Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 May 2026 / 14:55

Azərbaycanın Türkan Şorayı hesab olunan Leyla Bədirbəyli – ARAŞDIRMA

Azərbaycan kino səhnəsində bir çox tanınmış aktyor və aktrisaların özünəməxsus izlər qoyduğu danılmaz faktorlardan biridir. Bu gün biz “Tezadlar.az” olaraq məhz həmin aktrisalardan olan Leyla Bədirbəyli haqqında əldə etdiyimiz məlumatları oxucularımızla bölüşmək qərarına gəldk.

Azərbaycan səhnəsinin gözəllik pərisi hesab olunan və milli kinomuza özünəməxsus əlvanlığı gətirən məşhur aktrisa Leyla Bədirbəyli 1920-ci il yanvarın 8-də Bakıda anadan olub.

Leyla Bədirbəylinin atası Ağalar kişi uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Ehtiyata buraxıldıqdan sonra isə Energetika Texnikumunda direktor işləyib, 90 yaşında vəfat edib. Anası Bikə xanım isə Şəmkirin Dəllər kəndindəndir.

Leylanın səhnəyə gəlişindəki ana faktoru

Leyla Bədirbəylinin sənətə gəlməyində isə məhz anası Bikə xanımın böyük rolu böyük olub. Belə ki, Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özüylə bura aparırmış. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Fərqli xarici görünüşə və rəqs bacarığına sahib olan Bədirbəyli Dövlət Filarmoniyasına dəvət edilir.

On altı yaşında rəqqas Fərəc Cavanşirovla ailə həyatı qurur. Bir il sonra onların oğlu doğulur. Gənc ana olan aktrisa işindən ayrılmır və səhnə fəaliyyətini davam etdirir. Lakin Leyla Bədirbəyli ilə Fərəc Cavanşirovun evliliyi cəmi 4 il çəkir.

Diş həkimində başlayan sevgi                                            

Leyla Bədirbəylinin ikinci həyat yoldaşı diş həkimi Kamil Aslanov olmuşdur. Hətta Leyla Bədirbəyli ilə Kamil Aslanovun tanışlıqları da öz qəribəliyi ilə seçilir. Belə ki, Kamil Aslanov diş həkimi olsa da rəqs etməyi çox sevirmiş və bu səbəblə Əli Bayramov klubuna gedir. Leylanı da bu rəqs klubunda görür və çox bəyənir. Məhz bu səbəbdəndir ki, Leyla günlərin birində anasını da götürüb diş həkiminə aparmaq adı ilə Kamilin işlədiyi xəstəxanaya gətirir. Lakin, bu gedişlərin sayı çoxaldıqca Leylanın anasının da hər dəfə bir dişi çəkilirmiş. Elçi gələndə isə artıq hər şey bəlli olur. Bikə xanım zarafata salıb deyir: “Bir-birinizi sevdiyinizi əvvəldən desəydiniz, mən də dişlərimi çəkdirməzdim”.

Stalinin Leylaya olan heyranlığı

 1938-ci ildə Moskvada Azərbaycan Mədəniyyəti günləri keçirilirdi. Mədəniyyət kollektivinə Üzeyir bəy Hacıbəyov rəhbərlik edirdi. Konsertlərdən birinə Stalin də gəlmişdi. Səhnədə Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivinin çıxışından sonra Stalin kollektivlə görüşdü və yanında əyləşmiş Üzeyir bəyə qızlardan birini göstərib kimliyi ilə maraqlandı. Üzeyir bəy “Leyladır, bizim rəqqasə qızlardan biri” deyə cavab verdi. Stalin qızı yanına çağırıb onu qucaqladı və alnından öpdü: “Sən əsil Azərbaycan gözəlisən”. – dedi. Qeyd edək ki, bundan sonra Stalin və Leylanın dostluqları yaranır.

1945-ci ildə Rza Təhmasib “Arşın mal alan” filmini çəkərkən Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Üzeyir Hacıbəyovun tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir. Hətta belə iddialar da səsləndirilir ki, gözəllik aşiqi olan Üzeyir bəy Leyla Bədirbəylini bu rola ona olan sonsuz sevgisinə görə tövsiyə edib. Bəzi sənət adamları isə ümumiyyətlə bu iki şəxs arasında sevgi münasibətlərinin olduğunu deyirlər.

Elə bu səbəbdəndir ki, Leyla Bədirbəylinin məşhurlaşmasında İosif Stalinin böyük rolu olmuşdu. Onun Leyla Bədirbəylini “Qafqaz gözəli”, “Azərbaycan gözəli” adlandırmasından sonra aktrisanın gözəlliyi daha böyük marağa səbəb olmuşdu.

“Arşın mal alan”  qısa vaxt ərzində dünya şöhrəti qazanır. Filmin yaradıcı qrupu, o cümlədən Leyla Bədirbəyli 1946-cı ildə “Stalin mükafatı”na layiq görülürlər.

 

Leylanın vurduğu şillə

“Dəli Kür” filminin çəkilişləri zamanı Cahandar ağanın arvadı rolunu ifa edən Leyla Bədirbəyli Mələk rolunun ifaçısı aktrisa Zemfira Sadıqovaya rol gərəyi şillə vurmalı idi. Lakin, heç kimin gözləmədiyi halda Leyla xanımın şilləsi çox güclü olur. Zemfira xanım müsahibələrinin birində belə deyir: “Rəhmətlik Reyhan Müslümova da filmdə Cahandarın qızı roluna çəkilirdi. Onunla biz yaşıd idik. Bir gün ikimiz birlikdə yemək yeyəndə qulağımız eşidə-eşidə Leyla Bədirbəyli dedi ki, bunları hardan tapıb gətiriblər. Nə istedadları, nə də gözəllikləri var. Sonra da məlum səhnədə Leyla Bədirbəyli məni elə bərkdən şillələdi ki, yerimdə səntirlədim. Həmin an özümü itirsəm də, dərhal ələ ala bilmişdim. Çünki aparat işləyir, film isə çəkilirdi. Mən özümə aid olan sözümü deməliydim. Əgər o məni elə möhkəm vurmasaydı, həmin hissəni daha yaxşı və başqa cür ifa edərdim. Amma Allah rəhmət etsin. O, sonradan heç bir üzrxahlıq etmədi. Halbuki, edə bilərdi”.

 Əliağa Vahidin Leyla sevgisi

Leyla Bədirbəylinin pərəstişkarları sırasında məşhur qəzəlxan Əliağa Vahidin də adı çəkilir. Hətta şairin aktrisaya erotik şeirlər həsr etdiyi də deyilir. Əliağa Vahidə həsr olunmuş “Qəzəlxan” filmində Nübar Novruzovanın canlandırdığı aktrisa obrazı məhz Leyla Bədirbəylinin prototipidir.

Onu da qeyd etmək lazımdır ki, xalq şairi Səməd Vurğun da Leyla Bədirbəylinin gözəlliyinin aşiqi olub. Hətta şairin aktrisaya “Allı-güllü Leylam” adlı şeir də həsr etdiyi deyilir. Həmin şeir isə sonradan mahnıya çevrilib. Bu şeirdən sonra şairlə aktrisanın sevgi münasibətlərinin olduğu barədə də müxtəlif fikirlər səslənib.

Leylanın ən məşhur film və tamaşaları

Leyla Bədirbəyli bir çox film və tamaşalarda baş rollarda çəkilmişdir. Onun oynadığı tamaşalar arasında “Solğun çiçəklər”,  “Məhəbbət”, “Pəri cadu”, “Almaz”, “Xanlar”, “Vaqif”, “Şərqin səhəri”, “Xoşbəxtlər”, “Şeyx Sənan”, “Asif, Vasif və Ağasif”, “İntizar”, “Kişi sözü”, “Dərviş Parisi partladır”, “Koroğlu”, “O olmasın bu olsun”, “Araşdırın!”, “Sevil”, “Arşın mal alan”, “Dəli kür” və bir çox film və tamaşaları misal göstərmək olar.

 

Mükafatları

Aktrisa “Azərbaycan SSR xalq artisti” və  “Azərbaycan SSR əməkdar artisti” fəxri adlarına, “Stalin”mükafatına, “Azərbaycan SSR Dövlət mükafatına”, “İstiqlal” ordeninə, o cümlədən “Əməkdar fərqlənməyə görə” medalına layiq görülmüşdür.

Leyla Bədirbəyli ilə Hökümə Qurbanovanın davası

Leyla Bədirbəyli xeyli müddət Akademik Milli Dram teatrında aktrisa kimi fəaliyyət göstərib. Adil İskəndərov teatra rəhbərlik etdiyi dönəmlərdə ən yaxşı qadın obrazlarının bir çoxunu Leyla xanıma həvalə edirmiş. Bu isə o zamanlar teatrın priması hesab olunan, demək olar ki, bir çox qadın aktrisalarla intriqalar yaşayan Hökümə Qurbanovanın xoşuna gəlmir. Onların arasında ziddiyyətli davalar baş verir. Hətta aktrisanın adı gənc aktyorla hallanır.

Bu barədə iclasların birində söhbət açılır. Bundan sonra aktrisa doğma teatrından incik düşür və oradan gedir. Sonra heç vaxt “Azdrama”ya qayıtmır.

Ailəsindəki son travma

Həyat yoldaşı Kamil Aslanov Almaniyaya gedir. Ordan Azərbaycana qayıdanda Ukraynada ağır yol qəzasına düşərək vəfat edir. Bu hadisədən bir il sonra isə aktrisanın qızı Laləni Bakıda maşın vurur. O, isə 48 yaşında dünyasını dəyişir. Məhz bu iki hadisədən sonra Leyla Bədirbəyli əsəb xəstəliyinə tutulur, heç kimlə görüşmək, danışmaq istəmir və özünə qapanır. Yalnız 1999-cu ilin yanvar ayının 1-də mərhum prezident Heydər Əliyev ona “İstiqlal” ordenini verərkən evdən çıxır. Elə həmin ilin noyabr ayının 23-də 79 yaşında dünyasını dəyişir.

Hazırladı: RÖVŞANƏ

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!