Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən günkü çıxışında ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana ölkə daxilində populyar olan və daha mötədil baxışlara sahib bir şəxs rəhbərlik edə bilər. Tezadlar.az CNN- nin canlı efirinə istinadla xəbər verir ki, o, bu fikirləri Almaniya Kansleri Fridrix Mertslə Ağ Evdə keçirdiyi görüş zamanı səsləndirib. Sonuncu İran şahının böyük oğlu Rza Pəhləvinin hakimiyyətə gəlişi ilə bağlı suala cavab verən Tramp deyib ki, ABŞ bu barədə çox düşünməyib və əlavə edib ki, daha uyğun namizəd ölkə daxilindəki biri ola bilər. Tramp həmin şəxsin kimliyinə işarə vurub, amma adını açıqlamayıb. Eyni zamanda, Tramp qeyd edib ki, ən pis ssenari mövcud rəhbərliyin dəyişdirilməsindən sonra əvvəlkindən heç də yaxşı olmayan bir şəxsin hakimiyyətə gəlməsi olar. Onun sözlərinə görə, ABŞ belə bir vəziyyətin baş verməsini istəmir. Donald Tramp İranın hakim rejiminin bəzi üzvləri ilə işləməyə hazır olduğunu bildirib . “Politico” jurnalının yeni İran rejimi ilə işləməyi düşünmək üçün çox gec olub-olmadığı sualına ABŞ prezidenti “Xeyr, hələ də gec deyil” cavabını verib.
Bu arada, İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına verdiyi açıqlamada bildirib ki, ABŞ və İsrail İrandakı siyasi sistemin dəyişməsinə ümid etməməlidirlər, bu vəzifə onlar üçün mümkün deyil. “Əgər onların məqsədi sistemi dəyişdirməkdirsə, bu, mümkün deyil”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin ölümü ölkənin düşmənlərinə məqsədlərinə çatmağa kömək etməyəcək. Əraqçi həmçinin bildirib ki, İranın yeni lideri (Ali rəhbəri – red.) bir-iki gün ərzində daha dəqiqliyi ilə seçiləcək.
Bəzi beynəlxalq nəşrlər isə Trampın İrana rəhbərlik edı biləcək şəxs dedikdə hazırkı prezident Pezeşkiana işarə vurduğunu ehtimal edirlər. Çünki hazırkı prezident dəfələrlə İran xalqının daha yaxşı yaşamasını, azadlıq hüquqlarından istifadə etməli olduğunu və buna haqqı çatdığını səsləndirib. Hətta dini liderin də iştirak etdiyi bir tədbirdə bu məzmunlu çıxışı zamanı onun mikrofonu söndürülüb.
Sonda: İsrailin dəqiq raket zərbələri zamanı İran prezidentini hədəfə almaması da Trampın ona rəğbətli olmasına əsas verir…
A.Məmmədli