Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu günlərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında çalışmış, Ordubadda YAP-ın formalaşmasında xüsusi rol oynayan Mehrac Əliyevin haqqında yazıçı-publisist Nazilə Rafiqin yazdığı “Mənalı və şərəfli ömürdən səhifələr” kitabının təqdimatı keçirildi.
Xatırladıram ki, dəyərli qələm sahibi, “Respublika Gəncləri” qəzetinin və “Gənclik news” jurnalının baş redaktoru, “Qızıl qələm” mükafatçısı Nazilə Rafiqin “Mənalı və şərəfli ömürdən səhifələr” kitabı xüsusilə diqqəti cəlb edir. Kitab 1990-cı illərin əvvələrində, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən, siyasi mübarizənin önündə dayanan, Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında çalışmış, Yeni Azərbaycan Partiyasının Ordubad rayonunda formalaşmasında mühüm rol oynamış, Ordubad Raryon İcra hakimiyyətinin başçısı işləmiş, dəyərli ziyalı Mehrac Əliyevə həsr olunub.
Məlumat üçün qeyd edək ki, aprelin 10-da Bakı Mühəndislik Universitetində (BMU) Milli Məclisin Elm və Təhsil Komitəsi ilə birgə xalqımızın Ümumimilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib. Bu tədbirdə Nazilə Rafiqin Mehrac Əliyevə həsr etdiyi “Mənalı və şərəfli ömürdən səhifələr” adlı kitabının təqdimatı da baş tutub.
BMU-nun rektoru Yaqub Piriyev öz çıxışında müstəqil dövlətçiliyimizin memarı, milli ideologiyanın və ölkənin hərtərəfli inkişaf strategiyasının banisi, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı danışmaqlı yanaşı eləcə də kitab haqqında fikirlərini də bölüşüb: “Mənalı və şərəfli ömürdən səhifələr” kitabının təqdimatı təsadüfi xarakter daşımır. Kitabda haqqında bəhs edilən Mehrac Əliyev dövlətə və ulu öndərə sadiqliyi ilə seçilən dəyərli ziyalımız olub. 1990-cı illərin əvvəllərində Ordubadın ictimai-siyasi həyatında çox önəmli rol oynayıb. Kitab bu cəhətdən çox təqdirəlayiqdir”.
Milli Məclisin Elm və təhsil Komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü İmran Əliyev, Milli Məclisin deputatları -Vüqar Rəhimzadə, Elçin Mirzəbəyli, BMU-nun professoru Şikar Qasımov və digərləri öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, müstəqil dövlət quruculuğunun formalaşdırılmasında və milli inkişaf strategiyasının müəyyənləşdirilməsində misilsiz xidmətlərindən bəhs etməklə bərabər, Mehrac Əliyevin də dövlətçiliyimizə göstərdiyi xidmətlərindən danışdılar. Qeyd olundu ki, Mehrac Əliyev ictimai-siyasi fəaliyyəti ilə həmişə dövlətçilik prinsiplərinə sadiq olub: “Mehrac Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunun müdafiəçisi kimi 1990-cı illərin əvvəllərində mühüm xidmətlər göstərib. Ona edilən hücumlara, yaralanmasına belə baxmayaraq, öz yolundan dönməyib ki, bunlar da kitabda öz əksini tapıb”.
Daha sonra Mehrac Əliyevin bölgənin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi işlər, bundan əlavə, uzun illər müəllim kimi, çalışarkən gənc nəslin yetişməsinə verdiyi töhfələr, müxtəlif nazirliklərdəki səmərəli fəaliyyəti diqqətə çatdırılıb.
Sonda əsərin qəhrəmanı Mehrac Əliyev ona göstərilən yüksək diqətə və ehtirama görə tədbir iştirakçılarına dərin minnətdarlığını bildirib. O,Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, onunla görüşlərinin həyat və fəaliyyətində xüsusi yer tutduğunu vurğulayıb. Gənc nəslə dəyərli tövsiyyələrini çatdıran Mehrac Əliyev, onları milli-mənəvi dəyərlərə sadiq qalmağa, vətənə və xalqa xidmət etməyi əsas məqsəd kimi müəyyənləşdirməyə çağırıb.

Elçin MƏMMƏDLİ