14 Aprel 2026 / 21:49

Tezadlar.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Sumqayıt” qarşılaşması futbol tariximizdə nadir rast gəlinən maraqlı və kuryoz bir hadisə ilə yadda qalıb. Tovuzda baş tutan oyunda azarkeşlər və futbolçular qəfil dumanla qarşılaşıblar.

Üç qolun vurulduğu və meydan sahiblərinin qələbəsi ilə başa çatan gərgin mübarizə zamanı stadion ərazisini qəfil qatı tüstü bürüyüb. Əvvəlcə bunun azarkeşlərin istifadə etdiyi pirotexniki vasitələrdən qaynaqlandığı ehtimal edilsə də, həqiqət tam fərqli çıxıb.

Məlum olub ki, stadionu bürüyən qatı tüstünün səbəbi stadionun yaxınlığında yerləşən iaşə obyektlərində hazırlanan kabablar olub. Küləyin tüstünü birbaşa meydana doğru istiqamətləndirməsi nəticəsində oyunun bir hissəsi “kabab qoxulu” duman içində keçib.

Azərbaycan futbolunda azarkeşlərin coşğusuna öyrəşmişik, lakin bu dəfə Tovuzun qonaqpərvərliyi və məşhur kabablarının qoxusu yaşıl meydanlara qədər gəlib çıxdı. Bu hadisə həm sosial mediada, həm də stadiondakı izləyicilər arasında böyük maraq və zarafatlarla qarşılanıb.

Səbinə Bağırova 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!