxsus ofisində insanları aldadaraq, köhnə tarixlə müqavilə imzalayır və qeyri yaşayış sahəsini bir neçə şəxsə satmaqla növbəti qanunsuz əməlini törətməkdə davam edir. Bütün baş verənlərə görə yuxarıda adları çəkilən şəxslərlə görüşdüyüm zaman bildirdilər ki, qısa zamanda qeyri-yaşayış sahəsinə ödədiyim pulu 135(yüz otuz beş min) manatı mənə qaytaracaqlar. Bu görüşdə əvvəllər MTK-da menecer, mühasib, köməkçi işləyən Samir Baxşəliyevin də iştirakı ilə olmuşdur, o Sadiq Alışovu təmsil etdiyini və bu kimi işləri həll etdiyi bildirərək, görüşə gəlsə də, sonradan hadisələrin necə olduğunu etiraf etmək üçün aramızda imzaladığımız aktdan (əlavə edirik)  imtina etmişdir. Bundan sonra Sadiq Alışov mənimlə telefon danışığı zaman bildirdi ki, onun 3 vəkili var, get kimə necə istəyirsən şikayət elə.

Mən də dövlətimizin qanunlarına güvənərək, insanların etibarından sui-istifadə etməklə, pullarını mənimsəyib, sadə vətəndaşlara qarşı dələduzluq və digər cinayətləri törədən şəxslərin tezliklə cəzalanacağını, həmçinin mənə dəymiş maddi ziyanın geri qaytarılmasını, bununla bağlı bütün hüquqi tədbirlərin görülməsini Sizdən xahiş edirəm. Belə ki, mənə qarşı törədilən dələduzluq və digər cinayətlərin araşdırılmasını, Alışov Sadiq Cahangir oğlunun AR CM-nin 178.3-cü maddəsi ilə barəsində həbs qətmkan tədbiri seçilməklə məsuliyyətə cəlb olunmasını  bir daha xahiş edirəm. Həmçinin mənə sənədləri saxta olan qeyri-yaşayış sahəsini satmış Abbasquliyev Rasim Talıb oğlunun, bu işdə iştirakçı olan Səbuhi Əhmədovun, Şakir Kərimovun, Samir Baxşəliyevin əməlində cinayət tərkibinin müəyyən olunduğu nəzərə alınaraq onların cinayət məsuliyyətinə cəlb olunmasını, mənim zərərçəkmiş kimi tanınaraq, 135 (yüz otuz beş) min manat pulun geri qaytarılmasını xahiş edirəm. İnanıram ki, bu mütəşəkkil dəstə layiq olduğu cəzalarını alacaq.

Əvvəlcədən hər birinizə dərin təşəkkürümü bildirirəm!

Hörmətlə,

İ.B.Məmmədov və iş üzrə vəkil və nümayəndə  Xəyalə Babayeva».

Jurnalist araşdırması zamanı inanılmaz yalanlar və qanunsuz əməllər üzə çıxdı…

 «Media haqqında» Qanunun tələblərinə uyğun olaraq, adları çəkilən şəxslərin də əks tərəf kimi mövqeyini öyrənmək istədik. Bu məqsədlə obyekti sonuncu dəfə şikayətçi İ.Məmmədova sataraq 130 min manat pulunu alan Rasim Abasquliyevlə telefon əlaqəsi saxladım. R.Abasquliyev mənmilə söhbətində gözəllik salonunu satdığı İ.Məmmədovdan 130 min manat pul aldığını etiraf etdi. R.Abasquliyev onu da qeyd etdi ki, indi həmin pulu qytarmağa imkanı yoxdur. Belə olan surətdə təklif etdim ki, mümkünsə, redaksiyamıza gəlsin və şikayətçi ilə birlikdə bu barədə bir az ətraflı söhbətimiz olsun.

Sonra şikayətçi İ.Məmmədovu da redaksiyaya dəvət etdik… Redaksiyamızda çox gərgin müzakirə getdi, bir sıra məsələlərə aydınlıq gətirildi. R.Abasquliyev dəfələrlə etiraf edərək bildirdi ki, bəli, gözəllik salonunu İ.Məmmədova 130 min manata satıb, amma onu da əlavə etdi ki, o, bu obyekti Şakir Kərimov adlı şəxsdən alıb, sonuncu onu aldadıb, sənədsiz obyekti satıb. Amma soruşduqda ki, siz obyektin sənədsiz olduğunu bildiyiniz halda, niyə onu İslam Məmmədova satırdınız, bu sual cavabsız qaldı.

Müzakirə zamanı o da məlum oldu ki, obyektin Vüqar adlı daha bir sahibi də varmış. Bu məsələ isə Yasamal rayonu, İcra və Probasiya Şöbəsindən İ.Məmmədova gələn zəngdən sonra məlum olub. İcra şöbəsindən bildirilib ki, obyektin birinci və əsl sahibi Vüqar adlı şəxsdir, onun mülki hüquqları məhkəmə yolu ilə tanınıb və gözəllik salonunun hüquqi və qanuni sahibi də odur. Bu səbəbdən də İ.Məmmədov obyekti təhvil verməli və oranı tərk etməlidir. İşi belə görən İ.Məmmədov da haqlı olaraq, şikayət ərizəsində yazdığı kimi, R. Abasquliyevdən verdiyi 130 min manatı, “Yeni Yasamal” MTK-nın rəhbərinin oğlu Alışov Sadiq Cahangir oğlundan isə sənədləşmə üçün verdiyi 5 min manat pulu geri tələb edir.

Bu zaman R.Abbasquliyev daş atıb başını tutdu  ki, o pulu verməyə heç bir imkanı yoxdur, o, MTK rəhbərliyinin əməllərindən artıq polisə şikayət edib. Amma sonradan məlum oldu ki, polisdə belə bir şikayət ərizəsi yoxdur və s.

***

Söhbətin gedişində o da aydın oldu ki, İ.Məmmədovun şikayəti əsasında R.Abasquliyev bir neçə dəfə bu iş üzrə polis orqanları tərəfindən istintaqa cəlb edilib, hətta MTK rəhbərliyinin işi üzrə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib, müxtəlif müddətlərə saxlanılıb. Hətta 2 həftə Kürdəxanıdakı istintaq təcridxanasında da qalmalı olub, sonra isə azad olunub. Bəs bu necə baş verib deyə soruşduqda, R.Abbasquliyev belə aydınlıq gətirdi: «MTK-nın işi üzrə 1-ci dəfə 2 həftə saxlanılmışam… Sonra aydın etdilər ki, mənim heç bir günahım yoxdur. Müstəntiq bildirdi ki, mən özüm də zərərçəkənəm. Məni də aldadıb sənədsiz obyekti satıblar».

 R.Abasquliyevə belə bir sual verməli oldum:

-Rasim bəy, əgər sənin həbsin qanunsuz idisə, niyə azad olunandan sonra həbsinə qərar verən müstəntiqi və ya sanksiyanı imzalamış prokuroru məhkəməyə verib, təzminat istəmədin?

-Mənim belə şeylərdən başım çıxmır…

-Yaxşı, sənin başın çıxmırsa, o dediyin vəkilin bunu eləməli idi… Bu sözlərinə inanmaq istəmirəm. Nə isə… Yaxşı, tutaq ki, bu obyektin sənədi yoxdur və aldanmısan. Bilə-bilə ki, bu obyektin sənədi yoxdur, bəs niyə onu sənədsiz halda İ.Məmmədova satmısan? Və yaxud, satanda niyə İ.Məmmədova obyektin sənədsiz olması barədə məlumat verməmisən?

Suala R.Abbasquliyev belə cavab verdi:

-Mən də obyekti İ.Məmmədova satanda sənədsiz olduğunu bilməmişəm…

– Rasim bəy, qəbul edək ki, alanda, satanda obyektin sənədsiz olduğunu bilməmisən. Hərçənd, bu inandırıcı görünmür. Bəs onda niyə obyekti sənə satan Şakir Kərimova verdiyin 90 min manatı hüquqi yollarla tələb etmirsən? Və yaxud, sizin hamınızı aldadan “Yeni Yasamal” MTK-nın rəhbərinin oğlu Alışov Sadiq Cahangir oğlundan hüquq mühafizə orqanlarına şikayət vermirsiniz?

-Vermişəm. Vəkilim bu barədə daha məlumatlıdır.

Bu məqamda şıkayətçi İ.Məmmədov belə reaksiya verdi:

-Əgər sən Şakiri və “Yeni Yasamal” MTK-nın rəhbərinin oğlu Alışov Sadiq Cahangir oğlunu məhkəməyə, prokurorluğa, polisə vermisənsə, onda səni də zərərçəkən kimi tanımalı idilər…  Yox, əgər verməmisənsə, onda bu dələduzluqda onlarla əlbirsən…

R.Abbasquliyev dərhal cavab verdi ki, onları məhkəməyə vermişik: “Hətta vəkilimlə də bu barədə danışa bilərəm ki, jurnalistə məlumat versin…».

Mən də “etibar elə və yoxla” prinsipi ilə ondan vəkilin telefon nömrəsin istədim ki, bir az ətraflı məlumat öyrənim. Rasim bəy bildirdi ki, problem yoxdur, vəkilin özü ilə danışıb, nömrəsini sizə verərəm…

Sonra Rasim bəyə belə sual da verdim:

-Rasim bəy, bəlkə problemin həlli üçün razılığa gəlib ortaq məxrəc tapasınız, şikayətçi də hüquqi yollara əl atmasın…

-Əvvala, hazırda heç cürə pul verə bilmirəm, olsa verərdim… Amma belə də, onsuz da İsalam müəllim bir çox yerlərə şikayət edib. Gəlib tutub aparırlar. Hər dəfə də pul verib çıxıram…

-Rasim bəy, həbsdən çıxmaq üçün verdiyin pulu elə bu İ.Məmmədova versəydin daha yaxşı olmazdımı?

-Mənim İslam müəllimə vermək üçün o qədər pulum yoxdur. Mən üzlük daşların istehsalı ilə məşğulam. Mənə imkanlı müştərilər göndərin, qazancım bir az çox olsun ki, mən də İslam müəllimin pulundan yavaş-yavaş qaytarım. Bəlkə iş çox olar, onda pulun hamısını birdən qaytararam. Hazırda isə, o 130 min manatı qaytarmağa imkanım yoxdur. Əgər Şakir Kərimov pulumu qaytarsa, mən də İslam müəllimin pulunu verərəm…

***

…Rasim Abasquliyev və İslam Məmmədovla bir xeyli müzakirələr apardıq. İ.Məmmədov qətiyyətlə bildirdi ki, “Rasim, mən 130 min manat pulu sənə vermişəm və səndən də geri qaytarılmasını tələb edirəm. Jurnalist olaraq, Elçin müəllim, sizdən xahiş edirəm mənim bu müraciətimi saytınızda və qəzetinizdə dərc edib aidiyyəti qurum rəhbərlərinin diqqətinə çatdırasınız. Qoy hüquq-nühafizə orqanları qanuni tədbirlər görsünlər…».

Maraqlıdır ki, R.Abbasquliyev vəkilinin adını belə bilmədi. Söz verdi ki, öyrənib deyəcək.

Bəli, görüşümüzün səhəri günü İ.Məmmədovun vəkili Xəyalə Babayeva ilə xeyli söhbət etdik və bütün qanunların İslam Məmmədovun tərəfində olduğunu, birmənalı şəkildə bildirdi. Verdiyim əlavə suallara da hərtərəfli və dolğun cavab verdi. Amma R.Abbasquliyevlə 10 gün ərzində nə qədər danışsam da, nə vəkilin adını dedi, nə də telefon nömrəsini verdi. Gah dedi vəkil xəstədir, gah dedi ki, xaricdədir.  Nəhayət, Rasim bəy sonda belə bir məlumat verdi: ”Vəkil deyir ki, artıq “Yeni Yasamal” MTK-nı və Şakir Kərimovu məhkəməyə verib».

Bu dəfə xahiş etdim ki, onda iddia ərizəsinin surətini mənə göndərin… Məlum oldu ki, iddia ərizəsinin surəti guya onda yoxdur və belə şeylərdən onun başı çıxmır… Cavab olaraq bildirdim ki, onda iddia ərizəsinin surətini vəkildən alıb mənə göndər, ya da vəkil mənimlə danışsın və lazım olan suallarıma ondan cavab alım. Yenə də söz verdi… Bir neçə gün də belə keçdi.

Nəhayət, Rasim bəy bildirdi ki, “adını bilmədiyi” vəkili telefon nömrəsinin jurnalistə verilməsini qətiyyən istəmir. Bu dəfə isə guya vəkil bildirib ki, “Yeni Yasamal” MTK-nı və Şakir Kərimovu Yasamal polisinə verib… Necə deyərlər, «yalançını son mənzilinə kimi» prinsipi ilə soruşmalı oldum:

-Ay Rasim bəy, siz vəklinizlə bir yerdə, “Yeni Yasamal” MTK-nın rəhbərinin oğlu Alışov Sadiqi və Şakir Kərimovu məhkəməyə vermisiniz, yoxsa Polisə? Axı neçə günlərdir vəkilin adından  deyirsən ki, onları məhkəməyə vermişik. Indi də deyirsən, yox, polisə vermişik. Bunun hansına inanaq? Axı mən araşdırma yazımı tamamlamalıyam, mənim peşə fəaliyyətimə süni əngəllər yaradırsan…

-Yox, mən səhv etmişəm, dəqiq deyirəm ki, polisə vermişik: “Hər şeyi Yasamal Polis İdarəsinin müstəntiqi Ceyhun müəllim bilir. Ondan soruşa bilərsən”.

Xahiş etdim ki, o müstəntiqin telefon nömrəsini mənə versin ki, əlaqə saxlayım. Çünki şikayət veribsə, deməli, müstəntiqlə təmasda olub… Nə qədər qəribə olsa da, bu dəfə cavab verdi ki, müstəntiqin nömrəsini bilmir: «Bilmirəm, siz jurnalistsinizsə, özünüz axtarıb müstəntiqin nömrəsini tapmalısınız».

İlk gündən bir düz sözü olmayan R.Abasquliyevə jurnalist olduğumu sübut etmək üçün müstəntiq Ceyhun müəllimin telefon nömrəsini çətinliklə də olsa, tapdım. Ceyhun müəllim məni çox anlayışla qarşıladı və suala cavab olaraq belə dedi: ”O MTK işi ilə bağlı məlumatım var. Amma dediyin Rasim Abasquliyev və onun hər hansı vəkili tərəfindən “Yeni Yasamal” MTK və Şakir Kərimov barəsində Polis İdarəsinə heç bir şikayət daxil olmayıb və məndə də elə bir cinayət işi yoxdur”.

Müstəntiq Ceyhun müəllimə təşəkkür edib, dərhal R.Abasquliyevə zəng edərək, istinad etdiyi müstəntiqin fikirlərini ona çatdırdım. Deyəsən, daş  dağa tuş gəlmişdi… Bu4 dəfə isə bildirdi ki, bunların hamısını “adını bilmədiyi” vəkili bilir.

***

…Artıq Rasim Abasquliyevin yalanları ortada idi. Ona görə də şikayətçi İ.Məmmədov redaksiyamızda görüş zamanı haqlı olaraq demişdi ki, “Rasim, sən “Yeni Yasamal” MTK-nın rəhbərinin oğlu Alışov Sadiqi və Şakir Kərimovu məhkəməyə, polisə, prokurorluğa verməsən, deməli, onlarla əlbirsən…”.

Artıq bu sözlərə mənim inanmaqdan başqa çarəm qalmadı. Belə olan surətdə Rasim bəyə təkrarən zəng edib bunları dedim: ”…Rasim bəy, bu qədər araşdırmalardan sonra hər şey artıq ortadadır və mən sənin yox, İ.Məmmədovun aldadıldığını gördüm… Amma biz hüquq-mühafizə orqanı deyilik ki, kimisə yol verdiyi qanunsuzluğa görə cəzalandıraq. Biz jurnalist olaraq hər iki tərəfin mövqeyinə aydınlıq gətirdik. Sənin mövqeyin də tam məlumdur və fikirlərini olduğu kumi dərc edəcəyik”.

Bəli, «Media haqqında» Qanunun tələblərinə uyğun olaraq adı çəkilən şəxslərin mövqeyini öyrəndim və olduğu kimi təqdim etdim. Amma “Yeni Yasamal” MTK-nın rəhbəri, qanunsuz əməllərinə görə həbsdə olmuş Cahangir Alışovun 050-212-94-XX telefon nömrəsinə, atasının yolunu “uğurla” davam etdirən oğlu Alışov Sadiqin 051- 801-11-XX nömrəsinə, köməkçi və mühasib sayılan Samir Baxşəliyevin 055-360-00-XX, Şakir Kərimovun 050-734-76-XX: 055-336-16-XX nömrəli telefonlarına dəfələrlə, günlərlə zəng etsəm də, hamısı bağlı göstərirdi. Bəlkə də onlar mənim nömrəmi görürdülər, amma açmırdılar. Hər-halda, mən əlaqə yaratmağa cəhd etdim, lakin mənim zənglərimə cavab vermədilər. Eybi yox, inanıram ki, mütəşəkkil dəstə olaraq törətdikləri qanunsuzluqlara görə, hüquq-mühafizə orqanlarının zəng və çağırışına mütləq cavab verəcəklər.

Araşdırmalarımız davam edir, yazının ardı olacaq.

Hazırladı və təqdim etdi:

Elçin MƏMMƏDLİ

P.S.Azərbaycanın fərqli media orqanlarında axtarış verərkən məlum oldu ki, bu MTK-nın rəhbərliyinin qanunsuzluqları həm də neçə illər əvvələ gedib çıxır, amma təəssüflər olsun, hüquq mühafizə orqanları belə MTK rəhbərlərinə qarşı daha sərt tədbir görmür…

n

n

n

n

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!