Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, dünən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tariximizin ən ağrılı səhifələrindən biri olan repressiya qurbanlarına həsr olunmuş “Kod adı: V.X.A” (Vətən Xainlərinin Arvadları) tamaşası növbəti dəfə tamaşaçılara təqdim edilib.
Tamaşa 1930-cu illərin repressiya dalğasının gətirdiyi faciələri, sürgün həyatını və “Vətən xaini” damğası vurulmuş şəxslərin ailələrinin, xüsusilə də qadınların çəkdiyi iztirabları əks etdirir. Səhnə əsəri həm sənədli faktlara əsaslanması, həm də yüksək bədii tərtibatı ilə izləyicilərə duyğulu anlar yaşadıb.
Gərgin emosional atmosferdə keçən tamaşada Azərbaycan teatr və kino sənətinin tanınmış simaları çıxış edib. Aktyorların ustalığı və obrazları dərindən hiss etdirməsi tamaşanın təsir gücünü daha da artırıb. Səhnə əsərində əsas rolları ifa edənlər arasında: Asya Atakişiyeva, Aygün Fətullayeva, Kəmalə Müzəffər, Elnur Hüseynov, Aydan Həsənzadə və teatrın digər peşəkar heyəti yer alıb.
Tamaşa bitdikdən sonra izləyicilər aktyorları ayaq üstə alqışlayıblar. Qeyd edək ki, “Kod adı: V.X.A” tamaşası təkcə bir bədii nümunə deyil, həm də tariximizin unudulmaması üçün böyük ictimai və mənəvi əhəmiyyət daşıyan bir layihədir.
Teatrın repertuarında xüsusi yer tutan bu səhnə əsəri, xalqımızın keçmişinə ehtiram və azadlıq naminə canından keçənlərin xatirəsinə hörmət rəmzi kimi böyük maraq görməkdə davam edir.
Səbinə Bağırova




