31 Mart 2026 / 05:22

İsrail fələstinli məhbusları hədəf alan ölüm cəzası qanununu təsdiqlədi

İsrail Knesseti (Parlamenti) fələstinli məhbuslar üçün ölüm cəzasının tətbiq edilməsini nəzərdə tutan mübahisəli qanun layihəsini təsdiqləyib.

Tezadlar.az xəbər verir ki, beynəlxalq tənqidlərə səbəb olan qanun layihəsi Knessetin plenar iclasında 62 səs lehinə, 48 səs əleyhinə qəbul edilib.

İsrail Baş naziri Binyamin Netanyahunun da fələstinlilərə ölüm cəzası tətbiq edəcək qanun layihəsinin lehinə səs verdiyi görülüb.

Son səsvermə zamanı Demokrat Partiyasının Knesset üzvü Gilad Kariv ilə qanun layihəsini dəstəkləyən ifrat sağçı Knesset üzvləri arasında sözlü qarşıdurma baş verib.

İsrail Knessetindəki səsvermənin nəticəsini qanun layihəsini hazırlayan ifrat sağçı Yəhudi Gücü Partiyasının üzvü Limor Son Har-Melech açıqlayıb.

İfrat sağçı milli təhlükəsizlik naziri və qanun layihəsinin fələstinlilərə qarşı zorakılığı və zülmü artırmaq və bölgədə daha aqressiv siyasət yürütmək səylərində aparıcı fiqurlardan biri olan İtamar Ben-Qvir səsvermədən əvvəl “mühakimə saatı gəldi” deyə təhdidlər edib.

Bundan əlavə, qanun layihəsinin təsdiqindən sonra Ben-Qvirin Knessetdə şampanla qeyd etmək cəhdinin qarşısı təhlükəsizlik işçiləri tərəfindən alınıb.

Fələstinli məhbuslar üçün ölüm cəzasını nəzərdə tutan qanunda edamların İsrail Həbsxana Xidməti tərəfindən təyin edilmiş mühafizəçilər tərəfindən asılmaqla həyata keçiriləcəyi nəzərdə tutulur. Edamı həyata keçirən mühafizəçilərə anonimlik və təqibdən toxunulmazlıq veriləcək.

Edam cəzasına məhkum edilənlər ayrı bir saxlama mərkəzində yerləşdiriləcək və səlahiyyətli işçilərdən başqa heç kimin onları ziyarət etməsinə icazə verilməyəcək; vəkillərin görüşləri yalnız video konfrans vasitəsilə olacaq.

Qanun layihəsində ölüm cəzasının prokurorluğun tələbi olmadan tətbiq edilə biləcəyi və ölüm hökmü üçün yekdilliyin tələb olunmayacağı; qərarın sadə səs çoxluğu ilə qəbul ediləcəyi bildirilir.

Qanun layihəsində İsrailin işğalı altında olan Qərb Şəriyəsindəki hərbi məhkəmələrə ölüm hökmləri çıxarmağa icazə verən müddəaların olduğu, Müdafiə Nazirinin məhkəmə prosesi barədə şərh vermək hüququna malik olduğu bildirilib. Həmçinin qeyd edilib ki, qanun layihəsində İsrailin işğalı altında olan və ölüm hökmünə məhkum edilmiş fələstinli məhbusların əfv və apellyasiya şikayətlərindən azad ediləcəyi nəzərdə tutulur.

İsraildə ölüm hökmü ömürlük həbs cəzası ilə əvəz edilə bilər.

Təsdiqlənmiş qanunda ölüm hökmünün tətbiqi üçün əsas kimi “İsrailin mövcudluğunu inkar etmək niyyəti ilə bir israilli və ya İsrail sakinini öldürmək” göstərilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!