13 Mart 2026 / 13:00

Bakıda od qiymətinə satılan soğan, portağal və naringi sahələrdə çürüyür-DƏHŞƏT-VİDEO

Keçək mətləbə: Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC -nin məqsəd və məramı barədə aşağıda rəsmi təqdimat ediləcək. Lakin bu qurumun dövlət büdcəsindən aldığı vəsaitlər hesabına yerli fermerlərin məhsullarını ölkə üzrə əlçatan etməsini çox adam bilmir. Amma bilmək lazımdır ki, ASC İdarə Heyətinin sədri Elgün Məmmədəlizadə bu missiyanın necə yerinə yetirildiyini yerində araşdırma aparmadığından dəqiqliyi ilə bilmir. Məsələn, “Təzadlar” dəfələrlə yazıb, çəkib və göstərib ki, rayonlarda fermerlər min zəhmət hesabına yetişdirdiyi min tonlarla soğanı çürüdüb hara gəldi tökürlər. Bakıda isə bu məhsul hazırda da 0,8-1 manat arasındadır. Niyə belədir?

“Aqrar Tədarük və Təchizat” ASC–nin missiyasına diqqət edək:

“-Kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılmasına nail olaraq kənd təsərrüfatı sektorunun təşviqi və dəstəklənməsi yolu ilə ölkənin qeyri-neft sektorunun inkişafında özünəməxsus rol oynamaq;

-Dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edərək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq;

-Dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək.

Gələcəyə baxışımız

-İnnovativ həllər tətbiq edərək, ölkədə kənd təsərrüfatı bazarının tam təkmil səviyyəyə çatdırılmasında lokomotiv rol oynamaq;

-Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılmasında iştirak etmək;

-Fermer və qida istehsalçılarının aqrar ticarət zəncirində iştirakını təşkil etmək və dəstəkləmək;

-Kənd turizmi və ekoturizmin inkişaf etdirilməsində iştirak etmək;

-Kənd təsərrüfatı və emal sənayesi məhsullarının istehsalını, ixracını təşviq etdirmək və dəstəkləmək;

-Yerli fermer və qida istehsalçılarının məhsullarının ölkə xaricində təbliğində və müsbət reputasiyasının yaradılmasında iştirak etmək”.

Gördünüzmü, missiya hara, real vəziyyət hara! Qubada alma çürüyür-ASC rəhbərliyinin xəbəri yoxdur…
Ağdamda, Ağcabədidə, Bərdədə… -soğan çürüyür, ASC bixəbərdir!
Gədəbəydə, Tovuzda kartof sahələrdə qalıb-ASC-nin xəbəri yoxdur…
Qazaxda, Şəmkirdə pomidor, xiyar satılmır, tökülüb qalıb-ASC rəhbərliyi bunun səbəbini bilmir…
Astarada portağal, mandarin ağacda qalıb, yenə də ASC xəbərsizdir…
Bunu biz demirik, deputat Anar İsgəndərov deyir. Sitat: “Astarada olanda portağal və naringilərin sahələrdə qaldığının şahidi oldum. Səbəbini soruşduqda satış üçün yer tapa bilmədiklərini dedilər”. Deputat Milli Məclisin Aqrar siyasət komitəsinin “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda təşkil etdiyi ictimai dinləmədə bildirib. Yenə də giley dolu sitat: “Əkilən satılmalıdır, satılmasa, onda o fermerin üzü gülə bilməz. Qanunverici orqan olaraq bizə elə tövsiyələr verilməlidir ki, onu qanun şəklinə salaq və kənd təsərrüfatı ilə bağlı uğurlara nail olaq. Burada süni intellektlə bağlı deyilənləri qəbul edirəm. Bu gün mənim kənddə 12 sot torpağım var, onu buradan idarə edirəm, hansı dərmanın nə vaxt verilib-verilməməsini və digər məsələləri tapşırıram”.
Biz Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC rəhbərliyinin diqqətinə faktları çatdırdıq. Təbii ki, tədbir görülməsi üçün, oxuyub “Əşşiii” deyilməsi üçün yox…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!