Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 Fevral 2026 / 11:22

Məmməd Arazlı xatirələr: “Ömürdən yarpaqlar”-GÜLXANIM FƏTƏLİQIZI- 11-Cİ HİSSƏ

Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

(Əvvəli ötən buraxılışda) 

https://tezadlar.az/memmed-arazli-xatireler-omurden-yarpaqlar-gulxanim-feteliqizi-10-cu-hisse/25-26 noyabr

– Hidayət Orucov telefonla bildirdi ki, Gürcüstanda ədəbiyyat günlərində bir neçə yerdə çıxışında Məmmədin adını çəkib. Həmin ədəbiyyat günləri televizorda göstəriləndə isə Məmmədin adını çıxış edənlərin ağzından eşitmədim.       Əzizə Cəfərzadə ilə müsahibə aparılırdı.

Məmməd təəssüfləndi:

– Əzizə qocalıbsa, deməli, qocalıq axmaq işdir.

Əzizə xanım müsahibəsində belə bir cümlə də işlətdi:  “Yazıçının arvadı olmaq necə çətindirsə, görünür yazaçı qadının əri olmaq da elə çətindir”.

– Verdiyin suala cavab verim,  Yazıçılar İttifaqının katibliyi məsələsində Azad Şərifov əvvəl məni çağırıb söhbət etdi, sonra Cabiri. Aydın məsələ idi ki, Mirzə kimi müdafiə edirdisə o da keçməli idi. Süleyman Rüstəmlə Əfqan mənə deyirdilər ki, üçüncü katib sən olacaqsan, amma mən bilirdim ki, boş söhbətlərdir, bildiyim kimi də oldu.

Axşam Mikayıl, Hüseyn və Mətin kinokamera ilə gəlib Məmmədlə birlikdə çəkiliş etdilər. Söhbət yeni seçilmiş deputatlardan düşdü. Sən demə Musa Yaqub elə birinci gündən deputatlıq kartoçkasını itiribmiş.

Məmməd belə bir xatirə danışdı:

– Qəşəm İsmayıllıda katib işləyəndə Musa Yaqub qəzet redaktoru imiş. Heç bir iclasa getməz, 10 saat bir yerdə otura bilmərəm,  deyərmiş. Qəşəm özü də yaradıcı adam olduğu üçün Musa Yaqubun xətrinə dəyməz, icazə verərmiş ki, kefin istəyəndə işə gəl.

28 noyabr – Saat 5-də Avdi Qoşqar çəkilişə gəldi. Soruşdum ki, çəkiliş nə məqsədlə edilir?

– Bazar günü “Məqam” adlı verilişin bir qolu da Məmməd Arazdır, – dedilər.

Aqil evə gec gəldi:

– “Müsavat”ın yubiley iclasında idim. Sənin “Dilənçi qaçqın” şerini Ağalar oxudu. Əmi, o nə qiyamət şeirdir? Bütün zal ayağa qalxdı. Jurnalistlər Ağaların üstünə töküldülər ki, şeiri ver çap edək. Ağalar vermirdi, dedim ki, ver, əmiyə mən deyərəm.

Məmməd deyindi:

– Bir xalq ki, öz işığının məftillərini kəsib xaricə apara, özünü işıqsız qoya, əsgəri tüfəngini sata… Xəcalət çəkirəm, görən xalqım niyə bu günə düşdü?

6-18 dekabr – Səhər tezdən qara xəbər qanımızı qaraltdı. Naxçıvanda təyyarə qəzaya uğramışdı. İkinci bəd xəbər isə İsi Məlikzadənin rəhmətə getməsi oldu:

– İsi gözəl insan idi, gözəl qələmi var idi. Mən nəşriyyatda şöbə müdiri olanda ilk kitabını mən buraxmışam. “Ulduz” jurnalında bir yerdə işləmişik. Allah rəhmət eləsin, – dedi Məmməd.

Axşam Ağalar görüşdə oxunacaq şeirləri aparmağa gəlmişdi. Seçib yeni şeirləri verdik. “Əsgər oğul”, “Bizi Vətən çağırır”, “Düşmən qabağından qaçan kişilər”, “Sənə inanıram”, “Sözüm qurtarıb” və s.

– Şeirlər həm çağırış, həm də tərbiyəvi şeirlərdir, oxusan pis olmaz, – dedim.

– Saat 12-də “Qorqud” şirkəti mükafatların təqdim olunması mərasimini keçirirdi. Yığıncağı Eldar Salayev aparırdı.  İsa Həbibbəyli mükafatların niyə və nə üçün verildiyini söylədi. Nəriman çox səmimi çıxış etdi. Mükafat Zəlimxan Yaquba, Yaşar Qarayevə və Mailə Muradxanlıya verildi.

Sözarası Mailə xanım mənə məlumat verdi ki, “Məqam” verilişində uşaqlar tavanınızı göstərməyi istədilər, dedilər ki, xanım dönə-dönə xahiş edib, ancaq mən icazə vermədim. Dedim ki, görkəmli adamdır, olmaz.

– Bizim yerimizə nədənsə həmişə başqası danışır, başım çıxmır, bəs o görkəmli adam şəraitsiz bir evdə yaşaya bilər, siz isə onu göstərə bilməzsiniz. Deyindim.

19-u axşam Zəlimxan Yaqub Məmmədə həsr elədiyi şeiri gətirdi. Şeirin axırında bu sözlər yazılmışdı:

“Məmməd Araz mükafatı aldığım gün mənim ən xoşbəxt günümdür. Allah Məmməd Araz əbədiyyətini bu xalqa çox görməsin”

                                                                             19/xıı-95.

25 dekabr – Axşam Abdulla Qurbani bizə özünün 1990-91-ci illərdəki faciələrə aid araşdırmalarını oxudu. Adama qəribə gəlir,  necə ola bilər ki, adam öz torpağını satsın, rəhbərlik öz xalqını tapdağa versin. Belə söhbətləri eşitdikcə Məmmədin gözləri dolurdu. Şəlalə sual verdi ki, nə vaxtdan mərkəzdə işləyirsən?

5-6 aydır,- cavab verdi Qurbani. Mərkəzdə sıxılıram. Vətən səngərdən görünür. Müdafiə Nazirliyində işləyən bəzi adamlarda vətən haqqında anlayış yoxdur. Mənim günüm səngərlərdə keçir. Yığdıqlarımın hamısı tarixi sənədlərdir. Gələcəkdə tarixin düzgün yazılmısında, bədii əsərlərin yaranmasında yığdığım materialların, cəbhə araşdırmalarımın əvəzi olmayacaq. Meşəli kəndi haqqında hələ düzgün məlumat verilməmişdir. Ermənilər kəndi yandıranda qışqırırmışlar “Bəs hanı sizin prezidentiniz, özünü Meşəli kəndindən sayırdı, bəs niyə kəndini müdafiə etmədi?..”

Abdulla Qurbani çox danışdı, hamısını qeyd etməyi lazım bilmədim. Sabah “Zabitlər evi”ndə görüş olacaq, deyib getdi.

26 dekabr – Saat 6-da Mikayıl Mirzə və Abdulla Qurbani ilə birlikdə “Zabitlər evi”nə getdik. Zaur Rzayev, Arif Məlikovun Məmmədin “Dağlar” şerinə bəstələdiyi musiqini təriflədi. Görüş başlandı. Zal dolu idi. Qabaq cərgədə “Dəniz məktəbi”nin kursantları oturmuşdu. Lap uşaq idilər. Sonra bizim sıra gəlirdi. Arxa isə müxtəlif bölmələrdən gəlmiş nisbətən yaşlı zabitlər idi. Görüşü Qurbani açdı:

– Məmməd müəllim, sən bu gün gəlmək istəmirdin. Dedin, Abdulla, özümü pis hiss edirəm, görüşü mənsiz keçirin. Allaha and olsun, Murovdan gələn bütün zabitlər hamısı yığışıb gələcəkdilər sizə. Axı sən fəxri döyüşçüsən. Komandir əmr verdi, mütləq əmri yerinə yetirməlisən. Yaxşı ki, əmri yerinə yetirdin, görüşə gəldin...

Sonra bədii hissə başlandı. Ağalar verdiyim şeirlərin birini də oxumadı. Görünür əzbərləməmişdi. Deyindim ki, əsgərlərə təzə çağırış şeirləri lazımdır, Ağalar niyə oxumadı görəsən? Məmməd sözümlə razılaşmadı:

– Onlar üçün bu şeirlər də təzədir…

Mikayıl çıxışına lətifə ilə başladı:

– Keçmişdə bir şah öz ölkəsinə səyahətə çıxıbmış. O, ölkəsinin müdafiə işləri ilə maraqlanır, əsgərləri ilə görüşür. Bir əsgərdən soruşur:

– Adın nədir?

– Həsən.

– Nə yaxşı, gözəl addır. Oğul, söylə görüm vətən sənin nəyindir?

– Vətən mənim anamdır.

– Çox gözəl, afərin bala, bax Vətəni belə sevmək lazımdır.

Sonra şah ayrı bir əsgərə yanaşır:

– Sənin adın nədir?

– Hüseyndir.

– Maşallah, söylə görüm bəs Vətən sənin nəyindir?

– Vətən mənim xalamdır.

Şah təəccüblə əsgərə baxır:

– Bəs, niyə elə, bala?

– Çünki Hüseynlə xalaoğluyuq.

Mikayılın lətifəsinə bütün zal gülüşdü. Mikayıl davam etdi:

– 1990-cı il idi, Naxçıvana, oradan da Sədərək kəndinə getdik, Xəlil Rza da bizimlə idi. O vaxt əsgərliyə gələn kiçik uşaqlar ruslardan qalan böyük paltarları, 45 ölçülü ayaqqabları geyinmişdilər və paltarların içində itib batmışdlar. Dünən ana qucağından ayrılmış uşaqlardı. Tətiyi çəkməyi də yenicə öyrənirdilər. Bu uşaqlar o uşaqlardılar ki, vaxtı ilə məktəbdə əlini yalandan tüfəng kimi tutub, yoldaşına yönəldir və deyirdilər, tıp, vurdum səni, ayə öl də, axı səni vurib öldürmüşəm, cığallıq eləmə! Bax, həmin uşaqların addımları indiki ordunun himi idi.

Mikayılın belə şirin danışıqlarına qabaqda oturan kursantların pıqqıltısı da qarışmışdı.

Müdafiə nazirinin siyasi işlər üzrə müavini də çıxış etdi:

– Məmməd müəllim, siz Murova gələndə mən orada yox idim. Çox təəssüfləndim ki, sizinlə görüşə bilmədim. Siz gedəndən sonra  Murovdan Kəlbəcərə gedən yolun kənarındakı bulağa sizin adınız verildi. Bulağın yanındakı qara daşa xatirə lövhəsi vurulub, o daş tarixə düşdü, tarixə qovuşdu. Əsgərlər sizi hörmətlə yad edirlər. Gələndə nazirə dedim ki, cənab nazir, bizim bir tədbirimiz var, Məmməd Arazla görüş. O, sizə öz salamını yetirdi. Bu saatı da sizə əsgər və zabitlərin adından hədiyyə verirəm.

Məmməd təşəkkürünü bildirərək ancaq bu sözləri mikrofona deyə bildi:

Mən döyüşdə iştirak edə bilməsəm də qələmimlə bir əsgərəm. Çalışacağam ki, Vətənə qələmlə daha çox xidmət edim.

“Məmməd Araz axşamıdır bu axşam” başlıqlı, Məmməd Araz parollu belə bir gecəni hazırlayan, Abdulla Qurbaniyə, eşq olsun, dedim.

(Davamı var)

Təqdim etdi: Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!