4 Fevral 2026 / 08:50

“Tərtər işi”ndə zərərçəkən maddi və mənəvi ziyana görə 10,5 milyon manat tələb edir!

“Tərtər işi”ndə işgəncə nəticəsində öldüyü istintaq tərəfindən sübuta yetirilən leytenant Təmkin Nizamioğlunun ailəsi 50 min manat mənəvi təzminatdan imtina edərək apellyasiya şikayəti verib. Ailə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsinə görə 509 min 654 manat, mənəvi zərərə görə isə 10 milyon manat Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
Hərbi ekspert Ədalət Verdiyev yazır: “…Nizami Quliyevin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, leytenant Təmkin Nizamioğlu Tərtərdəki N saylı hərbi hissədə xidmət edib, Aprel döyüşlərinin iştirakçısı olub. Təmkinin işgəncəyə məruz qalmasına gəlincə, bu, onun təlimdə olduğu zaman baş verib. Belə ki, zabit təlimdən çağırılaraq Şırxarx qəsəbəsinə gətirilib və burada ona işgəncə verilib. 2017-ci ilin mayın 15-də isə ailəsinə Təmkinin öldüyü, cənazəsinin Ordubada göndərildiyi deyilib. Təmkinin nəşi atasının iştirakı olmadan Ordubadın Darkənd kəndində torpağa tapşırılıb.
Dəfn prosesində tabutun açılmasına icazə verilməyib, onun ürək çatışmazlığından vəfat etdiyi qeyd olunub. Ailənin müraciətlərindən sonra isə Təmkin Nizamioğlunun pnevmaniya – kəskin ağciyər çatışmazlığından ölməsi haqda tibbi rəy verilib.
2022-ci ilin mayın 11-də Təmkin Nizamioğlunun meyiti ekshumasiya olunub. Dövlət qurumlarının iştirakı ilə məzar açılan zaman, bədənin müxtəlif nahiyələrində sınıqlar aşkarlanıb. Onun küt alətlə döyüldüyü müəyyənləşdirilib. Cinayət işinin nəticəsi ilə sonradan müəyyən edilib ki, Təmkin Nizamioğlun günahı olmayıb, o, vətənə xəyanət etməyib. Bu proses yəqin ki, AİHM-də həllini tapacaq və Azərbaycan dövləti zabitin ailəsinə çox böyük miqdarda kompensasiya odəyəcək. Təmkini döyüb öldürənlərə əmr verənlər, qanunsuz qərar qəbul edənlər isə kənarda qalacaq. Əslində bu tip proseslərdə dövlətin maliyyə yükü qatillər və onları mühafizə edənlər tərəfindən ödənilməsi daha məqsədəuyğun olardı”.
“Təzadlar”dan: Peşəkar hərbçilərimizi Vətən xaini etdirənlər mütləq cəzasını almalıdır!
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!