Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəzər dənizinin nəhəng külək enerjisi potensialından istifadə edilərək “yaşıl enerji”nin Avropaya ixracı (Yaşıl Enerji Dəhlizi vasitəsilə – red.) ilə bağlı təhlillər yekunlaşmaq üzrədir.
Bunu Tezadlar.az-a açıqlamasında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.
“Yaxın vaxtlarda bu barədə məlumatlar təqdim ediləcək. Qeyd etmək istərdim ki, ilkin nəticələr layihənin kifayət qədər iqtisadi cəhətdən maraqlı olduğunu göstərir”, – o vurğulayıb.
Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında 1 195 km uzunluğunda “Black Sea Energy” sualtı elektrik kabelinin çəkilməsi üzrə strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Bolqarıstan 2023-cü ilin iyun ayında layihəyə qoşulmaq niyyətində olduğunu açıqlayıb.
2024-cü ilin mayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji operatorları “Black Sea Energy” layihəsinin həyata keçirilməsi çərçivəsində birgə müəssisənin yaradılması haqqında memorandum imzalayıb. Sentyabrda dörd ölkənin enerji operatorları – “AzərEnerji” ASC, “Transelectrica SA”, “Gürcüstan Dövlət Elektrosistemi” və MVM arasında bu layihəni həyata keçirəcək “Green Energy Corridor” birgə müəssisəsinin təsis edilməsi haqqında səhmdar müqaviləsi imzalanıb.
Birgə müəssisənin təsisçi tərəfdaşları “Transelectrica (Rumıniya), “Georgian State Electrosystem” (Gürcüstan), “AzərEnerji” (Azərbaycan) və “MVM Energy” (Macarıstan) şirkətləridir.
İlkin mərhələdə kabel 4 QVt “yaşıl enerji”nin ixracı üçün nəzərdə tutulacaq.
“Qara dəniz enerji kabeli”nin tikintisi 3,5 milyard avro dəyərində qiymətləndirilir və 3-4 il çəkəcək. Avropa Komissiyası layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.