9 İyun 2026 / 09:38

150 milyonluq saray

150 milyon dollarlıq nəhəng yaxta Bodrum sahillərində diqqət çəkib.

Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bodrum sahillərində görüntülənən ultra-lüks yaxta görənlərin marağına səbəb olub.

Təxminən 150 milyon dollar dəyərində olan “Solandge” adlı meqa-yaxta möhtəşəm görünüşü və nəhəngliyi ilə diqqət çəkib. Sahilə yaxın ərazidə hərəkət edən yaxta həm yerli sakinləri, həm də turistləri maraqlandırıb.

2013-cü ildə Almaniyada inşa edilən və 85 metr uzunluğa malik olan “Solandge” dənizdə üzən lüks saray kimi tanınır. Yaxtanın  Səudiyyə Ərəbistanı şahzadəsi Muqrin bin Əbdüləzizə məxsus olduğu bildirilir.

Superlüks gəmidə SPA mərkəzi, geniş hovuz, rəqs meydançası və yüksək komfortlu VIP otaqlar mövcuddur. Yaxta eyni anda 12 qonağı qəbul etmək imkanına da malikdir.

Dənizdə beşulduzlu hotel rahatlığı təqdim edən gəmidə 29 nəfərlik peşəkar heyət çalışır. Bodrum sahillərində görünən yaxtanın görüntüləri sosial şəbəkələrdə də geniş maraq doğurub.

Şahzadənin həmin vaxt yaxtada olub-olmaması ilə bağlı isə hələlik rəsmi məlumat verilməyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!