26 Mart 2026 / 10:10

“Aqrar Tədarük və Təchizat” ASC fermerlərin bu dərdinə çarə tapmasa…

…Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC -nin məqsəd və məramı barədə dəfələrlə yazmışıq. Yenidən bu mövzuya qayıtmalı olduq. Söhbət fermerlərin minbir əziyyətlə yetişdirdiyi kənd təsərrüfatı məhsullarının satılmasındakı illərdir davam edən problemlərdən gedir.

Təkrarən deməyə məcburuq ki, ASC- nin əsas vəzifəsi dövlət büdcəsindən aldığı vəsaitlər hesabına yerli fermerlərin məhsullarını ölkə üzrə istehlakçılara əlçatan etməkdir. Yəni, sadə dildə desık, fermerlərlə müqavilə bağlayıb onların məhsullarını alıb ilboyu süfrələrimizə çatdırılmasını təmin etməkdir, dövlət büdcəsi isı bu məqsədlə hər il milyonlarla vəsait ayırır ki, fermer hər il məhsulunun həm becərilməsində, həm də satmasında maraqlı olsun. Amma vı lakin…

XXX

İndi gəlin “Aqrar Tədarük və Təchizat” ASC–nin pəsmi saytındakı missiyasına diqqət edək: “-Kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılmasına nail olaraq kənd təsərrüfatı sektorunun təşviqi və dəstəklənməsi yolu ilə ölkənin qeyri-neft sektorunun inkişafında özünəməxsus rol oynamaq;

-Dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edərək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq;

-Dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək.

Gələcəyə baxışımız

-İnnovativ həllər tətbiq edərək, ölkədə kənd təsərrüfatı bazarının tam təkmil səviyyəyə çatdırılmasında lokomotiv rol oynamaq;

-Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılmasında iştirak etmək;

-Fermer və qida istehsalçılarının aqrar ticarət zəncirində iştirakını təşkil etmək və dəstəkləmək;

-Kənd turizmi və ekoturizmin inkişaf etdirilməsində iştirak etmək;

-Kənd təsərrüfatı və emal sənayesi məhsullarının istehsalını, ixracını təşviq etdirmək və dəstəkləmək;

-Yerli fermer və qida istehsalçılarının məhsullarının ölkə xaricində təbliğində və müsbət reputasiyasının yaradılmasında iştirak etmək”.

Real vəziyyəti isə bu yaxlnlarda bölgədə olanda özümüz gördük, təəssüflənməli olduq. Qubada alma çürüyür-ASC rəhbərliyinin xəbəri yoxdur… Ağdamda, Ağcabədidə, Bərdədə… -soğan çürüyür, alıcısı yoxdur, ASC bixəbərdir!  Gədəbəydə, Tovuzda kartof sahələrdə qalıb-ASC-nin xəbəri yoxdur… Qazaxda, Şəmkirdə pomidor, xiyar satılmır, tökülüb qalıb-ASC rəhbərliyi bunun səbəbini bilmir…  Astarada portağal, mandarin ağacda qalıb, yenə də ASC xəbərsizdir…
Bunu təkcə biz demirik, deputat Anar İsgəndərov az əvvəl də deyib. Sitat: “Astarada olanda portağal və naringilərin sahələrdə qaldığının şahidi oldum. Səbəbini soruşduqda satış üçün yer tapa bilmədiklərini dedilər”.
 Deputat Milli Məclisin Aqrar siyasət komitəsinin “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda təşkil etdiyi ictimai dinləmədə bildirib. Yenə də giley dolu sitat: “Əkilən satılmalıdır, satılmasa, onda o fermerin üzü gülə bilməz. Qanunverici orqan olaraq bizə elə tövsiyələr verilməlidir ki, onu qanun şəklinə salaq və kənd təsərrüfatı ilə bağlı uğurlara nail olaq. Burada süni intellektlə bağlı deyilənləri qəbul edirəm. Bu gün mənim kənddə 12 sot torpağım var, onu buradan idarə edirəm, hansı dərmanın nə vaxt verilib-verilməməsini və digər məsələləri tapşırıram”.
Biz Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC rəhbərliyinin diqqətinə bəzi faktları çatdırdıq. Məsələn, hazırda fermerlər soğan və kartof əkinini və becərilməsini davam etdirir. Amma Yevlax- Bərdə- Ağdam- Ağcabədi magistral yolun kənarında yük maşınlarında tayalanmış soğan və kartof kisələrini görəndə təəccübləndik, məyyus olduq. Soğanın 18-20 kq- lıq kisələri 5 manata satılır, amma onu da alan yoxdur… Kartofun eyni çəkili kisələri 10 manata təklif olunur, yenə də yaxın duran yoxdur. Beləliklə, soğanın, kartofun 1 kq-nın neçəyə olduğunu özünüz hesablayın…
XXX
Problem bir də nədədir: ötən mövsümdəki məhsulunu sata bilməyən fermer bu il hansı maraqla yenidən soğan və ya kartof becərəcək??? Bəs niyə “Aqrar Tədarük və Təchizat” ASC rəsmiləri bu məhsulları tədarük edib istehlakçılara əlçatan edə bilmir? Axı, bu onların birbaşa vəzifəsidir! Halbuki Bakıdakı kolxoz bazarlarında soğan 60-80 qəpiyə satılır. Bir azdan isə 1,5-2 manata satılacaq. Bunu bilmək üçün daha nə lazımdır?! Ötən illərin acı təcrübəsi də dərs olmursa, daha nə deyək! Məsələn, təkcə Qarqar çayın ətrafına elə indinin özündə göz qoymaq yetər ki, fermerlər sata bilmədiyi min tonlarla soğanı zibil kimi hara gəldi töküblər… Ağdamda, Ağcabədidə gördüklərimiz isə bizi çox məyyus etdi…
Media olaraq bizim vəzifəmiz problemi göstərmək idi, göstərdik, tədbir görmək birbaşa vəzifəsi olanlar isə hərəkətə keçməli, fermerlərin yanında olmalı, dərdinə çarə tapmalıdır!
A.Məmmədli
Bakı- Ağdam- Ağcabədi- Bakı
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!