Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dekabrın 26-da Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov Rusiyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində (MQİMO) azərbaycanlı tələbələrin təşəbbüsü ilə görüş keçirib. Tezadlar.az xəbər verir ki, hazırda Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində 80 azərbaycanlı tələbə təhsil alır. Professor İlham Rəhimov burada və digər ölkələrdə təhsil alan azərbaycanlı gənclərə daim dəstək göstərir. Qeyd edək ki, bu, professor İlham Rəhimovun sözügedən ali təhsil müəssisəsində təhsil alan azərbaycanlı tələbələrlə artıq ikinci görüşüdür.
Tədbirdən öncə universitetin rektoru, akademik Anatoliy Vasileviç Torkunov professor İlham Rəhimovla ayrıca görüş keçirib. Rektor Azərbaycanla bağlı xoş xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də bu nüfuzlu ali təhsil müəssisəsinin məzunu olduğunu xatırladıb. O qeyd edib ki, cənab İlham Əliyev sonradan universitetdə müəllim kimi fəaliyyət göstərdiyi dövrdə bütün tələbə, müəllim və professor heyəti tərəfindən böyük hörmətlə qarşılanıb. Rektor, eyni zamanda vurğulayıb ki, cənab İlham Əliyev Azərbaycanın dövlət başçısı seçildikdən sonra da universitetlə əlaqələrini davam etdirib və bu münasibət daim yüksək dəyərləndirilib.

Görüşdə tələbələr qarşısında çıxış edən professor İlham Rəhimov Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin yüksək ixtisaslı və peşəkar kadrların yetişdirilməsində xüsusi rola malik nüfuzlu ali təhsil müəssisəsi olduğunu bildirib. O qeyd edib ki, bu universitetin tələbəsi olmaq, bu adı doğrultmaq böyük məsuliyyət və zəhmət tələb edir.
Görüş zamanı professor İlham Rəhimov tələbələrin cinayət və cəza, cinayət hüququ, hüquqi məsuliyyət və digər aktual mövzularla bağlı suallarını ətraflı cavablandırıb, gənclərin səsləndirdiyi maraqlı fikir və təklifləri diqqətlə dinləyib. Görüş tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda fəallığı ilə seçilən azərbaycanlı tələbələrə xüsusi mükafatlar təqdim olunub.