Millət vəkili Qüdrət Həsənquliyev mediaya açıqlamasında deyib ki, “insanlar məhkəmələrin qərarlarından şikayətçidirlər və məhkəmələrdə ədalət tapa bilmədiklərini bildirirlər”. Ekspert Əkrəm Həsənov bu barədə maraqlı şərh verib. “…Deputat 26 fevral tarixində Baş Nazir tərəfindən keçirilmiş İqtisadi Şuranın iclasında İnam Kərimovun oturduğu yerdən narazılığını bildirib: “Məni təəccübləndirən və təəssüfləndirən orada Ali Məhkəmənin sədrinin əyləşdirildiyi yer oldu. Bunun özü də cəmiyyət üçün bir mesajdır. Ali Məhkəmənin sədri məhkəmə hakimiyyətinin başında duran şəxsdir və Nazirlər Kabinetinin tərkibinə daxil olmayan bir adamdır. O, ən azından Baş Nazirin yanında əyləşməli idi. Amma nazirlərin arasında əyləşdirilmişdi və bu, hər halda yaxşı bir təəssürat yaratmırdı. Görünür, düşünürlər ki, İnam müəllim hələ də kənd təsərrüfatı naziridir.” Sözün düzü, İnam müəllimi geri kənd təsərrüfatı nazirliyinə göndərsəydilər, hər iki sahə üçün çox yaxşı olardı. Çünki o, Ali Məhkəmənin sədri olandan məhkəmə sistemi (xüsusilə əhalini narahat edən mülki işlərdə) də, kənd təsərrüfatı sektoru da geriləyib. Odur ki, İnam Kərimov gedib aqrar sektoru yenidən dirçəltsin, məhkəmə sisteminə isə… yox, Ramiz Rzayevi geri qaytarmasınlar, çünki qanuna əsasən yaşına görə hakim ola bilməz. Hakimlərimiz arasında az da olsa bir neçə savadlı və dürüst hüquqşünaslar var. Onlardan birini təyin etsinlər. Amma mütləq hakim təcrübəsi olan olsun ki, işi kökündən bilsin və Elşad Abdullayevin “Beynəlxalq Universitet”inin hüquqşünas diplomunu qiyabi əldə etmiş ilk təhsili uroloq olanların sözü ilə oturub-durmasın. Yeri gəlmişkən, uroloqları da aidiyyəti üzrə səhiyyə sisteminə göndərmək lazımdır…”.
Nə deyək! Hələki Azərbaycanda islahatlar gənclərə həvalə olunub, amma…
SƏBUHİ