Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Fransa, Böyük Britaniya, Polşa və Almaniya liderləri ilə baş tutan görüşdən sonra mətbuat qarşısında çıxış edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Zelenski çıxışı zamanı Rusiyadan mayın 12-dən başlayaraq 30 günlük tam və qeyd-şərtsiz atəşkəsə razılaşmağı tələb etdiklərini bildirib. “Biz razılaşdıq ki, tam və qeyd-şərtsiz atəşkəs mayın 12-dən etibarən ən azı 30 gün müddətinə qüvvəyə minəcək. Bunu Rusiyadan birlikdə tələb edəcəyik”. Prezident həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Trampla bu məsələ ilə bağlı danışıb və tərəflər atəşkəsin vacibliyi barədə eyni fikirdədirlər. Zelenskinin sözlərinə görə, Rusiyanın mövqeyinə dair cavab gözlənilir. O əlavə edib ki, bu təklif ilk dəfə ABŞ tərəfindən irəli sürülüb və Səudiyyə Ərəbistanında aparılan danışıqlardan bəri gündəmdədir: “Atəşkəs başlayandan sonra diplomatiya üçün ən uyğun məqam yaranacaq. Ukrayna isə istənilən formatda görüşlərə və danışıqlara hazırdır”, – deyə Zelenski vurğulayıb.
Fransa Prezidenti Emmanuel Makron isə bəyan edib ki, əgər atəşkəs pozularsa, Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı koordinasiyalı və genişmiqyaslı sanksiyalar tətbiq edəcək: “30-dan çox ölkə heç bir şərt qoyulmadan mayın 12-də atəşkəsin başlamasını tələb edir. Monitorinqi əsasən amerikalılar aparacaq, lakin bütün tərəflər bu prosesdə iştirak edəcək”, – deyə Makron deyib.
Beləliklə, Ukrayna cəbhəsində yeni vəziyyət yaranmaqdadır. Güman etmək olar ki, Rusiya da daxil, Avropa ölkələri də bu müharibədən bezib və Rusiyanı durdurmaqdan başqa yol qalmayıb.
A.Məmmədli