18 Mart 2026 / 14:58

“Laricaninin qanı yerdə qalmayacaq”- TƏCİLİ

Bu da fakt: İran Prezidenti Məsud Pezeşkian Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qətlə yetirilməsinə görə cavabdeh tərəflərdən amansız qisas alınacağını bəyan edib. Tezadlar.az xəbər verir ki, bu barədə İranın Prezident Administrasiyası məlumat yayıb. “Əli Laricaninin ölümü son dərəcə kədərli hadisədir. İranın məsum, lakin fədakar müdafiəçilərinin qanına bulaşan hər kəsdən amansız qisas alacağıq. Onun qanı yerdə qalmayacaq”, – deyə Pezeşkian bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçı isə öz növbəsində qeyd edib ki, İranın siyasi sistemi dayanıqlıdır və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümü ölkənin sabitliyinə təsir göstərməyəcək. “İran İslam Respublikası güclü və sabit siyasi sistemə malikdir və siyasi, iqtisadi və sosial institutları mövcuddur. Tək bir şəxsin olması və ya olmaması bu strukturu sarsıda bilməz”, – deyə o, Laricaninin ölümünü şərh edərkən bildirib.

Əraqçı qeyd edib ki, sistemdə ali rəhbərdən daha vacib fiqur yoxdur, lakin onun ölümündən sonra belə hər şey fəaliyyətini davam etdirib.

Qeyd edək ki, Əli Laricaninin ötən gecə İsrailin endirdiyi hava zərbələri nəticəsində öldürüldüyü açıqlanıb.

Müharibə isə davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!