4 May 2026 / 07:55

Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş tədbir keçirildi

Ötən gün Marneulidə “Azərbaycan Evi”nin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşkilatçılığı, eləcə də Gürcüstandakı Azərbaycandilli Məktəblər Birliyinin təşəbbüsü ilə Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş “Özün basdırdığın ağaca söykən” adlı tədbir və tamaşa keçirilib. Tezadlar.az yerli mediaya istinadla xəbər  verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Cavid Məhərrəmov, TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Salih Özer, Dmanisi merinin müavini Arif Süleymanov, professor Şürəddin Məmmədli, ictimaiyyət nümayəndələri, ziyalılar və məktəblilər iştirak ediblər. Tədbiri giriş sözü ilə “Azərbaycan Evi”nin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin direktoru Məhəbbət İmanov açaraq şairin həyatı və yaradıcılığı haqqında danışıb. O bildirib ki, Zəlimxan Yaqubun zəngin irsinin qorunması və təbliği istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Daha sonra çıxış edən Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Cavid Məhərrəmov qeyd edib ki, Azərbaycan dövləti hər zaman Xalq şairinin xatirəsini uca tutur və onun ədəbi irsinin gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görür. Ardınca çıxış edən Dmanisi merinin müavini Arif Süleymanov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, professor Şürəddin Məmmədli, Zəlimxan Yaqubun yaxın dostu Ramiz Bəkirov, Dmanisi Təhsil və Tədris Mərkəzinin rəhbəri Kamran Xıdırov və digərləri şairin yaradıcılığı, Türk dünyasındakı mövqeyi və ədəbiyyata verdiyi töhfələrdən bəhs ediblər. Tədbirin bədii hissəsində Esmira Ələkbərlinin müəllifi olduğu tamaşa məktəblilər tərəfindən səhnələşdirilərək təqdim olunub. Sonda şairin ailəsi adından çıxış edən qardaşı Çingiz Yaqubov tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!