Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/11
Mayın 24-də “Badamdar Residence” Hotelində “Star Kids Group” şirkətinin təşkilatçılığı ilə uşaq moda və gözəllik dünyasının ən möhtəşəm layihəsi olan “Azerbaijan Kids Best Model 2026” müsabiqəsi baş tutdu.
“Star Kids Group” şirkətinin direktoru Aygün Əliyevanın rəhbərliyi ilə 2735 uşağın seçim turlarına qatıldığı müsabiqənin son mərhələsi – əsrarəngiz mükafatlandırma mərasimi keçirildi.
Müsabiqənin münsiflər heyətinin rəhbəri isə həmişəki kimi, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti, “Fakhriya Khalafova” moda evinin təsisçisi, Azərbaycanın “Moda İkonu” Fəxriyyə Xələfova idi.
Eyni zamanda, budəfəki müsabiqənin münsiflər heyətində Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, müğənnilər – Əməkdar artist Almaz Ələsgərova, Əbdül Xalid, tanınmış aparıcı, aktyor Şəhriyar Əbilov, həmçinin Sərxan Həsənov, Leyla Məmmədova və İlahə Əliyeva kimi məşhur simalar yer almışdılar.

Sənətçilərin ifaları ilə rəng qatdıqları bu unudulmaz tədbirə şoumen, aktyor, müğənni Elməddin Məmmədovun özünəməxsus aparıcılığı – tamaşaçılarla xoş dialoqu, təqdim etdiyi musiqi nömrələri də böyük coşqu və ruh yüksəkliyi gətirmişdi.

Gecədə 4-14 yaş kateqoriyalarında öz istedadları ilə seçilən 76 uşaq model final səhnəsində podiuma qalxaraq öz istedad və bacarıqlarını nümayiş etdirdilər. Onlardan 44-ü qız , 32-si isə oğlan modellərdir.

Finala yüksəlmiş modellərin müxtəlif nominasiyalar üzrə mükafatlandırılması müsabiqənin bir çox kriteriyaları – səhnə yürüşü (Runway Walk), səhnə davranışı və özünə inam, ümumi görünüş, eyni zamanda fərdi stil, poz vermə bacarığı və fotogeniklik, xarizma və səhnə aurası, nəhayət, kreativlik və geyim təqdimatı əsasında aparılırdı.

Qeyd edək ki, bu möhtəşəm gecədə qonaqlar foyedə müxtəlif əl işlərindən ibarət sərgi-satış ilə də tanış oldular.
Münsiflər balları hesabladıqdan sonra nominasiyalar üzrə yer qazanan modellər podiuma dəvət edildilər və Fəxriyyə Xələfova tərəfindən təltifləndilər.
Və nəhayət, 4-14 yaş kateqoriyaları üzrə birinci yerə layiq görülmüş, münsiflərin yekdilliklə səs verdikləri qaliblərin adları açıqlandı.

Beləliklə, müsabiqədə 4-6 yaş kateqoriyası üzrə qızlar arasında 1-ci yerin qalibi 6 nömrəli iştirakçı Alya Məmmədsoy,
2-ci yerin qalibi Ece Çeray, 3-cü yerin qalibi Jasmin Hüseynzadə;
4-6 yaş kateqoriyası üzrə oğlanlar arasında 1-ci yerin qalibi Ravin Eyvazov, 2-ci yerin qalibi Mirmehdi Bağırov, 3-cü yerin qalibi Merac Məmmədov;
7-9 yaş kateqoriyası üzrə qızlar arasında 1-ci yerin qalibi Jasmin Eyvazova, 2-ci yerin qalibi Dilək Əlizadə, 3-cü yerin qalibi Aylin Nəzərli;
7-9 yaş kateqoriyası üzrə oğlanlar arasında 1-ci yerin qalibi Ümid Quliyev, 2-ci yerin qalibi Bəhruz Ağayev, 3-cü yerin qalibi Rəsul Bayramlı;
10-14 yaş kateqoriyası üzrə qızlar arasında 1-ci yerin qalibi Selin İbrahimli, 2-ci yerin qalibi Elina Əliyeva, 3-cü yerin qalibi Təranə Hüseynova;
10-14 yaş kateqoriyası üzrə oğlanlar arasında 1-ci yerin qalibi Malik Hüseynov, 2-ci yerin qalibi Mirxalis Əzimzadə, 3-cü yerin qalibi Ümid Teymurlu təltif edildilər.
Qaliblərə xüsusi olaraq hazırlanmış taclar təqdim edildi.
Y.Məmmədli