4 Aprel 2026 / 10:36

Xatirənin ilməsində incə bir naxış – unutmaq və ya öyrəşmək-Ayşəgül Kösa Sərt Türkiyədən yazır

…Maşınlar qovun daşıyırMən daim onu düşünürdüm

Maşınlar qovun daşıyır və

Mən daim onu düşünürdüm.

Niksarda evimizdə

Bir sərçə qədər azaddım.

Sonra dünya dəyişdi,

Ayrı su, ayrı hava, ayrı torpaq.

Sonra aləm dəyişdi,

Ayrı su, ayrı hava, ayrı torpaq.

Fəsillər nə tez keçdi,

Unutmaq, unutmaq, unutmaq.

Anladım, bu şəhər başqadır,

Hər kəs məni aldatdı, getdi.

Anladım, bu şəhər başqadır,

Hər kəs məni aldatdı, getdi.

Yenə maşın qovun daşıyır,

Yenə maşınlar qovunladır,

Fəqət, içimdə mahnı bitdi...

***

…İnsan qəlbinin ən qədim müdafiəsidir unutmaq, bəlkə də, ən zərif məğlubiyyətidir… Ya da kim bilir, ən böyük lütfü, ən möhtəşəm zəfəridir. Zamanın sərt üzünə qarşı çəkilən incə bir məlhəm kimidir bəzən, bəzən də sağalmayan bir yaranın üstünü örtən ən nazik bir tüldür unutmaq Amma örtürmüş kimi etsə də, gizlədirmiş kimi görünsə də, bilirik ki, bəzi şeylər unudulmur. Sadəcə, dərinə, çox dərinə işləyir, qəlbin ən qaranlıq zirzəmilərinə qədər

Cahid Küləbinin Anadolu qoxusu verən o həssas, duyğulu şeiri “İstanbul,yaxud hekayə” kimi tanınan Niksardan İstanbula uzanan bir ruh yolçuluğudur, əslində. Həsrətin, gözləntinin, ümidin və unutmağın bir-birinə qarışdığı bir könül karvanıdır. Bu şeir nədənsə qəlbimdə daim unutmağa doğru gedən yolların izini əks etdirir. Bəlkə də, hər kəsin içində belə yollar var yeridikcə unudacağını sandığı, amma hər addımda daha çox xatırladığı yollar…

Neçə-neçə şair unutmaq mövzusunu qələmə alaraq sözləri ilə bəzədiyi ürək yanğısını tökmüşdür sətirlərə. Nazım Hikmət birbaşa “unutmaq asandırmı?” deyə soruşmur bəlkə də, amma misralarından sızan həqiqət budur: sevməkunudulmaqdan böyükdür. Onun şeirlərində yaddaş eşqlə möhürlənmiş bir qapıdır, örtülür, amma əsla kilidlənmir.

Attila İlhan “Mən səni sevməyə məcburam” deyəndə, əslində, unutmağın mümkün olmadığını sanki alın yazısı kimi qarşımıza qoyur. Məcburiyyət xatırlamanın tale ilə qurduğu dərin bir qohumluqdur. Çünki bəzi üzlər, bəzi şəhərlər, hətta bəzi axşamlar insanın içinə həkk olunur, silmək istəsən də, qələm yerindən tərpənmir, dil lal olur, sözlər sükuta dalır.

Camal Sürəyya isə “Unudursan” deyir, amma haqqında söz açdığı unutmaq dərdin, zaman keçdikcə yüngülləşməsindən başqa bir şey deyildir. Onun şeirlərində unutmaq köhnə bir fotoşəkilin solması kimidir, üzlər bəlkə də aydınlığını itirir, amma o baxışın qoyduğu ağrı zamana qarşı durur. Zamanın“ülgüc”ü qəlbimizi zədələmirmi, bizi bir az da həssas, bir az da dərin düşüncəli etmirmi?

Turqut Uyar “Göyə baxma dayanacağı”nda sevdiyini göyə çağırarkən əslində, Yer üzünün ağırlığını, dərdlərini, xatirələrinin yükünü bir anlığa unutdurmağa çalışır. Göyə baxmaq – yaddaşı yüngülləşdirməkdir, qəlbin yükünü buludlara ötürmək, ruhu qısa müddət də olsa, azad etməkdir.

Unutmaq yalnız bizə xas bir sarsıntı deyil, dünya ədəbiyyatında da əks olunur. Pablo Neruda, Poema 20 adlı şeirində “Bu gecə ən kədərli şeirləri yaza bilərəm” dedikdə, unutmağa çalışdığı bir eşqin kölgəsində dolaşır. Yazmaq onun üçün unutmaq deyil, xatırlamanın başqa bir formasıdır. Çünki bəzi eşqlər unudulmur, sadəcə, şeirə çevrilir, sözlərə sığınır. Başqa sözlə, itirilmiş bir eşqdən sonra yaranan varlıqla bağlı sarsıntını gecənin dərin sükutu və ulduzların melanxolik maviliyi ilə qarışdıraraq lirik bir dərinliklə ifadə edir. Mətn, “sevməkbir anlıq, unutmaq isə zamana dayanan daxili çözülmədir” fikri ətrafında qurularkən, mövzunun dili ziddiyyətli bir şüur halını üzə çıxarır sevgilinin yoxluğu ilə uzanan gecə duyğusal bir boşluq deyil, əksinə, xatirənin əks-sədası ilə dərinləşən bir məkan halına çevrilir. Şair, sevginin sona çatdığını iddia edərkən hələ də davam edən emosional bağlılıq arasında gedib-gələrək, ayrılığın varlıqla bağlı gərginliyini estetik bir ifadəyə çevirir.

Rayner Mariya Rilke isə dərdi səbirlə daşımağı tövsiyə edir. Ona görə, unutmaq bir tələskənlikdir, ruh isə tələsikliyi sevmir. Yaşadıqlarını yoğurur, ölçüsünü dəyişdirir, yetkinləşdirir. Deməli, unutmaq bəzən yarımçıq qalmış bir hekayədir, tamamlanmayan daxili yolçuluqdursözümə öz nümunələrimizlə məni çox təsirləndirən digər şair və şeirlərlə davam edirəm: Özdəmir Asəf… Şair Asəf Laviniaya müraciət edərkən deyir:“Adını gizləyəcəyəm / Sən də bilmə, Lavinia”. Amma bu gizlətmək, əslində,unutmaq deyil tam əksinə, saxlayaraq yaşatma halıdır. Unutmağa məhkum etdiyi eşqini sözlərlə yenidən canlandırır.

Yəhya Kamal Bəyatlı, Səssiz midə deyir: Bir çox gedənin hər biri məmnundur ki, yerindən, / Bir çox illər keçsə də, dönən yox səfərindən”. O bu sözlərlə bəlkə də, ən dərin unutma cəhdini ifadə edir. Gedənlərin dönməyəcəkləri gerçəyini qalanların qəbul etməsi, unutmağa çalışması halıdır bu. Amma bu,unudulan bir haldırmı? Kim bilir

Bəlkə unutmaq deyə bir şey yoxdur, sadəcə, xatırlamanın formasıdəyişir.

Bəzi dərdlərin vaxt keçdikcə adı dəyişilir ağrı, təcrübə, hekayə olur. Öisə dəyişmir. Bəzi üzlər qəlbimizin divarına asılmış bir tablo kimi yerində qalır, biz sadəcə, ona baxmamağı öyrənirik.

Unutmaq, ah… unutmaq…

Bəzən dərin bir qış yuxusudur unutmaq. Xatirələr qarın altında qalaraq bəyazbir səssizliyə gömülür. Bəzən də bir qum fırtınasının sovurduğu tozlarla üstləri örtülür. Amma bahar gələndə azacıq hərarətlə yenidən dirçəlirlər. Bir mahnı, bir qoxu, bir küçə adı… Və insan sanki unutduğu nəsnə ilə bir anda üz-üzə gəlir.

Unutmaq insanın özünü qoruma üsuludur.
Amma xatırlamaqinsanın insan olaraq qalma yoludur.

ən nəhayət, anlayarıq ki:

Unutmaq heç silmək deyil.

Unutmaq şəklini dəyişdirməkdir.

Çünki həqiqi unudulma qəlbin heç hiss etməməsidir.
Amma biz… xatırladıqca yanır, yandıqca dərinləşir, dərinləşdikcə yetkinləşirik.

Quğulu Parkın sakit sularında üzən quğuların daimi incəliyini arxada qoyub, içimdə baş qaldıran xəfif ürpəri ilə Qızılaya tərəf getməyə başladım. Sanki şəhərmənimlə birlikdə eyni mahnını oxuyur, üsulluca qəlbimin ritminə qoşulurdu. Tunalı Hilmi küçəsi boyunca düzülən vitrinlərdəki işıqlar baharın ilk axşamınaçökmüş o incə, zərif kədəri aydınladarkən, səkilərdə axan izdihamın üzündə başqabir hekayənin kölgəsi titrəyirdi. Maşınların gurultusu, siqnal səslərinə qarışantələsik addımların ritmi sehrli bir simfoniya əmələ gətirərkən, mən bu səsləriniçində öz daxili səsimə qulaq verirdim.

İrəlidə,çənin kəsişdiyi yerdə simit qoxusunun verdiyi hərarət bir az irəlidə qəhvə stəkanlarını ikiəlli tutan gənclərin ürəkdən gələn qəhqəhələri qarışdı.Şəhər mənə eyni vaxtda həm artımın, həm azalmanın, həm insan gurluğunun, həm də dərin bir yalnızlığa çəkilməyin nə demək olduğunu pıçıldayırdı. Yol uzandıqca baharın bu ilk axşamı bir az da qaranlıqlaşdı, işıqlar artdı, mən isə izdihamın içində itib-batmadan yeridiyimi düşünsəm də, əslində içimin ən səssiz, ən tənha küçəsində dolaşdığımı bilirdim. Qulaqlıqlarımdan özünün ən dərin arabesk titrəyişləriylə “Alışdım sənə, birdənəm” mahnısı ürəyimə sızarkən, baharın ilk günlərinə xas olan coşqun ruh damarlarımda zərif, amma çox güclü bir sevinc olaraq dolaşdı. Mən daha qətiyyətli addımlarla yeriməyə başladım, sanki hər addımda daha çox həyata qarışır, daha çox özümə yaxınlaşırdım… Və nəhayət, işığı, səsi və bütün ahəngdarlığı ilə Qızılayın məni cəlb edən o əyləncəli qələbəliyinə həm yox olmaq, həm də yenidən var olmaq istəyirmiş kimi qarışdım.

Fərqinə varmadan addımlarımı musiqinin ritminə uyğunlaşdırır, nəqaratı isə ürəyimin dərinliyindən gələn səsimlə Səlami Şahinə qoşularaq oxuyurdum.

Alışmaq sevməkdən daha çətindir,

Alışmaq bir yara bağrım qanayır.

Sən yoxsan, qollarım boşluğu qucur,

Alışdım, bir dənəm, alışdım sənə...

Tərcümə və təqdim edəni: Zeynəb Əliqızı

zeyneb
 
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!