15 Aprel 2026 / 10:35

Xatun Gülümsər Öyütçü-“NİFRƏT”-TÜRKİYƏDƏN SORAQLAR

Xatun Gülümsər Öyütçü -“Nifrət” 

(hekayə)

– İzmirə gəlmişəm, səni ziyarət etmək istəyirəm, darıxmışam səndən ötrü, Səlma, – dedi.

Çoxdandır bir-birimizi görmürdük. Ən yaxın universitet dostum idi. Yaxşı yola gedirdik. O, Samsundan, mən isə İzmirdən gəlmişdim və yataqxanada bir otaqda qalırdıq, çarpayılarımız da yaxın idi. Səlmanın yaxşı fala baxmağı vardı, maddi çətinlik çəkdiyini hiss etdiyimdən ona da qəhvəni mən alırdım. Çox vaxt gecələr qəhvə içə-içə söhbət edir, gündəlik həyatımızı, problemlərimizi, xəyallarımızı bölüşürdük.

Məzun olandan sonra yollarımız ayrıldı və bir-birimizlə əlaqəmiz kəsildi. Məktubları əvəz edən internetdəki bir paylaşım sayəsində bir-birimizi taparaq yalnız iyirmi ildən sonra yazışmağa başladıq.

Universitet illərində ailəsindən heç danışmamışdı, ara-sıra narahat əhvali-ruhiyyəsindən ailəsiylə bağlı bir problemi olduğunu hiss edirdim, amma özü bir şey deməmiş soruşa bilmirdim. Telefonda belə demişdi: “Özünü çox da yorma, sadəcə bir çay bəs edər”. Amma mən əlavə olaraq Səlmanın çox sevdiyi şokoladlı keks də hazırladım. O, şokoladlı keksi sevirdi, ailəsindən pul gələndə şokolad alıb mənimlə bölüşürdü.

Aradan iyirmi il keçmişdi. Həyəcanlı idim. Səlmanı necə tapacaqdım?.. Qapını açanda təəccübləndim – Səlma universitet illərindəki Səlmadan çox fərqli idi. Qucaqlaşdıq.

– Heç dəyişməmisən, Səlma, – dedim.

– Sən də, – Səlma bunu deyərkən həqiqəti deyə bilmədiyim üçün özümü narahat hiss edirdim.

Səlma məyusdu, hamının həsəd apardığı uzun, qara, gur saçlarını qısa kəsdirmişdi, üzü solğundu, dodaqları düz xətt kimiydi, baxışları donuqdu, yorğun görünürdü.

– Yaxşı ki, gəldin, xeyli vaxtdır görüşmürdük, darıxmışdıq, oturub söhbət edərik, – dedim.

– Səninlə danışmalıyam, çətin bir dönəmdəyəm, səninlə dərdləşməliyəm, Aytən, – o, dərdli-dərdli dedi.

Dostumu dinləməli idim, doğrudan da, yaxşı görünmürdü. Çayımızı içməyə başladıq.

– Əziz dostum, şokoladı sevdiyimi unutmamısan, sağ ol, – dedi. Səsindəki kövrəklik məni də təsirləndirdi, Səlmanı səmimiyyətlə bağrıma basdım.

– Aytən, əziz dostum, heç bir şey mənə zövq vermir, adamlardan qaçmağa başlamışam. Gör nə vəziyyətə düşmüşük, heç kim heç kimin üzünə baxmaq istəmir, hər kəs bir-birinin qüsurlarını, səhvlərini tapmağa çalışır. İş yerlərində bir-birini necə yıxacaqlarını düşünərək arxada intriqalar aparırlar. İnsanlar danışmırlar. Jestlərlə (emojilərlə) ünsiyyət qurur, hisslərini məhz bu cür ifadə edir, ədəbsiz danışırlar.

– Səlma, müsbət düşünməyə çalış, artıq dövr əvvəlki kimi deyil, dəyişib, – deyirəm. Etiraz edir.

– Aytən, gənclərə baxsana, öz aralarında arqo sözlərlə danışır, hörmətsiz zarafatlar edir, siqaretə, spirtli içkiyə aludə olurlar. Hörmət-izzət qalmayıb, dözümlülük yoxdur, sevgi tükənib.

– Səlma, belə bədbin olma, yaxşı, anlayışlı, hörmətli insanlar da var, hadisələrə bir bu yandan da bax, – deyirəm və peşman oluram.

– Aytən! – deyə əlini çaya uzadarkən göz yaşları yanağını isladır, salfet götürür, əli titrəyir, mən kədərlə ona baxa-baxa qalıram… – Həyatım heç vaxt asan olmayıb. Yoxsulluq içində böyüdüm, atam bir fabrikdə çayçı işləyirdi, o vaxtlar az-çox dolana bilirdik. Amma atamı işdən çıxardılar, uzun müddət işsiz qaldı. Sonra kağız toplamağa başladı, amma təəssüf ki, bu uzun sürmədi. Atamı küçəni keçərkən bir taksi vurdu. Atamı itirdik, taksi sürücüsü bir neçə ay yatıb çıxdı, qırmızı işıqda keçdiyi halda həbsdən buraxıldı. Təzminat belə ödəmədi. Ədalətə nifrət etdim, insan həyatının bu qədər ucuz olduğu ölkədə…

Anam təmizlik işinə getməyə başladı, məni də evdə tək qalmayım deyə özüylə aparırdı. Getdiyimiz evlərin xanımlarına nifrət etdim, anama olan davranışlarına, yuxarıdan aşağı baxdıqlarına görə. Yanacaq tapa bilmədiyimizdən soyuqda yatmalı olduğumuz üçün qış gecələrinə nifrət etdim, çimə bilmədiyim üçün dostlarımın “səndən pis iy gəlir” deyə məni ələ salmalarına nifrət etdim. İş həyatımda müdir olmağı xəyal edən həmkarlarımın qulağıma çatan dedi-qodularına nifrət etdim. Məni aldadan ərimə, yeganə oğlumu heroinə alışdıran dostlarına, cəmiyyəti pozan, ədalətin işləmədiyi, oğruların, dələduzların sərbəst gəzib-dolaşmasına mane olmayan bu sistemə nifrət etdim.

Səlma danışdıqca danışır, ara-sıra axan göz yaşlarını silir, elə məsum, elə zavallı görünürdü ki, ağlayacağımı görməsin deyə “çayları təzələyim” deyib ayağa qalxdım.

– Aytən, mən buraya oğlumu görməyə gəlmişəm, ciyərparam hazırda həbsdədir, ürəyim yanır, bu həyatda mənim yeganə dayağım olan oğlum məndən uzaqdadır. Nə yeyir, nə içir, görəsən?

Soruşdum:

– Bəs sənin universitetdə ​​oxumağına kim kömək etdi? Maddi vəziyyətiniz yaxşı deyilmiş.

– Dayımın uşağı olmadığı üçün anam məni ona övladlığa verdi. İmkanı yaxşıydı, beləcə oxuya bildim.

– Bax, həyatında gözəl şeylər də olub, dayının sayəsində oxuyub peşə əldə etmisən. Nifrət duyğusu ilə heç bir yerə çata bilməzsən. Həyatda hər kəs çətinliklərlə üzləşir, əsas odur ki, mübarizə aparasan və güclü olasan.

Səlmanın mənə yönələn baxışlarından sanki “sən xoşbəxtsən” sözlərini sezdim, qısqanclıqdan doğan üz ifadəsini hiss etdim. Ona öz sıxıntılarımdan söz açmalıydımmı, bilmədim, hər halda, danışmaq istərdim.

Həyat mübarizədir, xoşbəxt anlar yaşadığımız kimi, çətinliklərlə də qarşılaşa bilirik. Heç gözləmədiyimiz bir anda fəlakət bizi tapırdı, belə məqamlarda nifrət etmək, lənət oxumaq əvəzinə güclü olmaq, problemi həll etmək lazım idi.

– Səlma, mənim də sıxıntılarım var, mübarizə aparıram. Ərimdən ailəsinə görə ayrıldım, onsuz da evlənəndə məni gəlinləri kimi istəmirdilər, xərçəngim var. Uzun müddətdir kimyaterapiya alıram, amma buna baxmayaraq, həyatdan əlimi üzmürəm. Bu yaxınlarda dostlarımızla səyahətə çıxacağıq, istərsən, sən də gəl.

Ayağa qalxdı, üzü mənə baxaraq sanki “Sən mənə ağıl verirsən?” deyirdi.

– Getməliyəm, – qətiyyətlə dedi. Qucaqlaşıb ayrıldıq. Ayrılarkən ona kömək edə bilmədiyim üçün kədərlənmişdim…

Tərcümə və təqdim edəni: Zeynəb Əliqızı

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!