Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Baharın nəfəsi duyulan bu günlərdə elə bir sevincli axşam gəlir ki, o axşam təkcə təqvimdə bir tarix deyil, xalqın yaddaşında, ruhunda, minillik adət-ənənələrində yaşayan müqəddəs bir gündür. Bu gün Torpaq çərşənbəsi –oyanış fəlsəfəsi, fəxarət mənbəyi, qürur nəfəsi, İlaxır çərşənbədir.
2026-cı ilin bu əziz günü – 17 mart çərşənbəsi- Novruz bayramından əvvəlki sonuncu çərşənbədir və xalq arasında Axır çərşənbə kimi də tanınır. Elə buna görə də insanlar bu günü xüsusi sevinclə, ümidlə və bayram əhvalı ilə qarşılayırlar.
Torpaq çərşənbəsi sanki qışın son sükutunu pozan, təbiətin qəlbində gizlənmiş bahar müjdəsini üzə çıxaran bir çağırışdır.
Bu gün torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır, təbiət yenidən nəfəs almağa başlayır.
Uşaqlıq xatirələrinin işıqlı çərşənbəsi…
Bu bayram təkcə təbiətin deyil, həm də insanların xatirələrinin oyanışıdır. İlaxır çərşənbə gələndə çoxlarının gözləri qarşısında uşaqlıq illərinin şən səhnələri canlanır.
Bir vaxtlar bu axşamlar ocaq qalayardıq, tonqalların alovu səmaya yüksələrdi. Hər kəs həmin tonqalın üstündən tullanardı. Hər tullanışda bir arzu, bir dilək səslənərdi.
Elə bil insan bütün ağırlığını, kədərini, dərdini alovun içində qoyub gələcəyə daha yüngül, daha ümidli addımlayırdı.
Səhər tezdən oyanardıq. Gün doğmamış bulaq başına gedərdik. Bulağın saf sərin suyunda üzümüzü yuyar, təbiətin təzələnmiş nəfəsini içimizə çəkərdik. İnanc vardı ki, həmin səhər suya toxunan insan bütün il boyu saf və sağlam olar.
Uşaqlar yanar top-şarlar düzəldib göyə tullayardılar. Qaranlıq səmada işıq saçan o alov topaları sanki insanların arzularını səmaya – ulduzlara aparırdı.
Bir də o qədim adət – qapı pusmaq…
Xoş söz eşitmək ümidi ilə qapılar arxasında dayanardıq. İlk eşitdiyimiz sözün taleyimizə işıq salacağına inanardıq. Ona görə də həmin axşam hamı çalışardı ki, yaxşı söz danışsın, xoş niyyət dilə gətirsin ki, eşidənlər də sevinsin.
Dörd ünsürün tamamlanması…
Novruz öncəsi gələn çərşənbələr xalqın qədim dünyagörüşündə təbiətin dörd əsas ünsürü ilə bağlıdır: Su, Od, Yel və Torpaq.
Bu oyanış sadəcə təbiətin deyil, həyatın yenidən başlanmasının rəmzidir.
Torpaq – müqəddəs nemətdir, əvəzolunmazdır:
Çünki torpaq təkcə bir parça yer deyil. O, millətin yaddaşıdır, tarixidir, köküdür. İnsan torpağa sahib olmur, əslində torpaq insanı yaşadır.
Torpaq sevgisi elə Vətən sevgisidir.
Bu sevgi xalqın ruhunda min illərdir yaşayır və nəsildən-nəslə ötürülür.
Qarabağ xatirələri və unudulmayan adətlər…
Bu bayramın ən təsirli tərəflərindən biri də onun Qarabağın özəl adətləri ilə bağlı xatirələridir.
Qarabağ kəndlərində, dağətəyi yurd yerlərində İlaxır çərşənbə xüsusi təntənə ilə qeyd olunardı.

Həyətlərdə tonqallar qalanar, səmənilər göyərər, xonçalar düzülərdi. Uşaqların sevinci, böyüklərin dua və arzuları bir-birinə qarışardı.
Bu adətlər illərin çətinliklərindən keçsə də unudulmadı. Çünki xalqın yaddaşında yaşayan bayramları heç bir zaman silmək mümkün deyil. Son illərdə isə bu bayram daha şövqlə, qürurla, sevinclə keçirilir.
ÇÜNKİ QARABAĞ DAHA AZADDIR. QARABAĞIN MÜQƏDDƏS TORPAĞI ARTIQ RAHAT NƏFƏS ALIR, DİRÇƏLİR, İNKİŞAF EDİR. QARABAĞ ELƏ SUVEREN AZƏRBAYCANDIR!!!
Baharın müjdəsi…
İlaxır çərşənbə həm də baharın qapıda olduğunu xəbər verir. İnsanlar evlərini təmizləyir, qonaq gedir, qonaq qəbul edir, əzizlərini ziyarət edir, xəstələrə baş çəkir, küsənləri barışdırır, həyətlərini səliqəyə salır, bağ-bostanı əkinə hazırlayırlar.
Bayram süfrələrinin ortasında səməni qoyulur. Səməni torpağın bərəkətinin və həyatın yenidən başlanmasının rəmzi kimi boy atır, göyərir.
Boyanmış yumurtalar, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilmiş xonça sanki bolluq və firavanlığın simvoluna çevrilir.
Bayram arzuları…
İlaxır çərşənbə insanlara ümid gətirən, ürəkləri işıqlandıran bir axşamdır. Bu axşam insanların dilindən yalnız yaxşı sözlər, xoş arzular səslənir.
Qoy bu müqəddəs torpaq həmişə bərəkətli olsun.
Qoy yurdumuzun hər qarışı sülh və firavanlıq içində yaşasın.
Qoy torpaq sevgisi hər birimizin qəlbində daim yaşasın.
Bayramımız mübarək olsun!
Torpaq çərşənbəmiz nurlu, xeyirli olsun!
Bu Bahar evlərimizə sevinc, ocaqlarımıza istilik, qəlblərimizə ümid gətirsin!!!
XALQIMIZIN, MİLLƏTİMİZİN, DÖVLƏTİMİZİN, PREZİDENTİMİZİN SEVDİYİ, ƏZİZLƏDİYİ MÜQƏDDƏS AZƏRBAYCAN TORPAĞI ƏBƏDİ VAR OLSUN, DAİMA ÇİÇƏKLƏNSİN!!!
İLAXIR – TORPAQ ÇƏRŞƏNBƏMİZ MÜBARƏK!.
Əlövsət Qaraca ƏLİYEV