Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanda Ramazan bayramıdır. Tezadlar.az xəbər verir ki, Azərbaycanda Ramazan ayı fevralın 19-da başlayıb. Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edib. Hər il olduğu kimi, bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq. Qazılar Şurasının Fətvasına görə imkanı olan hər bir şəxsə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
XXX
Azərbaycanda bu gün həm də Novruz bayramı qeyd edilir. Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa Şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. 2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib. Bu il yaz fəsli Azərbaycana 20 mart saat 18:46-da daxil olacaq.
Qeyd edək ki, Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günüdür.
Bayramlarınız mübarək! Ən vacibi və əhəmiyyətlisi budur ki, hər iki bayram Ermənistan və Rusiyanın işğalından tam azad Qarabağın hər yerində qeyd olunur!