Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Mart 2026 / 09:40

SƏMƏD VURĞUN POEZİYASINDA MİLLİ DƏYƏRLƏR

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev, 23 fevral 2026-cı il tarixində, Azərbaycan pedaqoji antologiya salnaməsində yeni, parlaq bir mərhələnin başlanğıcını qoyan Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır.

Azərbaycanın pedaqoji fikir səmasında Nizami Gəncəvi necə bir günəşdirsə, Səməd Vurğun da həmin səmanı işıqlandıran parlaq ulduzlardan biri kimi öz sözünü demişdir. Və yaxud, Azərbaycan xalqının düşüncə tarixində Nizami Gəncəvi necə əbədi bir söz abidəsidirsə, Səməd Vurğun da həmin abidənin davam edən nəfəsi, yaşayan ruhudur.

​​​Dünya məndən soruşdu ki,

​​​De, məsləkin, yolun nədir?

Dedim: Vətən torpağına

Könlüm quşu pərvanədir.

Səməd Vurğunun bu suala verdiyi cavab vətənə olan sevgiyə və onun müqəddəsliyinə işarə edir. Şairin bir məsləyi, bir amalı var. O da vətənə xidmət, həm də layiqincə xidmətdir. Vurğun vətənini sevmək və ona xidmət etmək məqsədini yaradıcılığının ilk  illərindən ən yüksək hədəf olaraq seçmişdir. Vətən torpağı, şairin təfəkküründə vətənə olan xidmət və çağırışın məkanıdır.

Azərbaycan məktəb və pedaqoji fikir tarixinin üfüqlərini genişləndirənSəməd Vurğun vətəninə olan möhkəm sevgi və heyranlıqla şeirini ərsəyə gətirən bir vətən şairidir. Poeziyada vətəndaşlıq keyfiyyətlərini ən yüksək sənətkar məziyyəti hesab edərək, o, sənətini millətin gələcəyinə xidmət etmə vasitəsi olaraq görmüşdür. S.Vurğun yazırdı ki, “Vətən eşqindən ilham alan bir şair ömrü boyu bəxtiyardır… hər hansı bir qələm sahibi, kim üçün yazıram? – deyə özünə sual verdiyi zaman, qarşısındakı kamala yetmiş, öz tarixinin, öz varlığının qədrini bilən bir xalq gördükdə qartal qanadları ilə uçar, onun vətəndaşlıq vüqarı şeir və sənət ilhamına yelkən qaxar, içindən əbədi olaraq “Yarat!”, “Yarat”! – deyə bir səs gələr”.

Şairin “Xanlar”, “Komsomol poeması”, “Fanar”, “26-lar”, “Bəsti”, “Aygün” və digər əsərləri sovet ideologiyasının siyasi və sosial quruluşlarını əks etdirir. Lakin bu gün artıq həmin ideologiyalar və qurumlar – sosializm, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı, kolxoz, sovxoz, kommunizm – tarixə qovuşmuşdur. Ancaq demək olmaz ki, şairin əsərlərindəki adət-ənənələr, mövsümi mərasimlər, kənd-şəhər həyatının xüsusiyyətləri və poetik tərbiyəvi fikirlər də öz əhəmiyyətini itirib tarixə qarışmışdır. Xeyir, bu sözlər hələ də şairin surətləri vasitəsilə bizimlə danışır və oxucunun ruhuna toxunur. Zaman keçsə də, bu fikir və təsvirlər öz aktuallığını qoruyur və bu gün də hər bir oxucuda dərin izlər buraxır.

“Komsomol poeması”nda oxucuların əzbərdən bildiyi və hər kəsin ruhuna öz izini qoyan “Dünya” adlı şeir, fikrimizin əyani sübutudur.

Ulduzlar havanın bağrını dəlir,

Qayalı dağlardan duman yüksəlir,

Xəyalım gecəni salama gəlir,

Çapdırır atını birbaşa dünya.

Yerlərə baxıram – bağçalı, bağlı,

Göylərə baxıram – qapısı bağlı,

Kainat ixtiyar, sirli, soraqlı,

Əzəldən yaranıb tamaşa dünya.

Bir də görürsən ki, açılan solur,

Düşünən bir beyin bir torpaq olur;

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

Əzəldən belədir çünki kainat,

Cahan daimidir, ömur amanat

Əldən-ələ keçir vəfasız həyat,

Biz gəldi-gedərik, sən yaşa, dünya!

İşıqlandırdığımız bu dörd bənd sovet dövrünün ideologiyasını və xüsusilə də gənclərin həyat, ölüm və dünya haqqındakı baxışlarını poetik şəkildə əks etdirir. Sözlərin ahəngdar və təkrarlanan ritmi ilə oxucuda dərin düşüncələr yaradır, eyni zamanda həyatın keçici olduğunu və dünya ilə əlaqənin sirrini vurğulayır.

“Komsomol poeması” əsərində Səməd Vurğunun dünyaya milliliyimizidaşıyan və Novruz bayramını şairanə şəkildə təsvir etdiyi “Novruz bayramında” adlı bölümü tarixə gömmək mümkünmü? Xeyir, mümkün deyil! Hətta mümkün olsa da, bu, çox böyük itki olardı. Poemada axır çərşənbədə ilin tamam olması, “ilin at üstündə təhvil olması”, hər bir qapıda tonqal yandırılması, uşaqların tonqal üzərindən “hoppanması”, bacadan salınan torbaların, Kosanın şəbehçıxarması, balacaların təzə paltar geyinməsi, gəlinlərin və qızların bəzənib-düzənməsi, əllərinə xına yaxması və qonşu qapıların pusulması kimi gözəl və canlı məqamlar şairin şirin, axıcı dili ilə elə ustalıqla təsvir edilib ki, onları izah etməyə bizim qələmimizin gücü çatmaz. Novruz bayramının o gözəl anlarını ancaq həmin poemadan oxuyub ruhumuzu oxşaya, feyziyab edə bilərik. Qeyd etdiyimiz kimi, “Komsomol poeması”ndakı “Novruz bayramında” bölümü, bizim milliliyimizi dünyaya çatdıran və tarixə qovuşması mümkün olmayan bir şedevrdir.

Novruz bayramının gözəlliklərini daha dərindən işıqlandırmaq üçün bir neçə məqamı nümunə olaraq təqdim edək ki, Səməd Vurğunun əzəmətli təsvirlərinin nə qədər dərinə getdiyini anlamaq mümkün olsun.

​​​Axır çərşənbədir… İl tamam olur…

​​​Bu il, – kənd içində danışır hamı, –

​​​At üstə gəlmişdir Novruz bayramı –

​​​Qulunluq at üstə…

​​​Bu bir muraddır.

​​​Baxın, hər qapıda bir tonqal yanır,

​​​Uşaqlar hoppanır od-alov üstdən;

​​​Göyə şölə düşür, yer işıqlanır,

​​​Od da yandırmayır heç kəsi qəsdən.

​​​Kosanın başında bir keçə papaq,

​​​Zınqırov da asıb lap kəlləsindən.

​​​Onun çıxardığı oyunlara bax,

​​​Nə üzdən tanınır, nə də səsindən.

​​​Gah olur mələyir qoyun sayağı,

​​​Gah da bir at olub kişnəyir kosa.

​​​Yüz qapıya dəyir onun ayağı,

​​​Yüz evdən pay alır o heç olmasa.

​​​Bəzənib-düzənib gəlinlər, qızlar

​​​Xına da qoyurlar öz əllərinə.

​​​Gecələr göz qırpır göydə ulduzlar

​​​Bizim kənd yerinin gözəllərinə.

​​​Təzə paltar geyən körpələr şaddır,

​​​Baxıb ləzzət alır ata-analar.

​​​De, bu gün hamımı qəmdən azaddır?

​​​Yox, bu əziz gündə dərdlilər də var.

​​​Xəyalat başını bir an tərk edir,

​​​Xeyirxah bir xəbər eşitmək üçün

​​​Qonşu qapısını pusmağa gedir…

​​​De, qız nə eşitsə yaxşıdır birdən?

​​​Kimsə öz oğluna: “Toyunu görək!”

​​​Humay bir quş kimi durdu yerindən:

​​​Sıçrayıb göylərə qanad gərərək.

Bütün bunlar bizə onu deməyə əsas verir ki, şair, öz əziz xalqının adət-ənənələrini, sosial və mədəni məişətini, psixoloji xüsusiyyətlərini, dilinin zənginliklərini, estetik koloritini həm maddi və həm də mənəvi aləmini yüksək səviyyədə mənimsəmişdir. Bu yanaşmalar, onun etnoqrafik müşahidələrini sənətkarlıqla birləşdirərək əsərlərində təsvir etdiyi xalq həyatının təbii və təkmil bir şəkildə əks olunmasına imkan vermişdir.

Şairin hər bir şeiri, baharın təravəti kimi təravətli və canlıdır. O, təbiəti poetik dildə o qədər incə və zərif şəkildə bəzəyir ki, oxucunun gözlərində təbiətə qarşı yeni və füsunkar bir baxış yaradır. Hər bir kəlməsində təbiətin təbii gözəlliklərini, rənglərini və hərəkətlərini canlı bir şəkildə canlandıraraqoxucunun ruhunu o aləmə aparır. Şairin dilində təbiət, təkcə mövcud olmayan bir mənzərə deyil, həm də insana ilham verən, gözəlliyi və harmoniya ilə dolu bir dünyadır.

Səməd Vurğun “Təbiət ilhama çağırır məni” adlı şeiri ilə təbiətə, həyatın məna dərinliklərinə və ilhamın mənbələrinə dair düşüncələrini əks etdirən bir poetik səhnə yaratmışdır. Şeirdə təbiət və insan münasibətinin, xüsusən də ruh və bədii yaradıcılıqla əlaqəli hisslərin üzərində dayanan bir düşüncə axını var. Şeirdəki hər bir misra bir duyğu, bir mövzuya yönəlmişdir və şair bu mövzuları təbiət, ilham, məhəbbət və yaradıcılıq müstəvisində birləşdirir. Şeirin hər on iki bəndində təbiət, insan və şairin daxili aləmi arasındakı əlaqə dərindən təsvir edilir. Bu misralarda təbiətin dəyişən fəsilləri, xüsusi olaraq yazın təravəti və təbiətin oyanışı (qarın əriməsi, dağların yaşıllaşması) şairin ruhunu işıqlandırır. Bu, poetik simvolizm vasitəsilə təbiətin insana verdiyi ilhamı göstərir. Dağların “yamyaşıl geyinməsi”, bulaqların “göz kimi duruluğu”, qarın əriməsi və yağışın çəməni islatması – hər bir obraz, şairin yaratdığı əsərin ilham alacağı təbiətin ahəngini və gözəlliyini ifadə edir. Təbiət bir mühitdən daha çox, ilham verən bir mənbəyə çevrilir. Zəmilərin və tarlaların “üzü gülməsi” və sünbülün dəni, təbiətin insan ruhunu nurlandıran gücünü simvollaşdırır. Göylərdən gələn ilham və ya göy üzü ilə əlaqə, şairin mənəvi kök saldığı torpağın mövqeyini əvəzləyir. Torpaq həm maddi, həm də mənəvi mənada şairin varlıq səbəbidir. Şairin torpağa bağlılığı, onun əsərlərinin kökünü təşkil edən mədəni və mənəvi zənginliyi, ilham aldığı mühiti ifadə edir.

Yenə də yamyaşıl geyinir dağlar,

Göz kimi durulur qaynar bulaqlar.

Əriyir güneylər döşündəki qar,

Yağış da isladır o göy çəməni

Təbiət ilhama çağırır məni!

Görürəm, dan yeri yenə sökülür,

Göydən yer üzünə nurlar tökülür.

Zəmilər, tarlalar üzümə gülür,

Saralır gözümdə sünbülün dəni,

Bu nemət ilhama çağırır məni!

Mən yaranmamışam göylər övladı,

Əzəl şöhrətimdir torpağın adı.

Bu eşqim çoxuna qismət olmadı…

Şairim! Aç, payla söz xəzinəni

Şeiriyyət ilhama çağırır məni!

Ürək dil açır ki, – sönməmiş odum,

Hücuma başlayır mənim söz ordum.

Könüllər mülkündə min yuva qurdum;

Unutmaz aləmdə sevən sevəni,

Məhəbbət ilhama çağırır məni!

Göründüyü kimi, şair şeiri ilə təbiət, torpaq, eşq və yaradıcılıq arasındakı əlaqəni poetik şəkildə araşdırır. Təbiətin müxtəlif dövrləri, şairin ruhunu oyandıran, ilham verən bir vasitə kimi təqdim olunur. Onun ilhamını alaraq yaratdığı sənət əsəri, həm də insanın öz daxili aləmi ilə əlaqəsini və ruhunun hərəkətə gəlməsini təmsil edir. Şairin sözləri, təbiətin və insanın ruhunun birləşdiyi, yaradıcı bir aləmi işıqlandırır. Şeirin məzmunu sonda bizə deyir ki, bu aləmdə hər bir kəlmə bir həyat, hər bir misra bir düşüncə, hər bir şeir bir nəfəs alır.

Səməd Vurğunun 1928-ci ildə qələmə aldığı “Andım” şeirində yazır ki:

Mən and içmişəm ki, bir də qələmim

Gözəllərdən ilham almayacaqdır.

Peymanını pozan xəyal həmdəmim

Dərgahıma sayə salmayacaqdır.

Şairin gözəllikdən ilham almayacağına dair içdiyi “and”, onun öz bədii aləmi ilə əlaqəli daxili bir öhdəlik kimi çıxış edir. Bu qərar, şairin müstəqilliyini qorumağa çalışarkən yaradıcı prosesinə bir növ məhdudiyyət gətirir. Lakin bu “and”ın pozulması, şairin öz içindəki mənəvi və psixoloji mübarizəni göstərir. Təbiətə, insana və xüsusilə gözəlliyə qarşı dərin bir ehtiras və vurğunluq hissi keçirən Səməd Vurğun, ilham mənbəyi olaraq gözəllikdən uzaqlaşarsa, yaradıcılığının və poetik təxəyyülünün canlılığını və gücünü itirməzmi? Əlbətdəki itirər. Çünki gözəllik, şair üçün sadəcə bir estetik və bədii mühit deyil, həm də onun daxili aləminin təzahürü, həyatın mənəvi və fiziki gözəlliklərini özündə əks etdirən vacib bir qaynaqdır. Buna görə də, gözəllikdən ilham almaq, Vurğunun poetik inkişafı və yazdığı əsərlərin keyfiyyəti üçün mühüm bir amildir. Şairin ilham mənbələrindən biri olan gözəllikdən məhrum olması, onun yaradıcılığının əsas sütunlarından birinin zəifləməsi anlamına gətirər görüşündəyik.

Deməli, şairin sonrakı illərdə vədinə sadiq qalmaması, həm də onun yazıçı-şair-dramaturq kimi daxili ehtiyacını, yaradıcı təxəyyülünün sərhədsizliyini işıqlandırır. Şairin “xəyal həmdəmim” olaraq səciyyələndirdiyihər bir ilham mənbəyi, onun poetik axtarışının ayrılmaz tərkib hissəsidir. Şairin “peymanını pozan xəyal həmdəmim” deməsi, bir tərəfdən onun öz qəlbinin zəifliyini, digər tərəfdən isə bədii təxəyyülünün nə qədər güclü olduğunu göstərir. Şair öz “andını” pozur, çünki ilhamın qarşısında məğlub olur – ilham bir növ şairin sadiq dostu olur və ona qarşı müqavimət göstərmək, bu bədii inkişafın önündə bir əngəl kimi durur.

Səməd Vurğunun sonrakı illərdə qələmə aldığı “Anam gəlini”, “Təbriz gözəlinə”, “Səlyan gözəli”, “Ruhumda ruhunun parçası vardır”, “Şairin sevgilisinə”, “Ala gözlər”, “Oxu, gözəl” və digər şeirləri, şairin əvvəlki vədlərinə və “andına” xilaf çıxmasından açıq şəkildə xəbər verir. Bu şeirlər, onun gözəlliyə və sevgiyə olan vurğunluğunun və təbiətin cazibəsinə qarşı içindəki müqavimətini pozduğunun, bir növ bədii təxəyyülünə məğlub olmasının simvoludur. Hər bir misrada, o, gözəlliyin, sevgilərin və ilhamın qarşısında yenə də zəif qalır, özünü bu ilham mənbələrindən qurtarmağa çalışsa da, sonda onlara yönəlir və qələmindən yeni bir sevda, yeni bir gözəllik əsəri doğur.

Səməd Vurğun, yuxarıda qeyd etdiyimiz kimi, zamanın fövqünə yüksələrək sənəti ilə əbədiyyət qazanmış sənətkarlardandır. Onun qələmindən süzülən hər bir fikir bu gün də ruha toxunur, düşündürür, yaşadır və yenidən yaradır.

Əziz oxucum! Vurğun öldü deməyək, bir əbədi sənəti var!

KAMAL CAMALOV,

PEDAQOGİKA ELMLƏRİ DOKTORU

NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTUTUNUN PROFESSORU

AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR MÜƏLLİMİ

“QIZIL QƏLƏM” MÜKAFATI LAUREATI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!